Məhkəmə qərarları › İş №2(103)-8541/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8541/2021

26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8541/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2010-cu il tarixli qətnaməsi əsasında pozulduğunu və cavabdehdən birgə nikahlarından doğulmuş 24.02.2008-ci il təvəllüdlü X1 üçün hər ay 80 manat aliment tutulduğunu, həmin məhkəmənin 12.04.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləğinin 154 manata artırıldığını, hazırda sözügedən aliment məbləğinin uşağın tələbatlarını ödəməyə kifayət etmədiyini bildirmiş, buna görə də cavabdehdən tutulmalı olan alimentin miqdarının artırılaraq (dəyişdirilərək) hər ay 175 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin Ailə Məcəlləsinin 112-ci maddəsini düzgün tətbiq etmədiyi, maddi vəziyyətini, işləmədiyini, anasının pensiyası ilə dolandığını, ikinci nikahından 12.07.2019-cu il təvəllüdlü uşağının olmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, tərəflər 10.04.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 24.02.2008-ci il tarixdə Həbibə adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.01.2010-cu il tarixli qətnaməsi əsasında nikahları pozulmuş, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 80 manat alimentin tutulması qət olunmuş, həmin məhkəmənin 12.04.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 154 manata artırılmışdır. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Nərimanov Rayon Məhkəməsi 12.04.2018-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 154 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və uşağın tələbatlarının həcmini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmışdır, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin uzun müddət ərzində yüksək olmayan aliment öhdəliyi daşımış olmasını əsas götürərək ədalətli nəticəyə gəlmişdir. Apellyatorun, işləmədiyi və ikinci nikahından azyaşlı uşağının olması dəlillərinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2548/2021 saylı iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar