Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8545/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” 2(010)-2705/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 tərəfindən edilən maneələrin aradan qaldırılmasına, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi 12 ünvanında onların mülkiyyətində olan 0,0834 ha torpaq sahəsi ilə onun yaşadığı evin həyətyanı torpaq sahəsinin arasında uzunluğu 65,7 metr təşkil edən sərhəd hasarının inşasına cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Onun yaşadığı ev fərdi yaşayış evidir. Həmin torpaq sahəsini o, 1996-cı ildə pul verib almış və orada ev tikmiş, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır. İş üzrə cavabdehlər onun qardaşının arvadı və uşaqlarıdır. Cavabdehlər onun həm də qonşusudur. Lakin onların arasında olan münasibətlər pozulmuşdur. Belə ki, qardaşı Mehti ilə aralarında olan 65,7 metr təşkil edən sərhəd hasarının inşa edilməsi ilə bağlı maneələrin arada qaldırılması tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Lakin, qardaşı vəfat etdiyindən onun uşaqları və arvadı hal-hazırda sərhəd hasarını çəkməkdən imtina edirlər. Belə olan halda o, məcburiyyət qarşısında qalıb həmin hasarı özü çəkmək istəyir. Artıq uzun illərdir ki, torpaq sahəsinə o sahiblik edir, oradan fasiləsiz və etirazsız istifadə edir. Hal-hazırda o, öz torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin bunun üçün torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmalıdır. Cavabdehlər mərzçəkmə işlərinin aparılmasından ötrü ona aralarında olan sərhəd hasarının çəkilməsinə maneçilik törədirlər, ona sərhəd hasarını çəkməyə qoymurlar. Belə olan halda məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının qonşularıdır, onlar aralarında olan daş hasarın çəkilməsinə maneçilik törədirlər. Məhkəmə əsassız olaraq qətnamədə qeyd edir ki, ünvan 2 ünvanda yerləşən 0,0834 ha torpaq sahəsi X1 mülkiyyətindədir, cavabdehlərin isə mülkiyyətində deyil, istifadəsindədir. Mehti Allahverdiyev vəfat etsə də, cavabdehlər onun vərəsələridir, onun vəfatından sonra torpaq sahəsinə ailə üzvləri sahiblik edirlər. Apellyasiya baxışı zamanı İddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, cavabdehlər onun mərhum qardaşı Mehti Allahverdiyevin övladları və həyat yoldaşıdır. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmasa da, həm öz sahəsini, həm də hazırda cavabdehlərin istifadəsində olan sahəni öz qazancı ilə almışdır. Sonradan onlar arasında münasibətlər pozulmuşdur, hazırda cavabdehlər hasarın çəkilməsində ona maneəçilik yaradırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Nihat Allahverdili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh4 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı hasar çəkmək istədiyi torpaq sahəsi nə İddiaçı, nə də cavabdehlərin xüsusi mülkiyyətində deyil. Həmin torpaq sahəsi üzərində yerləşən qanuni (texniki pasporta əsasən tikilmiş) tikililər, eləcə də torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi mərhum X1 mülkiyyətində olmuş, onun ölümündən sonra hazırkı tarixədək həmin ev, digər tikili və torpaq sahəsindən mərhumun arvadı və uşaqları olan cavabdehlər istifadə etmiş, həmin evdə yaşamışlar. İddiaçının hasar çəkmək istədiyi torpaq sahəsi cavabdehlərin istifadəsindədir. Bu torpaq sahəsindən hasarla ayrılmış qonşu sahədə iddiaçının evinin tikildiyi və hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi yerləşir. Cavabdehlərin istifadəsində olan torpaq sahəsinin tərəflərdən heç birinin mülkiyyətində olmadığını yerində məhkəmə baxışında iştirak edən tərəflər bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətində olmasını, hazırki iddianı vermək üçün subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Hazırkı halda isə, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(010)- 2705/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8545/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8545/2021
14.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver