Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-855/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X3 və X2 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı “xxxxxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “İddiaçı” ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “İddiaçı” ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “İddiaçı” ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Banka 8636,34 manat əsas, 518,64 manat faiz və 292,24 manat cərimə olmaqla, cəmi 9447,22 manat, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Banka 37037,42 ABŞ dolları əsas, 12512,81 ABŞ dolları faiz və 696,86 ABŞ dolları cərimə olmaqla, cəmi 50247,09 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “İddiaçı” ASC tərəfindən illik 22 %-lə 24 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 65000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “İddiaçı” ASC tərəfindən illik 20 %-lə 24 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evi xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2017-ci il tarixə Cavabdeh1 xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 8636.34 manat əsas, 518.64 manat faiz və 292.24 manat cərimə, olmaqla, cəmi 9447.22 manat borcu var. xx xxxxxx 2017-ci il tarixə Cavabdeh1 xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 37037.42 ABŞ dolları əsas, 2512.81 ABŞ dolları faiz və 696.86 ABŞ dolları cərimə olmaqla, cəmi 50247.09 ABŞ dolları borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Zamin kreditor “İddiaçı” ASC-nin qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracdan satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixinə 7435,21 manat əsas borcun, 296,38 manat faiz borcunun, 30 manat məbləğində cərimənin, cəmi 7761,59 manat məbləğində kredit borcunun, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən xx xxxx 2018-ci il tarixinə 37037,42 ABŞ dolları əsas borcun, 12512,81 ABŞ dolları faiz borcunun, 70 ABŞ dolları cərimənin, cəmi 49620,23 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh1 tutularaq iddiaçı “İddiaçı” ASC-yə ödənilməsi, “İddiaçı” ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsinin “İddiaçı” ASC-yə aid edilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 252000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “İddiaçı” ASCyə olan borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin fərdi yaşayış evini tərk etməklə evin boşaldılması, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 345 manatın 300 manat hissəsinin Cavabdeh1, 45 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, “X5” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 manatın 100 manat hissəsinin Cavabdeh1, 50 manat hissəsinin iddiaçıdan tutularaq “X5” MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə tərəfindən müəyyən olunmuş əmlakın ilkin satış qiyməti ilə razı deyillər, hesab edirlər ki, qoyulmuş qiymət real bazar qiymətlərindən xeyli artıq qiymətləndirilmişdir. İşin materialındakı xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən sözügedən əmlak 100.000 manata qiymətləndirilmişdir. Halbuki, 7 ildən çox müddətdən sonra hazırki bazar qiymətlərini nəzərə alaraq, daşınmaz əmlak bazarında qiymətlər dəyişmiş və xeyli aşağı düşmüşdür. Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır: Öhdəliklərini icra etməməyinin səbəbi respublikada baş vermiş iqtisadi problemlərlə bağlıdır.Manatın ucuzlaşması öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. Buna görə də tutma ona məxsus yeganə yaşayış yeri olan mənzilə yönəldilə bilməz. Çünki o öhdəliyin icrasından qəsdən yayınmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçı” ASC-nin nümayəndəsi X4 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apelyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, əmlakın yerləşdiyi yer düzgün müəyyənləşdirilməmiş, səhv əraziyə uyğun qiymətlərə əsasən nəticəyə gəlinmişdir. Cavabdehə məxsus olan ev sürüşmə zonasında yerlədiyi halda, ekspert həmin əmlakı Badamdar qəsəbəsində yerləşən əmlaklarla müqayisə edərək qiymət qoymuşdur. Həmin ərazidə əmlakın qiyməti 130 000-160 000 manat aralığındadır. İptoeka müqaviləsində əmlakın dəyəri 100.000 manat müəyyən edilmişdi. İpoteka müqaviləsi bağlanandan sonra əmlakın dəyərində sıçrayışlı artım qeydə alınmadığı təqdirdə əmlakın dəyərinin bir neçə dəfə artması inandırıcı deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apelyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, borc məbləğini mübahisələndirmir, borcunun olduğunu etiraf edir. Sadəcə imkanı aşağı düşdüyü üçün ödəniş edə bilməmişdir. Ekspertlər əmlakın yerləşdiyi ərazini Badamdar ərazisi kimi götürmüşlər, çünki əmlakı orada yerləşən başqa bir evlər ilə müqayisə edib qiymət qoymaq olmazdı. Ona görə Badamdardakı evlərə uyğun qiymət qoyulmuşdur. Girova qoyulanda ev başqa ev idi, hazırda evi artırmış və yüksək səviyyədə təmir etmişdir. Əmlakın sahəsini artıraraq 230 kv.m. etmişdir. Əmlak ipoteka ilə yüklü ollduğu üçün daha sonra artırmaları rəsmiləşdirmək mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli Kredit müqavilələri ilə Cavabdeh1 müvafiq olaraq 24 ay müddətinə, illik 22 faiz hesablanmaqla 65000 manat məbləğində və 24 ay müddətinə, illik 20 faiz hesablanmaqla 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evi verilmiş kredit məbləğinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə həmin ipoteka müqaviləsinə əlavə razılıq bağlanmışdır. İşə məhkəmədə baxılan zaman əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza keçirilmiş və “X6” MMC təəfindən verilmiş rəydən görünür ki, qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 252000 manat məbləğindədir. Mübahisə ilə bağlı dəyərləndirmə: İddiaçı qətnaməni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirir. Cavabdeh1 isə borc məbləğini mübahisələndirməmiş, lakin tutmanın yeganə yaşayış yeri olan mənzilinə yönəldilməməsini, borcunu ödəyəcəyini, buna görə də qətnamənin ləğvini xahiş etmişdir. İddiaçının tələbi ilə bağlı qiymətləndirmə: İşə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə qiymətləndirmə ekspertizası təyin etmiş, “X6” MMC-nin, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/M23-427/19 saylı, xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri həmin tarixə 252 000 manat məbləğində müəyyən olunmuşdur. Qiymətləndirmə rəyində ziddiyyətlər olduğu üçün təkrar qiymətləndirmə keçirilmişdir. Beləki, “X6” MMC-nin rəyində ev Badamdar qəsəbəsində yerləşən evlərin bazar dəyəri ilə müqayisə olunmaqla orta bazar dəyəri müəyyən edilmişdir. Bu halı cavabdeh özü də etiraf etmişdir. İpoteka müqaviləsində evin dəyəri 100.000 manat qiymətləndirilmişdir. Cavabdeh ipoteka müqaviləsi bağlandıqdan sonra evi təmir etməsi, əlavə artırma aparılması səbəbindən qiymətin artdığını bildirmişdir. Əslində evin başqa ünvanda yerləşən evlərlə, o cümlədən qiymətlərin baha olduğu Badamdar qəsəbəsində yerləşən evlərlə müqayisə etməklə orta bazar qiymətini çıxarmaq düzgün olmamışdır. Evin dəyəri həmin ərazidə yerləşən evlərin, və yaxud buna oxşar ərazidə olan evlərin dəyəri ilə müqayisə olunmalıdır. Eyni zamanda ipoteka müqaviləsi bağlanarkən evin dəyəri 100.000 manat olduğu halda keçən müddətdə qiymətin belə kəskin artmasını şətləndirən hallar barədə məlumatlar aydın deyil. Məhkəmə kollegiyası qiymətləndirmə ekspertizası keçirmiş və “xxx” MMC tərəfindən verilmiş rəylə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evinin bazar qiyməti 200 000 manatdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti sonuncu rəydə nəzərdə tutulan məbləğdə müəyyən edilməlidir. Cavabdehin tələbi ilə bağlı qiymətləndirmə: Cavabdeh borc məbləğini mübahisələndirməmiş, borcunu ödəyəcəyini və mənzildə çıxarılmalı olmamaları ilə bağlı qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi işin mübahisəsiz və təsdiq olunmuş halı olduğu üçün borc məcburi qaydada tutulmalıdır. Həmçinin, işə baxan məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması ilə bağlı düzgün dəyərləndirmə aparmışdır. Belə ki, “İpoteka haqqında” qanunun 59-cu maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin qanunun 59.4. maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Hazırkı iş üzrə cavabdehin yaşayış sahəsi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Bu halda yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən cavabdehin və digər şəxslərin həmin əmlakdan çıxarılmaları və oranın boşaldılması tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3. maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Bankın apelyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 200 000 (iki yüz min) manat məbləğində müəyyən edilsin. Cavabdehin apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-855/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-855/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver