Məhkəmə qərarları › İş №2(103)-855/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-855/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-855/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)-6778/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3.102,68 manat əsas, 2.095,32 manat cərimə, müqavilənin bitdiyı tarixdən 15 iyul 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 952,88 manat borc, ümumilikdə 6.150,88 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2011-ci il tarixli 201CNOD130010359 saylı Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 18% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə aid edilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası ”nın 6.16 bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır”. Həmin tarixə kimi də vətəndaş müraciət etməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)-6778/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 19 may 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 474,95 (dörd yüz yetmiş dörd manat, doxsan beş qəpik) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə, 132,96 (bir yüz otuz iki manat, doxsan altı qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği olmaqla, cəmi 657,91 (altı yüz əlli yeddi manat, doxsan bir qəpik) məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 3 (üç) manatının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MM-467-ci maddəsinə istinad etsə də, onun ikinci hissəsini – “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, cərimənin 50 manat müəyyən edilməsi 2095.32 manat cərimə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cərimənin həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Bundan əlavə, məhkəmə cərimə borcunun həcmini əhəmiyyətli azaldarkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci maddəsini nəzərə almamışdır. Maddəyə əsasən, “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Bu şərt isə cavabdehlə bağlanmış kredit müqavilələrində öz əksini tapmışdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə mənfəət vergisi, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı dəbbə pulunun həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Məhkəmənin istinad etdiyi 04.02.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi həqiqəti əks etdirmir. Ekspert tərəfindən hesablama aparılan zaman bankın təqdim etdiyi “hesabdan çıxarış”da əks olunan əməliyyatlar üzrə hesablamalar düzgün aparılmayıb. Belə ki, əmək haqqı kartından 25.07.2011-ci il tarixində silinmiş 380 manatın 22.08.2011-ci il tarixində geri qaytarılmasını, 24.10.2011-ci il tarixində silinmiş 100 manatın 10.11.2011-ci il tarixində geri qaytarılmasını, 22.05.2012-ci il tarixində silinmiş 350 manatın təkrar hesablayaraq, yəni 700 manat əsas məbləğdən azaldılmasını, 23.09.2013-cü il tarixində silinmiş 285 manatın geri qaytarılaraq təkrarən 27.09.2013-ci il tarixində yenidən yalnız əsas məbləğdən azaldaraq yalnış hesablama aparmışdır. Bu səbəbdən borcun hesablanmasında uyğunsuzluq yaranmış, nəticədə hesablamada kobud səhvlərə yol verilərək Bankın tələbi əsassız olaraq azaldılmışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “iddianın təmin edilməmiş borc məbləği hissəsində” yoxlanılması təşkil edir. Qətnamə digər hissələrdə mübahisələndirmir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2011-ci il tarixli kredit müqaviləsi və ödəniş cədvəlinə əsasən, bank (kreditor) sonuncuya (borc alan) illik 18% hesablanmaqla 36 ay müddətinə 10.000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanan faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlərin hesablanmaqla ümumi məbləğin 0,1% miqdarında borcverənə dəbbə pulu ödəməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış 19 may 2011-ci il tarixli zaminlik müqaviləsi ilə zamin 19 may 2011-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. 17 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 15 iyul 2020-ci il tarixinə əsas məbləğ üzrə 3102.68 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 2095.32 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 952.88 manat, ümumilikdə isə 6150.88 manat məbləğində borcu vardır. Tərəflər arasında olan əvvəlki məhkəmə çəkişməsi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(001)- 411/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 19 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 474,95 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 504,95 manatın ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(103)- 7345/2019 nömrəli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(001)-411/2019 saylı qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyünə görə iddia tələbi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə əsas borcun məbləği ilə bağlı əvvəlki iş üzrə keçirilmiş ekspert rəyini əsas götürərək hesab etmişdir ki, cavabdehdən 474,95 manat məbləğində əsas borc və 132,96 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği (474,95 manatın bir il üçün 5% = 23,74 manat, 1 gün üçün 0,06 qəpik (23,74 / 365 gün); 0,06 x 2.216 (gecikdirilmiş gün sayı) = 132,96) iddiaçının xeyrinə tutulmalıdır. Kredit müqaviləsi üzrə kredit öhdəliyinin icrası vaxtı 19 may 2014-cü il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürmədiyindən, zaminliyə xitam verildiyinə görə zaminə qarşı yönəlmiş iddia tələbi də təmin edilməməlidir. Hazırki iş üzrə isə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertiza nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli, 9/308 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 19 may 2011-ci il tarixli, 201CNOD130010359 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə borcu aşağıdakı kimi müəyyən edilir: 19.05.2014-cü il tarixə (öhdəliklərin icrasının sonuna): əsas borc üzrə 4141.02 manat, faiz borcu üzrə 24.85 manat, 15.07.2020-ci il tarixə (maliyyə arayışı verilən tarix): əsas borc üzrə 373.69 manat, faiz borcu üzrə 93.79 manat və 04.10.2021-ci il tarixə (qətnamə qəbul edilən tarix): əsas borc üzrə 373.69 manat, faiz borcu üzrə 116.57 manat təşkil edir. Qeyd edilir ki, iş materiallarında olan tərəflər arasında imzalanmış 19 may 2011-ci il tarixli 201CNOD130010359 saylı kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da iddiaçı bank tərəfindən təqdim edilmiş sənədlərdə cərimənin hesablanması üçün məlumat (cərimə hesabı üzrə çıxarış) öz əksini tapmadığından Cavabdeh1 cərimə borcu hesablanmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında 19 may 2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun həcminin müəyyən edilməsinə dair bir neçə sübut vardır. Bu sübutlardan biri, iddiaçı tərəfindən verilmiş 17.07.2020-ci il tarixli maliyyə arayışı (burada əsas borc 3102.68 manat, cərimə borcu 2095.32 manat və gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği 952.88 manat müəyyən edilmiş), digəri tərəflər arasında olan əvvəlki mübahisə üzrə 12.02.2018-ci il tarixə hesablanmış 04.02.2020-ci il tarixli ekspertiza rəyi (burada əsas borc 474.95 manat və faiz borcu 221.8 manat müəyyən edilmiş) və digər bir sübut isə hazırki iş üzrə tədqiq edilmiş ekspertiza rəyidir. Məhkəmə kollegiyası qeyd edilən sübutları iş materialları ilə birlikdə müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, birinci instansiya məhkəməsi 19 may 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcunun məbləğini 474.95 manat müəyyən etməklə, cərimə və faiz borcunun məbləğini də əsas borca mütənasib surətdə hesablamaqla düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində 04.02.2019-cu il tarixli ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyator şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən məhkəməmühasibatlıq ekspertizasının dəyərini təşkil edən 145 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorun dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)-6778/2021 saylı qətnaməsi “iddianın təmin edilməmiş hissəsində” dəyişdirilmədən saxlanılsın. Ekspertizanın dəyərini təşkil edən 145 manat məbləğində pul iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar