Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8552/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Qapalı Səhmar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO QSC “Bank Standart” KB-yə qarşı borcun olmaması barədə məlumat verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2874/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən QSC “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbinin dəqiqləşdirərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 25.08.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin ləğv prosesində olan QSC “Bank Standart” KB-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC “Bank Standart” KB-dan aralarında bağlanmış 25.08.2009-cü il tarixli kredit müqaviləsinə əsasən illik 25% olmaqla, 24 ay müddətinə ödəmək şərtilə 4000 manat kredit götürmüş, həmin müqavilə üzrə öhdəliklərini 2011-ci il tarixdə tam yerinə yetirərək banka olan borcunu tam bağlamış, bank tərəfindən İddiaçı müvafiq arayış təqdim edilmişdir. İddiaçı 13.01.2021-ci il tarixində kredit sifariş vermək üçün banklardan birinə müraciət etdikdə onun 25.08.2009-cü il tarixli kredit müqaviləsi üzrə 3900 gün gecikmə olmaqla 7247,38 manat gecikdirilmiş faiz borcun olması bildirilmişdir. İddiaçı “Bank Standart” KB-nın əməliyyat sistemində və kredit bürosunda çıxarışda qeyd edilmiş 7247,38 manat gecikdirilmiş faiz borcun silinməsi (gecikmə günlərin silinməsi də daxi olmaqla) və borclu olmaması barədə qeydin aparılması barədə QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, müsbət cavab almamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, ləğv prosesində olan QSC “Bank Standart” KB ilə aralarında bağlanmış 25.08.2009-cü il tarixli kredit müqaviləsinin müddəti 25 avqust 2011-ci il tarixində bitmişdir. Müqavilənin müddətinin bitməsindən artıq 10 il keçmişdir. Bu müddət ərzində bank və sonradan ləğvedici tərəfindən ona qarşı kredit borcunun ödənilməsinə dair hər hansı bir tələb və ya iddia irəli sürülməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2874/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən QSC “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyəti belə əsaslandırmışlar ki, kredit müqaviləsi tərəflərin razılığı ilə və müəyyən etdikləri şərtlərlə bağlanmış müqavilədir. Kredit müqavilələrində öhdəliyi icra olunması yolları tərəflərin qarşılığı razılığı əsasında baş verir. Yəni tərəflər öz aralarında borc məbləğinin qaytarılması qaydasını özləri müəyyən edirlər. Kredit müqaviləsi üzrə öhdəliklərin anuitet qaydasında yerinə yetirilməsi kredit müqaviləsinin hər hansı bir xüsusiyyətini və hüquqi mahiyyətini dəyişmir. Odur ki, borcun hissə-hissə qayatrılması kredit müqaviləsinin və ya hüquqi münasibətlərin bir müstəqil növü kimi yox borc üzrə öhdəliklərin yerinə yetirilməsi üslübudur. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə tam yetirilməsini şərtləndirən yeganə və dəyişilməz amil müqavilə üzrə verilmiş kredit borcunun (və ona hesablanmış faizlərin və digər xərclərin) tam olaraq yerinə yetirilməsidir. Odur ki, birinci instansiya məhkəməsini öz qətnaməsini Mülki Məcəllənin 551.2.1-ci maddəsilə əsaslandırmaqla yanlışlığa yol vermişdir. Kredit müqavilələri üçün nəzərdə tutulmuş iddia müddəti Mülki Məcəllənin 551.1-ci maddəsində göstərilən müddət hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Mülki işin materiallarında olan "xxxx" QSC-nin “Azadlıq” filialı tərəfindən verilmiş kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" QSCnin hesabına 3778 manat pul ödənilmiş, ödənişin təyinatı kreditin ödənilməsi üçün mədaxil kimi qeyd edilmiş, həmin qəbz ödəyən şəxs və xəzinədar tərəfindən imzalanmışdır. Mülki işin materiallarında olan "xxxx" QSC-nin 18.12.2013-cü il tarixli 58/349 saylı arayışın kserosurətindən görünür ki, İddiaçı "xxxx" QSC-dən 25.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 4000 manat məbləğində kredit götürülməsi, 18.12.2013-cü il tarixinə İddiaçı müqavilə üzrə borcunun olmaması qeyd edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh3 MMC-dən 18.01.2021-ci il tarixli SF-556 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı "xxxx" QSC-yə 25.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən **********9 kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 0 manat, faiz məbləği üzrə 7247,38 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan ləğv prosesində olan "xxxx" QSC-nin təqdim etdiyi 19.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 25.08.2009-cu il tarixli kredit müqaviləsi üzrə müqavilə müddəti üçün hesablanmış və tələb olunan 7247,38 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı kredit əldə etmək məqsədilə müxtəlif banklara müraciət etmiş, lakin ona kredit verilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi banklar tərəfindən iddiaçının adında "xxxx" KB QSC-yə olan 7247,38 manat gecikdirilmiş faiz borcunun bu günə kimi bağlanmaması göstərilmişdir. Cavabdeh3 MMC-nin iddiaçının adına tərtib edilmiş 18.01.2021-ci il tarixli SF-556 saylı çıxarışı əsasında İddiaçı LPO "xxxx" KB QSC-yə 25.08.2009-cu il kredit müqaviləsinə əsasən kreditin faiz məbləği üzrə 7247,38 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir; belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 528-ci maddəsinə görə isə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İddiaçı iddiasının əsasında duran 58-02/349 saylı 18 dekabr 2013-cü il tarixli Arayışın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini (iddiaçı yalnız arayışın kserosurətini təqdim etmişdir) məhkəməyə təqdim etməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 150.0.5 və 89-cu maddələrinin birgə mənalarına görə irəli sürülmüş tələbi təsdiq etmək üçün məhkəməyə sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddiaçı iddiasının əsasında duran Arayışın əslini məkhəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2874/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ümumilikdə ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8552/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8552/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver