Məhkəmə qərarları › İş №2(103)-8561/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8561/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8561/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı "xxxx" Şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(011)-2868/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti Cavabdeh qarşı “borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.506,76 manat əsas borc, 500 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,2 faizi həcmində hesablamaqla 14.506,76 manat penya və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 29.043,52 manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 341/14 saylı, 28 iyul 2014-cü il tarixli alğı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 21 may 2020-ci il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz öhdəsinə götürsə də, indiyədək 14.506,76 manat borc qalığını ödəməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(001)-2868/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 28 iyul 2014-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borca görə 14.506,76 (on dörd min beş yüz altı manat yetmiş altı qəpik) manat pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh "xxxx" şirkəti arasında 2014-cü ildə müqavilə bağlanmış, onlardan götürdüyü malların müqabilində borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin zaman tikinti şirkətində işləyirdi və aldığı malların hamısını işlədiyi tikinti şirkətinə verirdi, çünki həmin mallar tikinti işi ilə əlaqədar işlədiyi şirkətə lazım idi. Həmin müqavilə əsasında cavabdeh mütəmadi olaraq 2017-ci il tarixədək iddiaçıya ödənişlər etmişdir və onun iddiaçıya heç bir borcu qalmamışdır. 2017-ci il tarixdən sonra isə cavabdehin iddiaçı ilə fərdi qaydada deyil, işlədiyi tikinti şirkətinin nümayəndəsi kimi əlaqələri olmuş, onlardan tikinti işləri ilə bağlı mallar götürmüşdür. 2020-ci il tarixdə də iddiaçı ilə imzalanmış öhdəlik aktına görə Cavabdeh şirkətin nümayəndəsi kimi iştirak etmiş və şirkətin iddiaçıya olan borcu barədə sənədə imza etmişdir. Cavabdeh iddiaçıya borcu olmadığını, bütün borc məbləğinin tikinti şirkətinə aid olmasını qeyd etsə də, məhkəmə bu halı araşdırmamış, bununla əlaqədar şahidlərin olmasını qeyd etsə də məhkəmə buna məhəl qoymayaraq cavabdehin əlehinə qətnamə qəbul etmiş, məhkəmə iclas zalında qeyd etdiyi xüsusatları protokola əlavə etməmiş, formal olaraq iddia tələbinə etiraz etməsini qeyd edərək yalnız iddia tələbinin rədd olunması kimi qeyd edilmişdir. Eyni zamanda ödəniş tapşırıqları barədə məhkəməyə sənədlər təqdim etsə də, həmin hala heç bir hüquqi qiymət verilməmiş, bununla əlaqədar heç bir qeyd edilməmişdir. Halbuki bu faktlar iddia ilə bağlı mühüm əhəmiyyət kəsb edirdi. Hazırki mülki iş üzrə Cavabdeh əsl cavabdeh ola bilməz, çünki o,nümayəndə kimi iştirak etmişdir, öhdəliyi ola bilməz. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, mallar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün şirkətə verilmişdir. İddiaçı "xxxx" Şirkətinin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(011)-2868/2021 saylı qətnaməsi ləğv edilməli, iş materialları baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 28 iyul 2014-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə istehsal etdiyi məhsulları satmağı, cavabdeh isə həmin məhsulların dəyərini 30 gündən gec olmayaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 21 may 2020-ci il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən Cavabdeh iddiaçı şirkətə 14.506,76 manat məbləğində borcunun olduğunu etiraf etmiş və borcunu 1 aydan gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh sonuncu ödəməni 13 noyabr 2019-cu il tarixdə etmiş, hazırda onun 14.506,76 manat borcu qalmışdır. Lakin cavabdeh borcunu bu günədək ödəməmişdir. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin məlumatına əsasən X4 03.05.2004-cü ildən (VÖEN **********) fiziki şəxs olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi ödəyicisinin 13.10.2021-ci il tarixli məlumatına əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 5, mənzil 156-da qeydiyyatda olan Cavabdeh (VÖEN **********) 21.02.2007ci ildən fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Həmin Qərarın 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi, subyektiv tərkibinə görə iddiaçı hüquqi şəxs (VÖEN **********) olmaqla, cavabdeh fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Hazırki mübahisənin predmeti məhz tərəflərin hər ikisinin sahibkarlın fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Belə ki, iddiaçı hüquqi şəxs olmaqla, istehsal etdiyi malları sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı cavabdeh olan fərdi sahibkar statusuna malik fiziki şəxsə satışını həyata keçirmiş, cavabdeh sahibkarlıqla məşğul olmaqla, malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həm mübahisənin subyekt tərkibini, həm də predmetin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə almadan işə ümumi məhkəmədə baxılmalı olması qənaətinə gəlməklə prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.4, 263-264, 365, 384, 387, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(011)- 2868/2021 saylı qətnaməsi ləğv olunsun, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar