Məhkəmə qərarları › İş №2(103)-857/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-857/2019

18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-857/2019 18.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, X3 və X1 ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İKB ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-253/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) Cavabdeh qarşı iddiası qismən təmin olunmuş; cavabdehdən 32788,67 manat əsas, 2243,76 manat faiz, 191,15 manat cərimə borcu olmaqla, cəmi 35223,58 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən, 2 otaqlı, 36.1 kv.m ümumi, 24.3 kv.m yaşayış sahəsindən ibarət 48 nömrəli evin 10 nömrəli mənzilinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, həmin mənzilinilkin satış qiymətinin 58000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 35283 manat pulun iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, cavabdehə verilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində mənzilin boşaldılması, tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən müqavilə müddəti bitmədən ona qarşı tələbin irəli sürülməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 427.1-ci maddəsinin tələbləri pozulub. Etdiyi ödənişlərin bir qismi Bankın təqdim etdiyi hesabdan çıxarışda əks olunmayıb, ona görə ekspert tərəfindən də nəzərə alınmayıb, həmçinin ekspertiza barədə ona məlumat verilməyib. İddia tələbinin artırılması barədə ərizə ona təqdim olunmayıb. Qiymətləndirmə rəyində ipoteka predmetinin qiyməti real dəyərindən aşağı göstərilib. İşlədiyi dövrdə aylıq ödənişləri vaxtı-vaxtında ödəmiş, yalnız işini itirdikdən sonra gecikmələr olmuş, bu barədə dərhal Banka müraciət etsə də müsbət cavab ala bilməmişdir. Cavabdeh məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. İddiaçı sonuncu məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnamədən şikayət verməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, tərəflər arasında bağlanmış 001-İP (AZN-01) saylı, xx xxxxxx 2007-ci il tarixli ipoteka krediti müqaviləsinə əsasən Bank borcalana 300 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə 42160 manat pul vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka müqaviləsində əmlakın dəyəri 49600 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsinə dair “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci ci il tarixli rəyə əsasən ipoteka predmetinin bazar dəyəri 58000 manat müəyyən edilmişdir. Həmçinin birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyi ilə kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə cavabdehin Banka əsas borc üzrə 35347,31 manat əsas, 2839,50 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385, 442, 445.2, 317 və 319-cu, “İpoteka haqqında” Qanunun 33-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdehdən 32788,67 manat əsas, 2243,76 manat faiz, 191,15 manat cərimə borcu olmaqla, cəmi 35223,58 manat borc tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli və ipoteka predmetinin ilkin satış qiyməti 58000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən kredit borcu üzrə öhdəlik lazımınca yerinə yetirilmədiyinə görə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində qanuni və əsaslı nəticəyə gəlsə də faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının təqdim etdiyi hesabdan çıxarışlarda xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə etdiyi ödənişlərin əksini tapmadığını bildirmiş, lakin Bank bu dəlili qəbul etməmişdir. Yalnız xx.xx.2019-cu il tarixli apellyasiya baxışı zamanı Bankın təqdim etdiyi xx.xx.2019-cu il tarixli məktubla kredit müqaviləsi üzrə həmin ödənişlərin edildiyi yazılı etiraf olunmuş, bununla bağlı ikinci dəfə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə cavabdehin Banka əsas borc üzrə 32808,88 manat, faiz borcu üzrə 2181,79 manat borcu yaranmışdır. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə müvafiq olaraq əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Cavabdeh özü də apellyasiya şikayətində işdən çıxması ilə əlaqədar öhdəliyin icrasını gecikdirdiyini etiraf etmişdir. Bu baxımdan Bankın kredit müqaviləsinin müddəti bitmədən hazırkı iddianı qaldırması mülki qanunvericiliyə zidd hesab oluna bilməz. Həmçinin işdən görünür ki, iddia tələbinin həcminin artırılması barədə ərizə cavabdehə təqdim etmək üçün onun yetkinlik yaşına çatmış ailə üzvünə verilmişdir (i.v. 119). MPM-in 135.5-ci maddəsinə əsasən bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin qiymətinin düzgün müəyyən edilmədiyini bildirsə də həmin qiymət birinci instansiya məhkəməsi tərəfindən müstəqil qiymətləndiricinin verdiyi rəy əsasında müəyyən edilmişdir. Rəy kifayət qədər əsaslandırılmışdır və onun məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Bununla yanaşı, cavabdeh ipoteka predmetinin bazar dəyərinin həqiqətən daha yüksək olduğu barədə hər hansı sübut təqdim etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcunun məbləği 2181,79 manat müəyyən edilməlidir. Ekspert rəyində əsas borcun məbləği daha artıq müəyyən edilsə də, iddianın təmin olunmayan hissəsi hazırkı apellyasiya baxışından kənar olduğu üçün baxılan icraat çərçivəsində həmin məsələyə münasibət bildirilməsi mümkün deyildir. Kollegiya, həmçinin nəzərə alır ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Baxılan iş üzrə cavabdeh apellyasiya şikayətində iddiaçının təqdim etdiyi hesabdan çıxarışın məlumatlarının natamam olduğunu iddia etmiş, dəfələrlə keçirilmiş apellyasiya baxışı iclaslarında Bank bu dəlili qəbul etməmiş, bununla bağlı məlumatları təqdim etməmişdir. Yalnız xx.xx.2019-cu il tarixli apellyasiya baxışı zamanı məhkəmənin verdiyi sorğudan sonra Bank tərəfindən həmin ödənişlərin edildiyi yazılı etiraf olunmuş, bununla bağlı ikinci dəfə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, bu hal isə işin əsassız olaraq uzanmasına və əlavə məhkəmə xərclərinə səbəb olmuşdur. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, işin apelyasiya baxışı zamanı keçirilmiş ekspertizalar üzrə məhkəmə xərclər Banka aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-253/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. 001-İP (AZN-01) saylı, xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 2181 (iki min yüz səksən bir) manat 79 (yetmiş doqquz) qəpik müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar