Məhkəmə qərarları › İş №2(103)-857/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-857/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-857/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2442/2021 saylı, 08.09.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrılıqda verilən apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “borc tələbinin vərəsələrə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı - İddiaçı ASC-nin “Nəsimi” filialı ilə borclu X2 arasında bağlanmış 11 aprel 2019-cu il tarixli NSNPU- 1848 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 6938,45 manat, faiz borcuna görə 83,28 manat, cərimə borcuna görə 0 manat, cəmi 7021,73 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun X1 qanun üzrə birinci dərəcəli vərəsələri, arvadı - Cavabdeh1, atası - Cavabdeh2 və anası - Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2442/2021 saylı, 08.09.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6938,45 (altı min doqquz yüz otuz səkkiz manat qırx beş qəpik) manat, faiz borcuna görə 83,28 (səksən üç manat iyirmi səkkiz qəpik) manat, cərimə borcuna görə 0 (sıfır) manat, cəmi 7021,73 (yeddi min iyirmi bir manat yetmiş üç qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində kredit borcunun tutulması qərara alınmışdır. Cavabdehlər həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir və mülki iş materialları şikayətlərə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdehlər tərəfindən ayrılıqda verilən apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş apellyasiya şikayətlərinin mümkünlüyü ilə bağlı prosessual əsaslar olmadığından, həmçinin 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş həmin Məcəlləyə edilmiş ən son əlavə və dəyişikliklərə əsasən apellyasiya şikayətləri müəyyən olunmuş formaya (Əlavə 2) əməl edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də həmin Məcəllənin 363.1.5ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). İstinad olunan normanın mahiyyətində də bəlli olur ki, hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli, şikayətlər geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Nərimanov Rayon Məhkəməsinin 2(005)-2442/2021 saylı, 08.09.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrılqda verilən apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin və şikayətlər geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar