Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-858/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 və cavabdehin iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla borclu Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL09354/13 saylı “Kredit kartı üzrə bank hesabı müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 656,40 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 377,43 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 40 manat, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manatın Cavabdeh onun xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. “Məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə işdə olan sənədlərə əsasən onunla əsaslandırılmışdır ki, Bank ilə borclu arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit kartı üzrə bank hesabı müqaviləsinə” əsasən Bank borclu Cavabdeh 1.000 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh isə 6 və 12 aylıq ödəniş növü ilə istifadə edilmiş məbləğə müvafiq olaraq 6 və 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı hər növbəti təqvim ayının 10-dək bərabər hissələrlə olmaqla geri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə baxmayaraq Cavabdeh götürdüyü krediti Banka ödəməkdən yayınmış, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bank tərəfindən Cavabdeh edilmiş xəbərdarlıq nəticə verməmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizəni təmin etmişdir. Bundan sonra Cavabdeh məhkəmə əmrinin ləğv edilməsi üçün ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv etmiş və işə iddia icraatı qaydasında baxmışdır. İşə iddia icraatı qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh arasında bağlanmış “Kredit kartı üzrə bank hesabı müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 175,29 manat, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin – 5 manatın Cavabdeh Bankın xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın ödənilməsi məqsədi ilə 25 manatının cavabdehdən, 120 manatının isə iddiaçı Bankdan tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Əsasları “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin əsaslarına uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həmin nəticə işin faktiki hallarına uyğun deyil. Belə ki, Rayon Məhkəməsi qətnamə qəbul edərkən əsas götürdüyü ekspertiza rəylərinin səhv olmasına əhəmiyyət verməmişdir. Əslində isə ekspertizanın rəyləri əsaslı hesab edilə bilməz, çünki ekspert onun qarşısında qoyulmuş suallardan kənara çıxmış, borc məbləğini səhv hesablamışdır. Həmin rəylərin sübut qismində qəbul edilməsi yolverilməzdir. İşə Rayon Məhkəməsində baxılan zaman Bankın nümayəndəsi bunu Rayon Məhkəməsinin diqqətinə çatdıraraq təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət versə də, Rayon Məhkəməsi buna əhəmiyyət verməmiş, vəsatəti təmin etməmişdir. Bundan başqa Rayon Məhkəməsi dəbbənin ödənilməsi ilə bağlı tələbi qismən təmin etməklə, faizin ödənilməsi ilə bağlı tələbi isə tam həcmdə təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin əsaslarına və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə ilk növbədə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Bank isə qətnamənin iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirir. Odur ki, bunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit kartı üzrə bank hesabı müqaviləsindən” və digər sənədlərdən görünür ki, Bank borclu Cavabdeh 1.000 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh isə 6 və 12 aylıq ödəniş növü ilə istifadə edilmiş məbləğə müvafiq olaraq 6 və 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı hər növbəti təqvim ayının 10-dək bərabər hissələrlə olmaqla geri ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür və cavabdeh tərəfindən mübahisələndirilmir ki, cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir hissəsini ödəmiş, qalan hissəsini ödəməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı Bank borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır və Rayon Məhkəməsi isə bu nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçı Bank hesab edir ki, yuxarıda qeyd edilən “Kredit kartı üzrə bank hesabı müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 656,40 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 377,43 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 40 manat məbləğində pul Cavabdeh onun xeyrinə tutulmalıdır. Qeyd edilən məbləğlərin əsaslı olub-olmamasını yoxlamaq üçün Rayon Məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmiş və ekspertizanın rəylərini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 15488 saylı və xx.xx.2020-ci il tarixli 1479 saylı ekspert rəylərindən görünür ki, cavabdeh ARzayev ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit kartı üzrə bank hesabı müqaviləsi” üzrə istifadə edilmiş məbləğdən ödənişlər çıxılaraq borc məbləği xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) və xx.xx.2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) 170,29 manat təşkil edir. İddiaçı Bank apellyasiya şikayətində qeyd edir ki, Rayon Məhkəməsi qətnamə qəbul edərkən əsas götürdüyü ekspertiza rəylərinin səhv olmasına əhəmiyyət verməmişdir. Əslində isə ekspertizanın rəyləri əsaslı hesab edilə bilməz, çünki ekspert onun qarşısında qoyulmuş suallardan kənara çıxmış, borc məbləğini səhv hesablamışdır. Həmin rəylərin sübut qismində qəbul edilməsi yolverilməzdir. İşə Rayon Məhkəməsində baxılan zaman Bankın nümayəndəsi bunu Rayon Məhkəməsinin diqqətinə çatdırsa da, Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. Məhkəmə iddiaçı Bankın bu dəlilini əsassız hesab edir. Belə ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı Bankın nümayəndəsinin ona bildirdiklərini nəzərə alaraq iş üzrə rəy vermiş ekspert X2 məhkəmə iclasında dindirmişdir. Ekspert Rayon Məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, ekspertizaya təqdim olunmuş suallarda əsas borcun və faiz borcunun hesablanması nəzərdə tutulmuş, cərimə məbləği ilə bağlı ekspert qarşısında sual qoyulmamışdır. Həmçinin Bank ilə cavabdeh arasında bağlanmış müqavilədə faiz dərəcəsi də nəzərdə tutulmamışdır. O, qeyd edilənləri nəzərə alaraq müəyyən etmişdir ki, cavabdehin müqavilə müddətinin sonuna olan borcu 170,29 manat təşkil edir. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi ekspertiza tərəfindən verilmiş ilkin rəyin əsaslı olub-olmamasını yoxlamaq üçün iş üzrə təkrar ekspertiza təyin etmiş, bunun nəticəsində verilmiş ikinci rəyin əsaslı olub-olmamasını yoxlamaq üçün rəyi vermiş eksperti dindirmiş, lakin rəylərin əsassız olması barədə Bankın dəlili təsdiq edilməmişdir. Göstərilənləri və ekspertiza tərəfindən verilmiş rəyləri şübhə altına ala biləcək sübutun (məsələn: müstəqil mütəxəssisin alternativ hesablamasının) Bank tərəfindən məhkəmələrə təqdim edilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin “ekspertiza tərəfindən verilmiş rəylərin əsassız olması barədə” dəlili əsassızdır. Bu zaman Məhkəmə həmçinin MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərini nəzərə alır. Belə ki, qeyd edilən həmin prosessual normalarının tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya şikayətinin başqa dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi faizin ödənilməsi ilə bağlı tələbi rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Bu dəlil ilə bağlı Məhkəmə bildirir ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit kartı üzrə bank hesabı” müqaviləsinin 1.3-cü bəndingörə, istifadə edilmiş məbləğ təqvim ayının 10-dək ödənilmədikdə, təqvim ayının 11-ci günündən hər təqvim ayının 10-dək 2,5 faiz hesabı ilə komisyon haqqı hesablanır. Müqavilə şərtlərindən də göründüyü kimi tərəflər arasında borcun faizlərlə qaytarılması şərtləşdirilməmişdir. Faiz hesabı ilə komisyon haqqı isə ödənişlərin gecikdirilməsinə görə nəzərdə tutulur. Yuxarıda qeyd edilən ekspert rəylərinin tədqiqat hissəsindən görünür ki, Bank tərəfindən ödəniş cədvəli təqdim edilmədiyi üçün həmin məbləği hesablamaq mümkün olmamışdır. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi 40 manat məbləğində dəbbənin ödənilməsi ilə bağlı tələbi qismən təmin etməklə və cəmi 5 manat məbləğində dəbbəni tutmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə Bankın bu dəlilini də əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüququ normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, qanunverici cərimənin (dəbbənin) ağlabatan və ədalətli məbləğinin hesablanması meyarlarını müəyyən etməmişdir. Buna baxmayaraq bu məsələ ilə bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçı Bankın tutulmasını tələb etdiyi 40 manat cərimə borcunun məbləğini tənasübsüz surətdə yüksək hesab etməkdə və bu məbləği azaldaraq 5 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-858/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-858/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver