Məhkəmə qərarları › İş №2(103)-858/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-858/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-858/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-858/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4006/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdehdan 08 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 13000 manat məbləğində pulun və ödənilmiş 129 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 08 aprel 2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə Bakı şəhəri, 26 saylı notariat ofisnin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Qeyd edir ki, 08 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, o, 13000 manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4006/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) Cavabdeh 08 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 13000 manat məbləğində pulun və ödənilmiş 129 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 442, 739.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 251.1 və 254.1.4-cü maddələrinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Bildirir ki, Xətai Rayon Məhkəməsinin icraatıda olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin alqı-satqısı zamanı onun vicdanlı alıcı olaraq hüquqlarının tanınması tələbi ilə bağlı e-2(011)-3395/2023 saylı mülki iş yekunlaşana qədər Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-330/2023 nömrəli işin dayandırılmasl ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin Abşeron Rayon Məhkəməsi tərəfindən həmin vəsatətə heç bir münasibət bildirilməmiş, iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır.

7. Qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir.

8. Mübahisələndirilən məhkəmə qətnaməsində hakim tərəfindən işə qərəzli olaraq yanaşılmışdır. Bunu onunla izah edə bilər ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətə baxılsın.

9. Bildirmək istəyir ki, Cavabdeh ilə iddiaçı arasında 08 aprel 2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Qeyd edir ki, 08 aprel 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı 13000 manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixənədək qaytarmağı öhdəsinə götürmüşdür.

10. O cümlədən bildirir ki, bütün bu qeyd olunanlar vicdanlı alıcı olaraq hüquqlarının nəzərə alınmadığını, məhkəmə tərəfindən sübutlara obyektiv və qərəzsiz baxılmadığını, iş üzrə mühüm diqqətə layiq halların nəzərə alınmadığını təsdiq edir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, tam və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışı zamanı Cavabdeh iddiaçı verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı onun müdiri olmuş, onun kimi bir neçə şəxslə eyni məzmunlu müqavilə bağlayaraq bu müqavilələrlə onları işə düzəldəcəyini bildirmişdir. Ona heç bir pul verilməmişdir. Bir müddət işlədikdən sonra maaşı verilmədiyi üçün işdən çıxmışdır.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirərək, şikayətinin təmin olunması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

17. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

18. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

19. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

20. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.

21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

26. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.

27. Maddə 446.4. Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun.

28. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

30. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur.

31. Maddə 741.2 Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.

32. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

40. Maddə 45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırda iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlandırılan bölməsində ilk sırada pozulan hüquq norması kimi Mülki Prosessual Məcəllənin 254.1-ci maddəsi qeyd edilmişdir. Bundan əlavə sözügedən normanın əsaslandırılması olaraq qeyd edilən xüsusatlar – Abşeron Rayon Məhkəməsinin icraatında olan işin dayandırılmalı olması, iddiaçının hansısa mənzillə bağlı vicdanlı alıcı olması və s. kimi yazılan məsələlərin hazırki iddia tələbinin mahiyyəti və işin halları ilə heç bir əlaqəsi yoxdur. Buna görə də hazırda apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətin qeyd olunan hissəsinə münasibət bildirməsinə dair hər hansı zərurət mövcud deyildir.

46. İddiaçı həm öz iddia ərizəsində, həm də apellyasiya şikayətində cavabdehlə aralarında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlandığını və həmin müqaviləyə əsasən 13.000 manat məbləğində pulu cavabdehə borc olaraq verdiyini, lakin uzun müddət keçməsinə baxmayaraq borcun qaytarılmadığını bildirmişdir. Lakin iddiaçı öz iddiasının əsasını təşkil edən bu faktla bağlı sözügedən kredit müqaviləsini nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, nə də birinci instansiya məhkəməsində işin gedişatının heç bir mərhələsində təqdim etməmiş, üstəlik heç bir məhkəmə iclasında iştirak etməyərək iddiasının müdafiəsi və əsaslandırılması ilə bağlı zəruri addımları atmamışdır. Bu zaman da məhkəmə qarşısında haqlı olaraq qeyd olunan kredit müqaviləsinin reallığına şübhə yaranmışdır.

47. Daha sonra iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən sözügedən xx.xx.2021-ci il tarixli müqavilə şikayətə əlavə olunmuşdur. Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı nə apellyasiya şikayətində, nə də apellyasiya baxışında iştirak edərək iddiasının əsasını təşkil edən kredit müqaviləsini birinci instansiya məhkəməsinə təqdim edə bilməsinin ondan asılı olmayan səbəblərdən qeyri-mümkün olduğunu əsaslandırmamışdır.

48. Hərçənd ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməyən sübutlara istinad olunmasına yol verilməsə də, məhkəmə işin bütün hallarına qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

49. Mülki Məcəllənin 743.1-ci maddəsinin ikinci cümləsinə əsasən kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Əvvəla onu qeyd etmək lazımdır ki, hazırki məhkəmə mübahisəsində iddiaçı cavabdehlə bağladığı kredit müqaviləsi üzrə ona verdiyini iddia etdiyi borc məbləğinin qaytarılmasını etsə də, qanunvericiliyin yuxarıda qeyd edilən normasından da göründüyü kimi hansısa şəxsə kredit verilməsi yalnız bu hüququn həyata keçirilməsinə dair müvafiq orqan tərəfindən verilmiş icazə əsasında həyata keçirilə bilər. İndiki halda iş üzrə iddiaçı bu cür icazəyə sahib olan fiziki şəxs və ya hüquqi şəxs deyildir, o cümlədən bunu təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

50. Apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən qismində İddiaçı borcalan qismində Cavabdeh 13.000 manat məbləğində pul borc verməyi, borcalan isə krediti xx.xx.2022-ciil tarixənədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin yuxarıda qeyd edilən 743.1-ci maddəsinin birinci cümləsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün ilk növbədə məhz borcverən üçün öhdəlik müəyyənləşdirmiş, borcun müqaviləsinin reallaşdırılması üçün ilk növbədə borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Bu da o deməkdir ki, borc müqaviləsi öz xarakterinə və müqavilənin bağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilməsi şərtdir. Bu da onu göstərir ki, ilk növbədə iddiaçı müqavilədə qeyd olunan 13.000 manat məbləği borcalana, yəni cavabdehə vermək öhdəliyini daşımışdır. İş materiallarına diqqət yetirdikdə isə iddiaçının özü tərəfindən ilkin olaraq öhdəliyin, həqiqətən, yerinə yetirilməsi, 13.000 manat məbləğində borcun, həqiqətən də, hansısa formada (nağd və ya nağdsız, notarius depozitinə qoyulma vasitəsilə və s.) borcalana verilməsini təsdiq edən hər hansı sübut, o cümlədən tərəflər arasında bağlanılan xx.xx.2021-ci il tarixli kredit müqaviləsində borcverənin borcalana 13.000 manat məbləğində borc verdiyi pulun hansı formada borcverənə təqdim olunacağı barədə müddəa öz əksini tapmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

51. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki mübahisədə isə iddiaçı öz hüququnun, həqiqətən də, pozulmasını, ona məxsus olan əmlakından məhrum olmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Öhdəliyin icra edilməməsi dedikdə isə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. İşin hallarına diqqət yetirdikdə cavabdeh tərəfindən icra edilməyən hər hansı öhdəliyin olması faktına dair sübut olmamaqla bərabər, əksinə, iddiaçının borcverən olaraq yuxarıda qeyd edilən hüquqi əsaslandırmalara görə özünün ilk növbədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini, kreditor olaraq özünün icranı gecikdirməsi səbəbindən qarşı tərəfin müqavilənin ona düşən hissəsini icra etməsini qeyri-mümkün olması müəyyən edilir. Mülki Məcəllənin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.

52. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun, ümumiyyətlə, mövcudluğuna, cavabdehin isə ona məxsus həmin pulu götürmüş və qaytarmalı olduğuna dair heç bir sübut təqdim etməmişdir.

53. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

54. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

56. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

57. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4006/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar