Məhkəmə qərarları › İş №2(103)-8584/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8584/2020

02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8584/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-3430/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 3430/2020 saylı qərardadı ilə məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, irəli sürdüyü tələb istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, o, cavabdehin qaynar xətt telefonu olan *0900 telefon xətti ilə əlaqə saxlayıb öz şikayətini bildirmiş, lakin nəticəsi olmamışdır. Məhkəmə bunu nəzərə almadan və məhkəmənin hazırlıq iclasını keçirmədən onun iddia ərizəsini icraata qəbul etməyərək geri qaytarmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 3430/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı “Maxi.az” mağazalar şəbəkəsindən x xxxxxx 2020-ci il tarixdə *0900 telefon xətti ilə “Lenovo” markalı noutbuku sifarış etmiş və x xxxxxx 2020-ci il tarixdə həmin noutbuku alaraq bank kartı vasitəsilə dəyərini ödəmişdir. xx xxxxxx 2020-ci il tarixdə noutbukda qüsur aşkar olunduğuna, yəni ekranı açılmadığına görə iddiaçı həmin noutbuku satan təşkilata---Cavabdeh QSC-yə müraciət edərək ya ona lazımi keyfiyyətdə noutbuk verməyi, ya da satış pulunu qaytarmağı tələb etmiş, lakin nəticəsi olmamışdır. Buna görə də iddiaçı alqı-satqı müqaviləsinin ləğvi, habelə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 615-ci maddəsinə görə, əgər pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alqı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. İddia ərizəsinin məzmunundan da görünür ki, tərəflər arasında pərakəndə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 423.2-ci maddəsində, müqavilənin hansı formada bağlanmasından asılı olmayaraq müqavilənin məhkəmədə dəyişdirilməsi və yaxud ləğv edilməsi qaydası müəyyən olunmuşdur. Həmin qaydaya əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət etməmiş və buna dair sənədi təqdim etməmişdir. Bu qaydaya əməl olunmaması isə, Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Mülki Prossesual Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-3430/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 3430/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar