Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8585/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayənədəsi (vəkili) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sürəyya adlı rəfiqəsinin vasitəsilə tanış olduğu cavabdehə notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinə əsasən 21.01.2019-cu il tarixdə 13 000 manat borc verdiyini, müqavilənin şərtlərinə görə cavabdehin 21.04.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürdüyünü, lakin borc qaytarılmadığından notarius tərəfindən icra qeydi veriləcəyi barədə bildiriş göndərildiyini, sözügedən kredit müqaviləsinin bağlanmasından qısa müddət sonra cavabdehin özünü kommersiya fəaliyyəti ilə məşğul olan biznes sahibi kimi təqdim edərək biznesini genişləndirmək, əldə olunacaq mənfəətdən onun da müəyyən qədər gəlir əldə edəcəyini vəd edərək ondan əlavə 8000 manat da aldığını, daha sonra etibarından sui-istifadə edərək oğlu Rövşən Əzimovu “SOCAR” neft şirkətinə işə düzəldəcəyinə söz verdiyini, cavabdehin dediklərinə inandığını və kreditə götürdüyü 69 000 manatdan 15 000 manatını da cavabdehə verdiyini, həm 2019-cu ilin mart ayında cavabdehin ondan biznes məqsədi ilə aldığı 8000 manatı, həm də üzərindən 6-7 gün keçmiş oğlunu işə düzəldəcəyi adı ilə aldığı 15 000 manatı oğlu Rövşənin, həyat yoldaşı Xoşgünün və rəfiqəsi Sürəyyanın yanında cavabdehə verdiyini, cavabdehin nə oğlunu işə düzəltdiyini, nə də aldığı 15 000 manatı qaytarmadığını, sonradan ümumilikdə onlarla əlaqəni kəsdiyini, cavabdehin barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etsə də, cinayət işinin başlanmasının rədd olunduğunu, polisdə verdiyi izahatda cavabdehin kommersiya fəaliyyəti üçün ondan 8000 manat və oğlunu işə düzəltmək üçün 15 000 manat aldığını inkar etdiyini, bununla belə araşdırma materiallarına əlavə edilmiş qəbzdən cavabdehin ona ödədiyi 350 manatı 8000 manatın gəlir kimi ona verdiyini göstərdiyinin göründüyünü, cavabdehin aldığı bütün məbləğləri 2019-cu ilin aprelində qaytarmalı olduğu halda öhdəliyini icra etmədiyini və buna görə ona 5% da ödəməli olduğunu irəli sürmüş, Cavabdeh əsas borc məbləği üzrə 36 000 manatın, dəymiş zərərə görə 2000 manatın, yəni cəmi 38 000 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ailəsində baş verən insan itkiləri səbəbilə məhkəmə proseslərində iştirak edə bimədiyi, buna görə sübutlarını təqdim etmək imkanından məhrum olduğu, iddiaçıdan yalnız 13 000 manat faizlə pul götürdüyü və borcunu faizləri ilə birlikdə qaytardığı, məhkəmənin isə faizə pul verməklə məşğul olan iddiaçının iddia tələbini heç bir sübut olmadan təmin etdiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi (vəkili) şikayətini müdafiə edərək onun təmin olunmasını; iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, iddia tələbinin mahiyyətini düzgün təhlil etməmiş, müvafiq nəticəyə hansı sübutlar əsasında gəldiyi qeyri-müəyyən qalmış, həmin nəticə işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamıışdır; halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, 21 yanvar 2019-cu il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanaraq Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq olunmuş, müqaviləyə görə Cavabdeh İddiaçı 13 000 manat faizsiz borc almış və həmin məbləği 21 aprel 2019-cu il tarixindək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının bildirməsinə görə, sözügedən kredit müqaviləsinin bağlanmasından qısa müddət sonra o, cavabdehin kommersiya fəaliyyətini genişləndirmək istəməsi və bu fəaliyyətdən əldə olunacaq gəlirdən ona da pay verəcəyi barədə bildirdiklərinə güvənərək cavabdehə əlavə 8000 manat da vermiş, eyni zamanda cavabdeh, onun oğlunu “SOCAR”da işə düzəldəcəyi adı ilə ondan növbəti dəfə 15 000 manat almışdır. İddiaçının bildirdiyi hal həm də ondan ibarətdir ki, cavabdeh ona 350 manat qaytarmış, lakin bu ödəniş cavabdehə verdiyi 8000 manatın kommersiya fəaliyyətinə yönəldilməsindən əldə olunan gəlirin hissəsi kimi həyata keçirilmişdir. Cavabdeh iddiaçıdan 21.01.2019-cu il tarixli kredit müqaviləsinin bağlanmasından sonra əlavə olaraq 8000 manat və 15 000 manat aldığını inkar etməklə yanaşı, sözügedən kredit müqaviləsinə görə aldığı borc məbləğini faizləri ilə birlikdə tam şəkildə qaytardığını, faizə pul verməklə məşğul olan iddiaçının əlavə pul əldə etmək niyyətinə düşdüyünü irəli sürməkdədir. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsindən yaranan münasibətlər, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə görə isə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini cavabdehə verdiyini sübut etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi 13 000 manat baxımından bu halı sübuta yetirmiş olsa da, 8000 manat və 15 000 manat baxımından həmin halı sübut edə bilməmişdir. Belə ki, birincisi, iddiaçının sübut edə bilmədiyi sözügedən hallarla bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır – bununla bağlı onun istinad etdiyi şahid ifadələri isə özünün yaxın ətrafına daxil olan şəxslərin ifadələri olmaqla kifayət qədər şübhədən kənar sübutlar deyildir. İkincisi, kollegiyanın qənaətinə görə, yaxından tanımadığını bildirdiyi şəxsə notarial təsdiqli müqavilə əsasında borc verən iddiaçının, həmin borc qaytarılmadan ona yüksək məbləğlərdə pulu şifahi razılaşma əsasında verməsi ağlabatan mühakimə əsasında inandırıcı hesab oluna bilməz. Bu kontekstdə kollegiyanın qənaətinə görə iddiaçının iddia tələbinin əsası kimi məhz 21.01.2019-cu il tarixli müqavilə nəzərdən keçirilə bilər və bu müqavilə üzrə cavabdehin öz öhdəliyini yerinə yetirib-yetirmədiyi aydınlaşdırılmalıdır. Yuxarıda qeyd olunduğu kimi cavabdeh, həmin müqavilə üzrə öhdəliyini yerinə yetirdiyini irəli sürmüşdür; lakin nəzərə alınmalıdır ki, bu halı sübut eləmə vəzifəsi də onun üzərinə düşür və o, müvafiq arqumentini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 350 manat ödənilmiş olmasının sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt, yəni cavabdehin iddiaçıya 350 manat qaytardığı iddiaçı tərəfindən etiraf olunmuş, o, bu ödənişin 8000 manata görə həyata keçirildiyini iddia etsə də, yuxarıda qeyd olunduğu kimi, həmin 8000 manatın cavabdehə verildiyi ümüumiyyətlə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, 21.01.2019-cu il tarixli müqavilə üzrə cavabdehdən 12 650 manat borc məbləği iddiaçının xeyrinə tutulmalı, iddia tələbi 8000 manatın və 15 000 manatın tutulması hissəsində rədd olunmalıdır. İddiaçının “dəymiş zərərə görə 2000 manatın cavabdehdən alınaraq ona ödənilməsi” tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiyanın yuxarıda şərh etdiyi qənaətinə görə, cavabdeh 21.01.2019-ci il tarixli kredit müqaviləsi əsasında iddiaçı qarşısında yaranmış öhdəliyini icra etməmiş, həmin müqavilə üzrə ona 12 650 manat ödənilməmiş borcu qalmışdır. Bu baxımdan kollegiya hesab edir ki, 21.04.2019-cu il tarixindən (öhdəliyin icra edilməli olduğu tarix) birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı 24.05.2021-ci il tarixinə qədər olan müddət üçün (2 il 1 ay 3 gün) 12 600 manata illik beş faizlə hesablanan 1323 manat (12 650 manat x 5% = 632,5 manat (illik) x 2 il 1 ay 3 gün = 1323 manat) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi rüsum məbləği cavabdehdən onun xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-787/2021 saylı iş üzrə 24 may 2021ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 21.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə 12 650 (on iki min altı yüz əlli) manat borc məbləği, 1323 (min üç yüz iyirmi üç) manat gecikdirmə faizi, 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 14 003 (on dörd min üç) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8585/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8585/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver