Məhkəmə qərarları › İş №2(103)-859/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-859/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-859/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4264/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh 38.400 (otuz səkkiz min dörd yüz) manat məbləğində, ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 2.000 (iki min) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 49.000 (qırx doqquz min) manat pulun və 2.000 (iki min) ABŞ dolları pulun (qaytaran gün Azərbaycan Respublikasının məzənnəsi ilə) ona ödənilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Cavabdeh onunla Xətai rayon Mühafizə idarəsində polis nəfəri vəzifəsində işləyərkən, onunla münasibəti yaranmışdır. 2017-ci ilin fevral ayında Cavabdeh ondan 18.000 manat pul istəyərək, ona hərracdan ucuz avtomobillər alıb daha baha satıb və yaxşı xeyir qaldığını bildirmişdir. 2017-ci ilin mart ayının əvvəllərində, o, Cavabdeh 18.000 manat pulun verilməsinə razılıq vermiş və Cavabdeh onun yaşadığı Bakı şəhəri Xətai rayon Gəncə prospekti, 61 saylı evin qarşısında 18.000 manat pulu ona vermişdir. Təxminən 10 gündən sonra, o,Emillə yaşadığı evin qarşısında tək görüşmüş və Emil ona 18.000 manat pulu və qazanc kimi 1.800 manat pul vermiş və ona bu da sənin qazancın demişdir. Emil daha sonra ona demişdir ki, 18.000 manat qalmış, ona pul lazım olsa gəlib götürərəcək. Təxminən 3-4 gündən sonra, Emil mobil telefonla ona zəng vuraraq, 18.000 manat pul lazım olacaq, gəlib ondan götürəcək. O da, ona razılıq vermiş və o, iş yerində olan zaman Emil onun yanına gəlib ondan18.000 manat pulu götürmüşdür. Təxminən 10 gündən sonra, Emil iş yerində onunla görüşmüş və ona 1.800 manat pul verərək, bu qazancdır, qalan 18.000 manat isə onda qalmasını demiş və həmin pulla işlər görəcəyini bildirmişdir. O, 1800 manatı Emildən götürmüş və Emillə razılaşmışdır ki, 18.000 manatı 2-3 aya qaytarsın. O, təxminən 10 gün sonra, yenə Emillə yaşadığı evin yaxınlığında görüşmüş və Emil ona 1.800 manat pul vermiş və bunun qazanc olduğunu deyərək, 18.000 manatı isə 2 aya qaytaracağını bildirmişdir.O, 2017-ci ilin aprel ayının əvvəllərində, idarə etdiyi «MercedesBenz E240» markalı **-CS-*** dövlət nömrə nişanlı avtomaşını Emilə 10 ay müddətində hər ay 2000 manat pul ödəməklə, 20.000 manata satmışdır. Emil iş yoldaşı olduğuna görə və hardasa ona inam yarandığına görə, o, Emilin şərtləri ilə razılaşmış və Emil dediyi şərtlə avtomaşını ona vermişdir. Səhəri günü, yəni xx xxxxx 2017-ci ildə, o, metronun “Həzi Aslanov” metrostansiyasının yaxınlığında Notariat Kontorunun qarşısında Emillə görüşmüş və notariat kontorunda aralarında kredit müqaviləsi bağlanmışdır. Təxminən 3-4 gündən sonra, Emil onunla görüşərək, işin gedişatı üçün 12.000 manat pul lazım olduğunu bildirmişdir. O, Emillə Bakı şəhəri Zabrat qəsəbəsində 12.000 manat pul vermiş və təxminən bir həftədən sonra o, Emillə iş yerində görüşmüş və Emil ona 1000 manat məbləğində pul vermiş və həmin pulun qazanc olduğunu bildirmişdir. Təxminən bir həftədən sonra, Emil onun yaşadığı evin yaxınlığında 1200 manat pul vermiş və qazanc olduğunu bildirmişdir. 2017-ci ilin may ayında Emilə 11.000 manat məbləğində pul vermiş və Emil pulu alıb getmişdir. xx xxx 2017-ci ildə isə Emil ona 1000 manat pul verərək qazanc olduğunu bildirmişdir. Həmin vaxtı Emil ondan 18.000 manat pul istəmiş və o, ümumilikdə 8000 manat və 2000 ABŞ dolları pul düzəldərək cavabdehə vermiş və cavabdeh pulu 4 gün içində qaytaracağını bildirmişdir. Lakin bu günədək cavabdeh onun pulunu qaytarmamışdır. O, «Mercedes-Benz E240» markalı **-CS-*** dövlət nömrə nişanlı avtomaşınla bağlı kredit müqaviləsi məhəsələsini məhkəmədə mübahisələndirmişdir. Hal-hazırda Cavabdeh 20.000 manat alınıb ona verilməsi barədə xx xxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qərarı var. O, cavabdeh onu aldadaraq pulunu ödəmədiyi üçün bununla əlaqədar dəfələrlə hüquq mühafizə orqanlarına müraciə etmiş və ona məhkəməyə müraciət tövsiyə edilmişdir. Cavabdeh hüquq-mühafizə orqanlarında verdiyi izahatlarında ona vediyi pulları etiraf edir, lakin ona həmin pulların qaytarılması barədə hər hansı bir möhtəbər sübut təqdim edə bilmir. Bununla da Cavabdeh ayrı-ayrı vaxtlarda aldığı 18.000 manat, 12.000 manat, 11.000 manat, 8.000 manat bir və 2.000 min ABŞ dolları alınmışdır. Həmin qeyd olunan məbləğ Cavabdeh alınıb mənə ödənilməlidir.Ona cavabdeh tərəfindən ödənilmiş cəmi 10.600 manat isə ona qazanc kimi verilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv ediləsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır,işə düzgün baxılmamışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Sonradan Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxmış, qanunun normalarının tələblərini pozaraq işin hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılqda müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən, Cavabdeh İddiaçı 2017-ci ildə müxtəlif vaxtlarda 18.000 manat, 12.000 manat, 11.000 manat, 8.000 manat bir və 2.000 min ABŞ dolları məbləğində borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İşin hallarından görünür ki, tərəflər arasında borc müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq tərəflərin izahatları sübutlardan biri kimi çıxış edir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən isə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçının iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən sonuncu tərəfindən yazılı sübut təqdim edimədiyi tədqirdə cavabdeh etiraf etdiyi məbləğlərlə bağlı iddiaçı həmin miqdarda pul verdiyini sübut etmək vəzifəsindən azaddır. Bu zaman əgər cavabdehlər borcunun etiraf olunmuş borcları ilə əlaqədar öhdəliklərinin icra olunmasını qeyd edirlərsə, qaytarmağı sübut etmək vəzifəsi məhz onların üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh həqiqətən də iddiaçıdan ayrıayrılıqda iddiaçının göstərdiyi miqdarda pul aldığını etiraf etmiş, lakin göstərilən məbləği tam ödənildiyini göstərsə də, iddiaçı tərəfindən bu hal təsdiqlənməmiş, lakin sonuncu 10600 manat pulun cavabdeh tərəfindən qaytarılmasını etiraf etmişdir. İşin bu hallarını nəzərə alaraq və yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh həmin məbləğdə borcun qaytarılması faktın sübut etmə vəzifəsindən azaddır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin qaytardığı pulların borc deyil, qazanc kimi ödənilməsi ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı qazanc əldə etmək məqsədi ilə cavabdehə borc verməsini hər hansı sübutla nə birinci instansiya məhkəməsində, nə də ki, kollegiyanın iclasında təsdiq edə bilməmişdir. Göründüyü kimi cavabdeh bağlanmış borc müqavilələri üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən, müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar