Məhkəmə qərarları › İş №2(103)-8593/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8593/2021

24.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8593/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1, İddiaçı2 vəkili Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 4.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh tərəf isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçılar ər-arvaddır. 2018-ci ildə iddiaçılar ilə cavabdehin arasında şifahi formada podrat müqaviləsi bağlanıb. Müqaviləyə görə cavabdeh üzərinə öhdəlik götürüb ki, iddiaçılara aid olan Xəzər rayonu, Buzovna qəsəbəsi, 798C saylı sahədə bir mərtəbəli ev tikəcək. İddiaçı1 bildirir ki, bu işin müqabilində cavabdehə hissə-hissə 14.700 manat pul ödəyib. Hazırda iddiaçı tərəf iddia edir ki, cavabdeh evi plana uyğun tikmədiyinə görə onlara 4.000 manat məbləğində maddi zərər dəyib. Cavabdeh buna etiraz edir, aldığı məbləğə uyğun iş yerinə yetirdiyini və iddiaçılara zərər vurmadığını bildirir. Ekspert rəyində (iş v. 67) qeyd olunub ki, həmin ev faktiki olaraq təmirsiz (təmir işləri başa çatdırılmamış) vəziyyətdə olduğu nəzərə alınaraq "xxxx" MMC-nin təqdim etdiyi eskiz layihəyə uyğun tikilməməsi nəticəsində iddiaçılara maddi ziyanın dəymədiyi müəyyən olunur. Rəydə daha sonra qeyd olunub ki, cavabdeh tərəfindən aparılan təmirtikinti işlərindən sonra evin daxilində iddiaçılar tərəfindən əlavə təmir-tikinti işləri aparıldığından (ilkin vəziyyət saxlanılmadığından) 2018-ci il tarixdə tikintiyə çəkilən xərcin həcminin (usta pulu və təmir xərcinin) nə qədər təşkil etdiyini və evin tikilməsi zamanı nə qədər vəsait tələb olunduğunu dəqiqliklə müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, cavabdehin iddiaçılara zərər vurduğu müəyyən olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 752 və 762-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar