Məhkəmə qərarları › İş №2(103)-8595/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8595/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8595/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı LPO "xxxx"ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması" tələbinə dair 2(005)-1962/2021 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx"ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11989,51 (on bir min doqquz yüz səksən doqquz manat əlli bir qəpik) manat - bundan 9453,43 (doqquz min dörd yüz əlli üç manat qırx üç qəpik) manat əsas, 1760,65 (bir min yeddi yüz altmış manat altmış beş qəpik) manat faiz, 433,52 (dörd yüz otuz üç manat əlli iki qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 341,91 (üç yüz qırx bir manat doxsan bir qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 23-4848 №-li 31 mart 2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 27480 (iyirmi yeddi min dörd yüz səksən) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 21.12.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 11989,51 (on bir min doqquz yüz səksən doqquz manat 51 qəpik) manat təşkil edir. Bundan 9453,43 (doqquz min dörd yıiz əlli üç manat 43 qəpik) manat əsas, 1760,65 (bir min yeddi yüz altmış manat 65 qəpik) manat faiz, 433,52 (Dörd yüz otuz üç manat 52 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 341,91 (İç yüz qırx bir manat 91 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********024 saylı 06.01.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 9453,43 (doqquz min dörd yüz əlli üç manat qırx üç qəpik) manat əsas borc, 1760,65 (bir min yeddi yüz altmış manat altmış beş qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə, ümumilikdə 11314,08 (on bir min üç yüz on dörd manat səkkiz qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesablanmış faiz borcu məbləği ilə razı deyil, hesablanmış faiz məbləği həqiqəti əks etdirmir. Hesablanmış faiz məbləğinin yenidən hesablanmasına zərurət var və cavabdeh hesab edir ki, məhkəmə işin bu halını kifayət qədər araşdırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 31 mart 2017-ci il tarixli, 23-4848 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 27480 (iyirmi yeddi min dörd yüz səksən) manat məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 31 mart 2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 27480 manat məbləğində kredit vəsaitini almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş qrafikinə görə Cavabdeh hər ay 912,98 manat, son ay üçün idə 911,01 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 23-4848 №-li 31 mart 2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 9453,43 (doqquz min dörd yüz əlli üç manat qırx üç qəpik) manat əsas, 1760,65 (bir min yeddi yüz altmış manat altmış beş qəpik) manat faiz, 433,52 (dörd yüz otuz üç manat əlli iki qəpik) manat cərimə, ümumilikdə 11989,51 (on bir min doqquz yüz səksən doqquz manat əlli bir qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 06.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu 31 mart 2017-ci il tarixli, 23-4848 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcunu 3 gün müddətində ödəmədiyi təqdirdə bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 449.1, 449.4 və 739-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh hesablanmış faiz məbləğinin yenidən hesablanmasına zərurət olduğunu bildirsə də bu dəlilini əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə tərəfindən iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə digər borclarla yanaşı, faiz borcuda düzgün müəyyən edilmişdir, faiz borcunun yenidən hesablanmasına zərurət yoxdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1962/2021 nömrəli mülki iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar