Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8598/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 3822/20 nömrəli qərardadından İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin ərizə verərək işə mahiyyəti üzrə baxılıb nəticə verilənədək iddianın təmini tədbiri kimi “X4 LC 200" markalı, dövlət nömrə nişanlı **-AA-*** avtomobilin üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitəsindən istifadənin cavabdehə və digər şəxslərə qadağan edilməklə nəqliyyat vasitəsinin məcburi saxlanc meydançasına yerləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim S.Ədilova, iş № 2(005)-3822/20) ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, “X4 LC 200” markalı, ** AA *** dövlət nömrə nişanlı (JTMHU01J5J5143190 – Ban, B766929 mühərrik, rəngi Qara, buraxılış ili - 2018) avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İddiaçı Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın qismən, yəni ərizənin təmin edilmədiyi hissədə ləğv edilməsini və “iddianı təmin etmə tədbiri haqqında” ərizənin tam təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, nəqliyyat vasitəsini xx xxxxxxxx 2018-ci il tarixində “xxxxxxxxxxxxxx” MMC-dən almışdır. Alınan nəqliyyat vasitəsinin mühərrik nömrəsi B766929, BAN nömrəsi isə JTMHU01J5J5143190-dır. BDYP tərəfindən təqdim edilən nəqliyyat vasitəsinin şəhadətnaməsindən də bəllidir ki, ona məxsus nəqliyyat vasitəsi Cavabdeh MMC-nin adına sənədləşdirilib. Cavabdehin əldə etdiyi nəqliyyat vasitəsini inkar etməsi onun dürüst olmadığından irəli gəlir. Məhkəmənin ərizəni qismən təmin etməsi, qarşı tərəfin ona məxsus əmlakı məhv etməsi ilə nəticələnə bilər və ya nəqliyyat vasitəsi üzərindəki yeni ehtiyat hissələrinin çıxarılaraq köhnələri ilə əvəz edilməsilə gələcəkdə məhkəmə qətnaməsinin icrasına əngəl törədə bilər. İş üzrə Cavabdeh MMC də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət vermiş və şikayətində qərardadın ləğv edilməsini, ərizənin rədd olunmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli nəqliyyat vasitəsinin həqiqətən cavabdehin mülkiyyətində və ya digər şəkildə qanuni sahibliyində-istifadəsində olmasına dair məhkəməyə hər hansı sənəd-sübut təqdim etməmişdir. Məhkəmə isə heç bir əsasa söykənmədən (bu barədə ilkin sübutlar olmadan) həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə qadağa qoymuşdur. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Ə.Hüseynli məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, İddiaçı şikayəti isə təmin olunmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddianı təmin tədbirinin tətbiq edilməsinə dair ərizə tam təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi mübahisələndirilən avtomobilin alqı-satqısına dair müqavilənin ləğv edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması barədədir. İddianı təmin tədbirinin tətbiqinə dair ərizədə tətbiq olunması xahiş edilən məsələlər isə aşağıdakılardan ibarətdir: - avtomobilin üzərinə həbs qoyulması; - onun istifadəsinə qadağa qoyulması; - müvəqqəti saxlama meydançasına qoyulması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və s. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın təmini tədbirinin tətbiqi barədə ərizəni müzakirə edərkən tətbiq olunması tələb olunan iddianı təmin tədbirlərindən birini deyil, öz mülahizəsinə görə uyğun hesab etdiyi başqa növ iddianı təmin tədbirini (avtomobilin özgəninkiləşdirilməsinə qadağan qoyulması) tətbiq etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaətini əsaslı saymır və qeyd edir ki, iddiaçının tətbiq olunmasını tələb etdiyi iddianı təmin tədbirləri ilə iddia tələbinin arasında xüsusi bağlılıq vardır. İş üzrə qorunan mübahisə obyekti, yəni avtomobil məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilər. Bu baxımdan hazırkı vəziyyətdə tələb olunan növdə iddianı təmin tədbirinin tətbiqi iddianın özünün gələcəkdə mümkün təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəlmişdir. Qeyd olunduğu kimi, iddiaçı mübahisələndirilən nəqliyyat vasitəsinin onun mülkiyyətinə qaytarılmasını tələb edir. Belə olan halda, avtomobil birbaşa icra predmeti hesab olunur və onun gələcəkdə mövcud olmaması, yaxud yararlı vəziyyətdə olmaması iddianın təmin olunacağı təqdirdə qətnamənin icrasında çətinliklər yaradacaqdır. Nəqliyyat vasitəsinin hazırda cavabdehin, yaxud digər şəxslərin istifadəsində olması arzuolunmaz nəticələrə (qəza, aşınma, ehtiyat hissəsinin əvəzlənməsi, gizlədilməsi və s.) gətirib çıxara bilər ki, bu da iddia əsaslı sayılacağı təqdirdə, qətnamənin gələcəkdə icrasının, yəni, avtomobilin iddiaçıya qaytarılmasının təmin edilməsi üçün birbaşa maneədir, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən haldır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri institutu öz mahiyyətinə görə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız bir prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, iddianı təmin tədbirinə dair ərizədə göstərilənlər qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən hal kimi müəyyən edildiyindən, mübahisələndirilən qərardad ləğv olunmalı, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun. İddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə təmin edilsin. İşə mahiyyəti üzrə baxılıb həll edilənədək “X4 LC 200” markalı, ** AA *** dövlət nömrə nişanlı (JTMHU01J5J5143190 – Ban, B766929 mühərrik, rəngi Qara, buraxılış ili - 2018) avtomobilin üzərinə həbs qoyulsun. Həmin nəqliyyat vasitəsindən istifadə cavabdehə və digər şəxslərə qadağan edilsin və nəqliyyat vasitəsi götürülərək müvəqqəti saxlama meydançasına yerləşdirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 həvalə edilsin. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Məmməd Məmmədov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8598/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8598/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver