Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8604/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Həm iddiaçı, həm də digər iddiaçıların nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı ödənilmiş pulun qaytarılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 2(001)-1394/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasında “çiller” (isitmə-soyutma) sisteminin quraşdırılması üçün ödənilmiş 20525 ABŞ dolları, sonradan evlərinə quraşdırdıqları kondisioner-kombi sistemlərinə görə 20270 manat, kommunal xərclərə görə maddi zərərin əvəzi qismində 18000 manat, mənəvi zərərin əvəzi kimi 30000 manat, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 31 manat pulun cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 2(001)- 1394/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" mənzil-tikinti kooperativindən “çiller” sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dolları (ödəniş anında Azərbaycan manatına olan məzənnəyə uyğun), mənəvi zərərə görə 1000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, məhkəmə tikinti texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsinin "xxxx" MTK-dan, 50 manat məbləğində hissəsinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Birgə iddiaçılar apellyasiya şikayətində iddia tələbinin tam təmin olunmasını, cavabdeh isə qətnamənin ləğv olunaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli 2(103)- 6574/2018 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 2(001)- 1394/2018 saylı qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş və həmin hissələrdə də iddia təmin edilməmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə verdikləri apellyasiya şikayəti isə təmin edilməmiş, qətnamə onların apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdikləri hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(102)- 7859/18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(103)-4127/2019 saylı qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(102)-1953/20 saylı qərarı ilə cavabdeh "xxxx" MTK-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(103)-6236/2020 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdeh "xxxx" MTK-dan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə 20270 manat məbləğində pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(102)- 3024/2021 saylı qərarı ilə iddiaçıların və cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsində iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayətləri təmin edilmədikdən sonra iddiaçılar kassasiya şikayəti vermədiklərinə görə qətnamə iddianın təmin edilməyən hissəsində qanuni qüvvəyə minmişdir. Buna görə də iş cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılır və hazırkı apellyasiya baxışının predmetini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 2(001)-1394/2018 saylı qətnaməsinin iddia tələbinin təmin edilən hissəsi təşkil edir. Cavabdeh "xxxx" MTK apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçıların yaşadığı binada cavabdeh tərəfindən 2009-cu ildə “Çiller-Fankoyl” sistemi (isitmə və soyutma sistemi) quraşdırılmış və sakinlərin istifadəsinə verilmişdir. Soyutma sistemi işlək vəziyyətdədir və sakinlər hazırda soyutma sistemindən istifadə edir. İsitmə sistemi isə “Azəriqaz” İB tərəfindən qaz xətti bağlandığına görə hazırda həmin sistemdən istifadə etmək mümkün deyil. “Çiller” sisteminə görə ödənişlər 2008-2009-cu illərdə edilmiş, 2009cu ildən isə həmin sistem quraşdırılmış və işlək vəziyyətdə olmuşdur. İddiaçılar məhkəməyə müraciət edilən dövrədək binada quraşdırılmış bu sistemdən narazı olmamış və məhkəmədə və ya digər qurumlarda bu məsələni mübahisələndirməmişlər. İddiaçılar sistemdə yaranmış nasazlığın aradan qaldırılması tələbinə dair iddia qaldırmaq əvəzinə ödədikləri pulu geri tələb etmiş, məhkəmə isə həmin iddianın təmin edilməsinin mümkünlüyünü araşdırmadan əsassız yerə iddianı təmin etmişdir. Bundan əlavə, məhkəmə iddia müddətinin tətbiq edilməsi haqqında ərizəyə qiymət verməmişdir. Təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında həm iddiaçı, həm də digər iddiaçıların nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi Vəkil2 cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli, 2(001)-1394/2018 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissələrdə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 25 iyun 2007-ci il tarixli müqavilələrdən görünür ki, İddiaçı2 və İddiaçı3 "xxxx" MTK-dan müvafiq olaraq 2 otaqlı, 106,5 kv.metr ölçüdə və 4 otaqlı, 185 kv.metr ölçüdə mənzillər almışlar. 06 oktyabr 2007-ci il tarixli müqavilədən görünür ki, İddiaçı1 "xxxx" MTK-dan 3 otaqlı, 119 kv.metr ölçülü mənzil almışdır. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 1də yerləşən 81 saylı mənzil İddiaçı1, 82 saylı mənzil İddiaçı2, 83 saylı mənzil İddiaçı3 mülkiyyətindədir. İşdə olan "xxxx" MTK-nın 23 mart 2009-cu il, 07 avqust 2008-ci il və 06 iyun 2008ci il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı1 “Çiller” sisteminin qurulması üçün "xxxx" MTK-ya 5950 ABŞ dolları, İddiaçı2 5325 ABŞ dolları, İddiaçı3 isə 9250 ABŞ dolları, cəmi 20525 ABŞ dolları məbləğində pul ödəmişlər. İşdə olan məhkəmə tikinti texniki ekspertizasının 20 fevral 2017-ci il tarixli 1004 saylı rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına baxış zamanı müəyyən edilmişdir ki, həmin binanın bütün mərtəbələrinin blok hissəsinin meydançasında kollektor sistemi quraşdırılmış, hər bir mənzilə kollektordan ayrı-ayrı boru vasitəsilə giriş-çıxış verilmişdir. 81, 82 və 83 saylı mənzillərə baxış zamanı həmin mənzillərin otaqlarında Fankoyl avadanlıqları quraşdırıldığı müəyyən edilmişdir. Bununla yanaşı, təqdim olunan binanın həyətyanı sahəsində həmin binada yerləşən mənzillərin soyudulması üçün “Çiller” avadanlığı (mərkəzləşdirilmiş soyutma sistemi) quraşdırılmışdır. Lakin həmin sistemin işlək vəziyyətə gətirilməsi üçün sistemə verilən qaz xətti bağlı olduğundan, eləcə də qış mövsümü olduğundan həmin sistemin işlək vəziyyətdə olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Binaya mərkəzləşdirilmiş “Çiller Fankoyl” sisteminin çəkildiyi müəyyən edilmiş, lakin yuxarıda qeyd olunanlara əsasən, həmin sistemin texniki cəhətdən işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan əlavə məhkəmə tikinti texniki ekspertizasının 18 dekabr 2017-ci il tarixli 16857 saylı rəyindən görünür ki, binada texniki cəhətdən qazanxana və çiller sistemi işlək deyil və işlək vəziyyətə gətirmək üçün bir neçə gün iş və yenidənqurma işləri görülməlidir. Qazanxanada ortada olan iki qazandan biri tam sökülmüş formada, digəri isə təmirə yararsız vəziyyətdədir. Qazanların uzun müddət belə qalması istismara yararlı olmasını mümkünsüz edir. Quraşdırılmış avadanlıqların pompalarının çiller və qazanın çoxmərtəbəli binanın tam hesabat tələblərinə uyğun olmamağı, qış və yay mövsümlərində istifadəçilərin tələblərini tam təmin edə bilməməsi boruların ölçülərindən bilinir. Qazanxanada nəmişliyin və rütubətin normadan çox olması, havalandırma sisteminin olmaması, avadanlığın istismar müddətindən tez sıradan çıxmasını və tez-tez servis xidmətinə ehtiyac olmasını bildirir. Təhlükəsizlik normaları və qaydalarına əməl olunmamışdır. Bu qazanxananın zirzəmidə yerləşməsi, havalandırma sisteminin olmaması, dəm qazı sensorlarının quraşdırılmaması insan təhlükəsizliyinə və partlayışa səbəb ola bilər. Tüstü bacalarının düz quraşdırılmaması yanmış qazların ixrac olunmasına maneə törədir. 81, 82 və 83 saylı mənzillərə çəkilmiş xətlər texniki cəhətdən işlək vəziyyətdə deyil. İsti və soyuq havanın bütün mərtəbələrdə bərabər paylanması üçün xətlərin diametri normalara uyğun hesablanmamışdır. Bu səbəbdən texniki işlək sayılmır. Mənzillərdə sakinlər tərəfindən qoyulan fankoillər işlək olsa da dövriyyəsi çox zəif və yox dərəcəsində olması texniki cəhətdən işlək vəziyyətdə olmamasını göstərir. İsti və soyuq havanın bütün mərtəbələrdə bərabər paylanması üçün xətlərin diametri normalara uyğun hesablanmamışdır. Mərtəbələrdə yerləşən paylaşım kollektorlarında balans yaradan vannaların quraşdırılmaması və boruların ölçü sistemi normadan aşağı olduğundan, qısa və uzaq dövriyyənin tənzimlənməsi mümkün olmadığından yuxarı mərtəbələrdə dövriyyə pozuntusunun yaranması qaçılmazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi hazırkı iş üzrə 07 iyun 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 765-ci maddəsini tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur...Beləliklə, hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddiaçıların öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmaqla həmin Məcəllənin 776-cı maddəsində müəyyən edilmiş xüsusi iddia müddətinin keçib-keçmədiyi müəyyən edilməli idi.” Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 776-cı maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. İş materiallarından görünür ki, iddiaçılar onlara məxsus mənzillərdə “Çiller” (isitməsoyutma) sisteminin quraşdırılması üçün 2008-2009-cu illərdə ödəniş etmiş, 2009-cu ildə həmin binada “Çiller” sistemi quraşdırılmış, bina sakinləri 2009-cu ildən başlayaraq həmin sistemdən istifadə etməyə başlamışlar. 12 aprel 2015-ci il tarixdə binada baş vermiş bədbəxt hadisə ilə əlaqədar “Azəriqaz” İB tərəfindən "xxxx" MTK-nın qazanxanasına verilən qaz dayandırıldığından, mənzillərə isti su verilməsində fasilə yaranmışdır. Binanın soyutma sistemində isə hər hansı nasazlıq yaranmamışdır. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, “ödəniş tarixindən və binanın təhvil verilməsinin üzərindən illər keçməsinə baxmayaraq, bu günə qədər sistem hələ də işlək vəziyyətə gətirilməyib və ödənişi alan şəxs sistemi təhvil verməkdən boyun qaçırır.” İş materialları ilə cavabdeh tərəfindən qeyd olunan binadakı mənzillərə, o cümlədən iddiaçılara məxsus mənzillərə bu sistemin quraşdırıldığı öz təsdiqini tapır. Yəni tərəflər bunu inkar etmədiyindən bu, işin mübahisəsiz halıdır. Lakin iddiaçı tərəf həmin sistemin quraşdırıldığı vaxtdan bu günə qədər işləmədiyini iddia edir, cavabdeh tərəf isə əksinə həmin sistemin soyutma hissəsinin bu günə qədər işlədiyini, isitmə sisteminin isə 2015-ci ilin aprel ayınadək, yəni qaz xətti kəsilənədək işlədiyini bəyan edir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı "xxxx" MTK-nın nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini xahiş etmişdir. (1-ci cild i.v.51) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar icranın qüsuru barədə məlumatlı olduqları vaxtdan 1 il keçdikdən sonra hazırkı tələbi irəli sürdüklərindən, iddia müddətinin keçməsi əsasına görə iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiyası məhkəməsi mənəvi zərərin qismən təmin edilməsi hissəsində də düzgün nəticəyə gəlməmişdir. Belə ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. Çünki, iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı tələbinin əsası kimi istinad etdiyi bu halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 2(001)- 1394/2018 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Cavabdeh "xxxx" MTK tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçılardan alınıb cavabdehə verilsin. Məhkəmə tikinti texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8604/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8604/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver