Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8606/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Ləğv prosessində olan Cavabdeh Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosessində olan Cavabdeh Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-1570/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosessində olan Cavabdeh Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi və 50.000 manat mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırmışlar ki, 2013-2014-cü illərdə “xxxx" ASC-dən əvvəlcə 4000 manat kredit götürmüşlər, onun 2000 manat hissəsi qalanda əlavə kredit götürmüşlər ki, özlərinə avtomobil alsınlar. Bu məqsədlə “Ford Tranzit" markalı ** HT *** dövlət nömrə nişanlı avtomobili almışlar. Tərəfindən ABŞ dolları 0.78 manat, eləcə də 1.05 manat olanda da vaxtı-vaxtında ödənişləri olmuşdur. Belə ki, 1.05 manat olduğu zaman onunla müqaviləyə əlavə bağlanmış və müddət uzadılmışdır. Lakin, 1 ABŞ dolları 1.70 manat və ondan yuxarı olan dövrdə krediti ödəmək imkanı olmamış və məcbur olub ödəməni dayandırmışlar. Sonrakı dövrdə bank onu məhkəməyə verərək, kredit müqaviləsi üzrə ödənilməmiş məbləğin qaytarılmasını tələb etmişdir. Füzuli rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(064)-4606/2016 saylı məhkəmə əmri ilə onlardan müştərək qaydada 6443.35 ABŞ dolları əsas borc, 1214.64 ABŞ dolları faiz borcu və 286,52 ABŞ dolları cərimə olmaqla cəmi 7944.51 ABŞ dolları əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxx" ASC-nin xeyrinə tutulması barədə qət edilmişdir. Məhkəmə əmrinin icrası ilə bağlı onları ‘'xxxx" ASC-nin inzibati ofisinə dəvət etmiş və həmin vaxt təklif etmişlər ki, kredit borcunun bağlanması və məhkəmə əmrinin tam icra olunması ilə bağlı 8000 manat ödəniş olunduğu halda, tələblərindən imtina edəcəklər. Məcbur olub götürdükləri kredit üzrə alınmış “Ford Tranzit" markalı ** HT *** dövlət nömrə nişanlı avtomaşını təcili olaraq dəyərindən qat-qat ucuz qiymətə satıb pulunu banka ödəmişlər. Yekunda isə "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli xx xxx 5745 saylı məktubla icra şöbəsinə məktub göndərilmişdir. Göründüyü kimi, 2017-ci ildən halhazıradək olan dövrdə kredit müqaviləsi üzrə öhədlikləri icra etdikləri halda, bankın ləğvedieisi kimi ona həvalə edilmiş öhdəliklərin icrasından yayınmış, kredit borcu üzrə barələrində olan məlumatları mərkəzləşdirlmiş kredit reyestrinə daxil etməmiş, nəticədə Prezidentin məlum Fərmanı üzrə onlara ödənilməli olan pul vəsaitinin vaxtında verilməsindən məhrum olmuşlar. Bu baxımdan hesab edirlər ki, mənəvi ziyanın məbləğinin 50000 manat olması daha ağlabatandır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-1570/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı1 və İddiaçı2 xx.xx.2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsinin Ləğv prosessində olan “xxxx” ASC-nin üzərinə vəzifə kimi qoyulması, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, müvafiq kredit müqaviləsi üzrə İddiaçı1 banka ödənilməmiş kredit borcu qalmışdır. İcra sənədi üzrə icraata xitam verilməsi onların borcunun olmamasına dəlalət etmir. Birinci instansiya məhkəməsi ekspertiza təyin etmədən əsassız olaraq iddia tələbini təmin etmişdir. Həmçinin iş üzrə aidiyyət qaydalarıda pozulmuşdur. Belə ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu göstərilsə də, işə Nərimanov Rayon Məhkəməsində baxılmışdır. Halbuki cavabdehin hüquqi ünvanı Nəsimi rayonu ərazisinə düşür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıları isə apellyasiya şikayətinə etiraz edərək izahatlarında bildirmişlər ki, onların banka heç bir borcu qalmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddia tələbinin təmin olunan hissəsini mübahisələndirdiyi aydın olur. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsi ləğv edilərək həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC tərəfindən Füzuli rayon İcra Şöbəsinə ünvanlandığı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli 2(064)- 4606/2016 saylı icra vərəqəsi üzrə icra işinə İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli 2(064)- 4606/2016 saylı icra vərəqəsindən görünür ki, qeyd edilən icra işinə xitam verilmişdir. İş materiallarında olan Füzuli rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(064)- 4606/2016 saylı məhkəmə əmrindən görünür ki, İddiaçı1 və İddiaçı2 müştərək qaydada 6443.35 ABŞ dolları əsas borc, 1214.64 ABŞ dolları faiz borcu və 286,52 ABŞ dolları cərimə olmaqla cəmi 7944.51 ABŞ dolları əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, onun xx xxxxxx 2019-cu il tarixli ərizəyə ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. İddiaçı1 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 8037.39 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi İddiaçı2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı1 bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə xx xxxxxx 2016-cı il tarixli 2(064)-4606/2016 saylı məhkəmə əmri ilə İddiaçı1 və İddiaçı2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 7944.51 ABŞ dolları və 20 manat dövlət rüsumu borcun tutulması əmr edilmişdir. Əmr qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Əmr qüvvəyə mindikdən sonra banka 5019.5 ABŞ dolları ödəniş həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixə sözügedən əmr üzrə "xxxx" ASC qarşısında 2925.01 ABŞ dolları borc öhdəliyi mövcuddur. Qeyd olunan borc məbləğinin ödənilməsi tövsiyyə olunur. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 528-ci maddəsinə görə isə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıların cavabdeh banka borclarının qalmadığı və onlara kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməli olması nəticəsinə gəlsə də, bu vəzifənin cavabdeh olmayan ləğv prosessində olan “xxxx” ASC-nin üzərinə qoymaqda səhvə yol vermişdir. Belə ki, “xxxx” ASC hazırda ləğv prosesindədir və Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu həmin bankın ləğvedicisi təyin edilməklə həmin bankın aktivlərinin idarə edilməsi fonda həvalə edilmişdir. Belə olan halda kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsi ləğv prosesində olan Ləğv prosessində olan Cavabdeh Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun üzəri qoyula bilər. Apellyasiya şikayətinin iddiaçıların banka borclarının qalması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya şikayətinin aidiyyət qaydalarının pozulması ilə qətnamə qəbul edilməsi barədə dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İş materiallarında görünür ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak etsə də, işi aidiyyəti üzrə göndərilməsi barədə ərizə ilə mhəkəməyə müraciət etməmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, İddiaçı1 və İddiaçı2 xx.xx.2014cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsi Ləğv prosessində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə vəzifə kimi qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilən dövlət rüsumunun məbləği onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti qsimən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-1570/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “İddiaçı1 və İddiaçı2xx.xx.2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsinin Ləğv prosessində olan “xxxx” ASC-nin üzərinə vəzifə kimi qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2xx.xx.2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsi Ləğv prosessində olan Cavabdeh olan Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə vəzifə kimi qoyulsun. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8606/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8606/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver