Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-861/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4470/2022 saylı, 11 oktyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 12 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək qaytarmaq şərti ilə 15000 manat kredit verməyi, borcalan isə həmin tarixədək krediti qaytarmağı öhdəsinə götürmüşdür.
2. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 18 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 23000 manat kredit verməyi, borcalan isə həmin tarixədək krediti qaytarmağı öhdəsinə götürmüşdür.
3. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 17 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 20000 manat kredit verməyi, borcalan isə həmin tarixədək krediti qaytarmağı öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat borc, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 manat borc, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat borc, vurulan zərərin əvəzi olaraq 2000 manat, dövlət rüsumuna görə 271 manat olmaqla cəmi 60271 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, cavabdehə cəmi 58000 manat borc pul verməsinə baxmayaraq cavabdeh notarial qaydada bağlanmış və əvvəlcədən razılaşdırılmış vaxtda pulu qaytarmaqdan imtina etmişdir. Borcu vaxtında qaytarmaması səbəbindən əldən çıxmış faydanın əvəzinin də cavabdehdən onun xeyrinə tutulması zəruridir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borcun ödənilməsini qanunsuz və əsassız olaraq icra etməmiş və kreditor olaraq ona ciddi şəkildə zərər vurmuşdur. Belə ki, cavabdeh, əsas borc məbləği olan 58000 manatı qaytarmamaqla yanaşı, onun pul vəsaitindən 16 ay müddətində istifadə etməklə ona zərər vurmuşdur. Namiqə məhkəməyə təqdim etdiyi kredit müqavilələrində qeyd olunan cəmi 58000 manat borcdan əlavə 2019-cu ildən başlamaqa Namiqlə bağladığı müqavilələr ərəfəsində davam etməklə, 58000 manat borcdan əlavə, şifahi qaydada hissə-hissə nağd şəkildə 92000 manat borc vermişdir. Belə ki, Namiq ona ev təmir etdiyini, mebel alıb-satmasını, birilkdə qazanc əldə edə biləcəklərini dediyindən o, mülkiyyətində olan əmlakları satıb qazanc əldə etmək, birlikdə biznes fəaliyyəti göstərmək məqsədi ilə Namiqə pul vermişdir. Namiq aldığı pulu hissə-hissə qaytardığı üçün o, 58000 manata dair müqavilə bağladığı ərəfədə Namiqə verdiyi 92000 manata görə onunla müqavilə bağlamamışdır. Lakin Namiq ona qazanc veməmiş, aldığı pulu Raminə, Sənana faizə borc vermişdir. Alxasa isə o, borcu Namiqin xahişinə əsasən vermişdir. Namiqə verdiyi 92000 manat borcun 32000 manatını Namiq il yarım əvvəl, 60000 manatını isə ona hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən təxminən 45 gün sonra Sənan Məmmədov qaytarmışdır. Sənan 60000 manatı ona qaytardıqdan sonra Namiqin ona zəng etməsini, ona verdiyi 60000 manatı geri qaytarmasını, məhkəmədə Namiqin həmin 60000 manatı ona verəcəyini, əks halda Namiq ondan şikayət edəcəyini demişdir. O, isə Namiqin yazılı sübutunun olmamasını, Sənandan şikayət ediləcəyi halda onunla birlikdə gedib pulu almasını etiraf edəcəyini demişdir. Cavabdehin vəkilinin məhkəməyə təqdim etdiyi səs yazısı onun məhkəməyə müraciət etdikdən sonra Sənanla danışığıdır, o, səs yazısında şifahi qaydada nağd olaraq verdiyi pulun ona qaytarılması barədə danışmışdır. Sənan onun notarial qaydada Namiqlə bağladığı müqavilələrə əsasən aldığı 58000 manatı deyil, Namiqin ondan aldığı 92000 manatın 60000 manatını ona qaytarmışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4470/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Şabanov X2 Namiq Hafiz oğluna xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat borc vermiş, cavabdeh aldığı borcu X3 vermiş, daha sonra X4 aldığı borca görə 60000 manat pul vəsaitini İddiaçı qaytarmışdır. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehə iddia ərizəsində qeyd etdiyi borc müqavilələrini bağladığı ərəfədə həmin müqavilələrə əsasən, borc verdiyi 58000 manatdan əlavə hissə-hissə 92000 manat borc verməsini, məhkəməyə müraciət etdikdən sonra X1 ona qaytardığı 60000 manat pulun iddia tələbində qeyd etdiyi müqavilələr üzrə verilən 58000 manata deyil, 92000 manat borca aid olmasını bildirsə də, cavabdehə 92000 manat borc verməsinə dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında isə cavabdeh izahatında iddiaçıdan 92000 manat borc almadığını, şahid qismində dindirilən X4 ifadəsində iddiaçıya verdiyi 60000 manatın cavabdehin onun üçün iddiaçıdan notarial qaydada bağlanan müqavilələrə əsasən aldığı borc vəsaiti olmasını təsdiq etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, məhkəmə araşdırması zamanı isə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli kredit müqavilələrinə əsasən, iddiaçının tələb etdiyi borca və vurulan zərər görə 60000 manatın iddiaçıya ödənilməsi öz təsdiqini tapdığından iddia tələbləri təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, o, faizə pul vermək fəaliyyəti ilə məşğul deyil və məhkəmə tərəfindən də müəyyən edildiyi kimi müqavilələrdə heç bir formada faiz göstərilməmişdir. Belə olsaydı, həmin müqavilələrdə faiz göstərilə və gələcəkdə öhdəliklər pozulduğu təqdirdə faizə verilmiş borca görə iddia irəli sürər, faizləri və digər formada gəlirini əldə edərdi. Məhkəmə tərəfindən işə tərəfli yanaşılmamış və bitərəflik prinsipi kobudcasına pozulmuşdur. Cavabdehin bütün izahatlarını mötəbər və sarsılmaz sübut kimi nəzərə alan məhkəmə iddiaçının bütün şifahi vəsatətlərinə məhəl verməyərək cavabdehdən bir dəfə də olsun “borcu qaytarmışdınsa niyə müqaviləyə xitam verdirmirdin?” sualını ona ünvanlamamışdır. Məhkəmədə iddia qaldırarkən işin ümumi faktları, daha sonradan məhkəmədə verilən izahatlarda isə işin digər halları qeyd edilmişdir. Cavabdeh 92.000 manat da ondan borc pul alıb və bu, şifahi formada olmuşdur. Lakin hakim tərəfindən birmənalı olaraq həmin borcun iddia tələbinə dair olmasına inanılmışdır. Nəzərə alınması zəruridir ki, qanunvericilik bununla bağlı bir qayda müəyyən edib. Borc notarial qaydada verilməlidir və daha sonra müqavilə öhdəliyi yerinə yetirildikdən sonra da ləğv edilməlidir. Cavabdeh tərəfindən işə aidiyyəti olmayan mülahizələrlə məhkəməyə müraciət edilmiş, mənşəyi müəyyən edilməyən "sübut"lar məhkəməyə təqdim edilmiş, cavabdehin dostu olan, birlikdə "iş çevirdikləri", faizə pul verdiyi şəriki onun şahidi kimi çıxış etmişdir. Məmmədov Sənan cavabdehin tanışı və ortağı olmaqla əvvəlcədən öyrədilmiş ssenari üzərində ifadə vermişdir. Halbuki, hakim tərəfindən Məmmədov Sənanın adının bir çox yerdə cavabdeh tərəfindən çəkilməsinə məhəl qoyulmayaraq o, şahid kimi tanınmış və ifadəsi alınmış, bu azmış kimi, onun ifadəsi mötəbər sübut kimi qiymətləndirilərək iddia rədd edilmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən konkret pozuntulara yol verilərək iddiaçının hüquqlarının pozulmasına dair qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının konstitusion hüququ məhkəmədə bitərəf qaydada müdafiə olunmaqdır. Lakin burada bitərəflilik kobud şəkildə pozulmuşdur. Bir daha qeyd edir ki, onun tərəfindən izahat verilərkən bütün faktlar ayrılıqlı göstərilmiş, cavabdehin 92.000 manat alması faktı da xüsusilə ona görə vurğulanmışdır ki, məhkəməyə aydın olsun ki, o, cavabdehə necə etibar etmişdir. Məhkəmə özü də öz qətnaməsində müəyyən etmişdir ki, ona pul vəsaiti Namiq özü deyil, Sənan vermişdir. Həqiqətən də, Sənanın verdiyi pul vəsaiti 92000 manata aid olmuş, notarial qaydada bağlanan müqavilələrlə heç bir əlaqəsi olmamışdır. Məhkəmə tərəfindən 92000 manatla bağlı tərəfindən verilmiş izahat əsassız olaraq guya notarial kredit müqavilələrinə aid olduğu kimi tanınmışdır. Halbuki onun həmin izahatı verərkən 92.000 manatı xüsusilə qeyd etməyinə səbəb o olmuşdur ki, o, cavabdehə olan etibarını sərgiləmişdir. Qanunsuz olaraq onun notarial qaydada verdiyi pul vəsaiti nağd şəkildə, şifahi borc müqaviləsinə əsasən verilmiş pul vəsaiti ilə eyniləşdirilmişdir. Məhkəmə tərəfindən nəzərə alnmamışdır ki, cavabdehin "92000 manat borcum olmamışdır" sözünə inanılmışdır. Halbuki, nəzərə alınmalı idi ki, cavabdeh əgər notarial qaydada verilmiş pul vəsaitindən yayınırsa, şifahi borc müqaviləsinə əsasən verilmiş pul vəsaitindən qeydşərtsiz yayınacaqdır. Bu hallar məhkəmə tərəfndən kifayət qədər araşdırılmamış və kortəbii şəkildə izahatlara və qanunsuz toplanılmış səsyazısına-"sübutlara" önəm verilmişdir. Cavabdehin vəkili tərəfndən də guya hazırda onun başqa məhkəmədə başqa şəxslərə qarşı iddia qaldırmağı qeyd edilərək guya onun haqsız iddialar verməyinə yönələn sərgiləmə irəli sürülmüşdür. Halbuki, vəkil özü də qanunsuz hallara yol verməklə iddianın təmin edilməməsinə səbəbkar olmuşdur. Onun qanunsuz hərəkətlərindən də tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına verilməsi üçün şikayət tərtib edilmiş və yaxın günlərdə göndəriləcəkdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi, apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırdığı “ərizə” başlıqlı yazılı izahatında, eyni zamanda məhkəmə iclasında verdiyi şifahi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin 528, 529.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Çünki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilmişdir.
20. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə kredit müqavilələrini təqdim etmişdir. Cavabdeh də iddia tələbinə etiraz edərək həmin müqavilələr üzrə aldığı borc məbləğinin qaytarıldığını bəyan edir.
21. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.
22. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı haqqında yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə, əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcu olmadığını yaxud hazırki işdə olduğu kimi tələb edilən öhdəliyi icra etdiyini bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də onlar arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında qeyd ounan kredit müqavilələri üzrə alınmış borcun qaytarıldığını iddiaçı dolayı da olsa təsdiq edir. Yəni, iddiaçı cavabdehin ondan aldığı borca görə X4 tərəfindən ona 60000(altmış min)manat qaytarıldığını təsdiq edir, lakin bu məbləğin cavabdehin ondan şifahi borc müqaviləsi əsasında aldığı 92000(doxsan iki min)manat borca aid olduğunu bəyan edir.
24. Ancaq iddiaçının qaytarılan məbləğin qeyd olunan notarial qaydada təsdiq edilmiş kredit müqavilələri üzrə deyil, şifahi qaydada bağladığı borc müqaviləsi üzrə verdiyi 92000 manata aid olduğuna dair dəlilləri inandırıcı və ağlabatan ola bilməz. Çünki, apellyasiya baxışı zamanı da iddiaçı cavabdehə 92000 manatın notarial qaydada təsdiq edilmiş borc müqavilələrindən əvvəl yaxud sonra verdiyini müəyyənləşdirə bilmədi. Yəni, iddiaçı borcun notarial qaydada təsdiq edilmiş yazılı müqavilələr əsasında vermək hüququnu və imkanını bilirdisə, mütləq ki, iddia etdiyi 92000 manatı da həmin qaydada verə bilərdi. Buna görə də iddiaçı ilk növbədə cavabdehə 92000 manat borc verdiyini, daha sonra isə qaytarılan məbləğin həmin borca aid olduğunu sübuta yetirməlidir. Başqa sözlə şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi yəni, qaytarılan məbləğin notarial qaydada təsdiq edilmiş müqavilələrdən irəli gələn öhdəliyin icrasına aid olmadığını sübut etmək yükü artıq iddiaçı tərəfin üzərinə düşürdü ki, iddiaçı da buna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir.
25. Bu cür vəziyyətdə iddiası necə əsaslı ola bilərdi ki, məhkəmə də bunu mütləq təmin etməli olsun. Ona görə də iddiaçı bu cür iddia irəli sürməzdən əvvəl bunun nə qədər əsaslı və keçərli olmasını özü üçün əvvəlcədən müəyyənləşdirməli idi.
26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4470/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4470/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.