Məhkəmə qərarları › İş №2(103)-8610/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8610/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8610/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-73/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və cavabdehlər Fərəcova (Məmmədova) Arzu Hilal qızı, Cavabdeh3 və X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, cavabdehlər Fərəcova (Məmmədova) Arzu Hilal qızına, Cavabdeh3, X3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızından, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 8.220,23 ABŞ dolları əsas borcun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manatın, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin ilkin satış qiyməti 26.000 manat müəyyən edilməklə açıq hərracda satılması, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin hərrac keçirildikdən bir ay sonra boşaldılması və Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızının, X2 həmin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “kompensasiyanın ödənilməsi və qalıq borcun restrukturizasiya edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, , ilk iddia tələbinin rədd edilməsi, onun 8.220,23 ABŞ dolları borcunun 3.716,42 ABŞ dollarının kompensasiya edilərək qalıq borcun beş il müddətinə restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-73/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızından, Cavabdeh3 müştərək qaydada 8.220,23 ABŞ dolları məbləğində əsas borcun (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla), iddia ərizəsinə görə 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış (likvid) qiymətinin 23.751 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğ həmin mənzilin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızı, X4 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-dən 150 manat, cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızından, Cavabdeh3, X1 müştərək qaydada 150 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və cavabdehlər Fərəcova (Məmmədova) Arzu Hilal qızı, Cavabdeh3 və X4 apelyasiya şikayəti vermişlər və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-73/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi onların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırdırlmasına səbəb olur. 07.1 1.2013cii il tarixli AZBA 008393 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16% olmaqla 60 ay müddətinə "xxxx" BOKT MMC ilə satıcı, ipotekaya qoyan Cavabdeh4 və ipoteka saxlayan, alıcı Cavabdeh1 arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqısatqı və ipoteka müqaviləsinə əsasən mənzilin satış qiyməti 21.895 manat, (28.000 ABŞ dolları) olmasına razılığa gələrək mənzilin dəyərinin 8.915 manatı (11.400 ABŞ dolları) alıcı ipoteka qoyana özü tərəfindən. 12.980 manatı (16.000 ABŞ dolları) isə kreditor ipoteka saxlayan tərəfindən notariusun depoziti vasitəsi ilə ödənilmişdir. Amma buna baxmayaraq göstərilənlər məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan əlavə kredit müqaviləsi bağlanan gündən kredit müqaviləsi üzrə aylıq müəyyən edilmiş 405 ABŞ dolları aylıq ödənişi həmişə vaxtında etmiş, lakin, 2015-ci ilin fevral və dekabr aylarında ABŞ dollarının ardıcıl olaraq 100 faiz bahalaşması onun aylıq ödəniş etdiyi 405 ABŞ dolları 2 dəfə bahalaşaraq 800 manata qaldırıldı və nəticədə aylıq gəliri bu məbləği təmin edə bilmədiyindən ödənişi edə bilmədi. Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devealivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexaniziminin və həmin məbləğə hesablanmış fazi və dəbbə” (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən kreditin restrukturizasiya olunması onun kredit borcunada şamil edildi və o, həmin fərman imzalanan gündən sonrakı növbəti gün Bankın baş ofisinə gedib məsələyə münasibət bildirmələrini təklif etdi, lakin iddiaçı hal-hazırda bu barədə onlara heç bir məlumat verilmədiyini bu barədə həmin dövrdə fəaliyyətdə olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən məlumat daxil olduğu halda ona məlumat veriləcəyini dedilər və gözləməsini bildirdilər. Uzun müddət gözləmiş və bu barədə ona məlumat verilmədiyindən yenidən Banka yaxılaşaraq məlumat əldə etmək istədi orada ona borcdan 1.500 ABŞ dolları azalacağını bildirdilər, o isə bununla razılaşmamışdı. Məhkəmə işə bir tərəfli və səthi yanaşaraq maddi və prossesual hüquq normalarını pozmaqla ilkin iddia tələbi üzrə iddia ərizəsini təmin edərək, qarşlıqlı iddia ərizəsini rədd etmişdir. İddia ərizəsində göstərilən 8.220,23 ABŞ dolları borc tamamilə əsassız şişirdilmiş borcdur, çünki "xxxx" BOKT MMC iddia ərizəsində faiz və cərimə borclarınıda əsas borc kimi göstərmiş və işə baxan məhkəmə bunu araşdırmadan faiz və cərimə borclarınıda əsas borc kimi ondan tələb etmişdir. Hesab edirlər ki, bu hissədə kredit müqaviləsinin bitdiyi tarixədək olan əsas və faiz borclarının hansı məbləğdə olması müəyyən ediləməsi barədə məhkəmə-mühasibat ekspertizası təyin olunmalıdır. Eyni zamanda mənzilin qiymətləndirilməsi ilə bağlı hissədə 2 dəfə qiymətləndirmə təyin edilmiş və ilkin qiymətləndirmə rəyi ilə sonuncu qiymətləndirmə rəyləri arasında xeyli miqdarda fərq müəyyən edilmişdir. Göstərilən zidddiyyətlərdə işə baxan məhkəmə tərəfindən araşdırılmadığından maddi və prossesual hüquq normaları pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-73/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia ərizəsi üzrə iddiaçı "xxxx" BOKT MMC-nin iddia ərizəsinin rədd edilməsi və Cavabdeh1 tərəfindən qalıq borcun kompensasiya edilməklə restrukturizasiya edilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, cavabdehlər Fərəcova (Məmmədova) Arzu Hilal qızı, Cavabdeh3 və X4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-73/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi Kənan Əliyevin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış AZBA-00008393 saylı, 07 noyabr 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınmasının maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh1 illik 16 % hesablanmaqla 60 ay müddətinə 16.600 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İş.v. 8-10) İş materiallarında olan, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış AZBA-008393 saylı, 12 noyabr 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzil kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka predmeti”nin qiyməti 18.000 ABŞ dolları qiymətləndirilmişdir.(İş.v. 11-13) İş materiallarında olan, iddiaçı "xxxx" BOKT MMC ilə cavabdeh Fərəcova (Məmmədova) Arzu Hilal qızı arasında bağlanmış AZBA-008393 saylı, 07 noyabr 2013cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən 07 noyabr 2013-cü il tarixli, AZBA-00008393 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 oğlunun kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.(İş.v. 14) İş materiallarında olan, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış AZBA-008393 saylı, 07 noyabr 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən 07 noyabr 2013-cü il tarixli, AZBA-00008393 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 oğlunun kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.(İş.v. 15) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" BOKT MMC-yə ünvanladığı 19.04.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 saylı evin 12 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.(İş.v. 18) İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində istifadədə olan 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə 791 nömrəli reyestr kitabının 73865 nömrəli vərəqində 27.11.2013-cü il tarixdə qeydiyyat aparılmışdır.(İş.v. 29) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 4, mənzil 12 Cavabdeh1 xüsusi mülkiyyətindədir və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə yüklü edilmiş və bu barədə 791 nömrəli reyestr kitabının 73865 nömrəli vərəqində ********** nömrəsi ilə 12.12.2013-cü il tarixində qeydiyyat aparılmışdır.(İş.v. 28) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətinin ona hesablanmış borc məbləğinin Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşsədə, o, banka müraciət etməsinə baxmayaraq bank tərəfindən heç bir tədbir görülməməsi barədə dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan, "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin Cavabdeh1 ünvanladığı 1331 HO-OUT saylı, 18.09.2019-cu il tarixli bildirişin surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında AR MBNP tərəfindən hazırlanmış və 02.04.2019-cu il tarixdə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən kreditin restrukturizasiya olunması üçün borclunun 10 gün ərzində kreditora müraciət etməsi təklif olunmuş və 043779 saylı yol qaiməsinə əsasən həmin bildiriş 21.09.2019-cu il tarixdə cavabdeh borcluya təqdim edilmişdir.(İş.v. 25; 41) Həmçinin iş materiallarında olan 16.09.2019-cu il tarixli sms xəbərdarlıqdan görünür ki, kreditin restrukturizasiya olunması üçün kreditora müraciət etməsi cavabdeh borcluya təklif olunmuşdur.(İş.v. 26) Göründüyü kimi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kreditin restrukturizasiya olunması barədə bildiriş və sms xəbərdarlıq göndərmiş, yol qaiməsinə əsasən həmin bildiriş borcluya təqdim edilmiş, lakin Cavabdeh1 bununla bağlı qanunvericiliklə müəyyən edilmiş vaxt ərzində kreditora müraciət etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.9-cu bəndinə əsasən, kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Bundan başqa məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətinin ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi ev 4 ünvanında yerləşən 12 nömrəli mənzilin ilkin qiymətləndirmə rəyi ilə sonuncu qiymətləndirmə rəyləri arasında xeyli miqdarda fərq müəyyən edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar (maddə 59.3.2). İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kоllegiyası qeyd etməyi zəruri hesab edir ki, AZBA-00008393 saylı, 07 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında 18.000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Lakin, buna baxmayaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin qiymətinin qiymətləndirici vasitəsi ilə müəyyənləşdirilməsi üçün 21.08.2020-ci il tarixdə qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətləndirici rəyi almışdır. Belə ki, iş materiallarında olan, müstəqil qiymətləndirici "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 223/E18 saylı, 24 mart 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 21.751 (iyirmi bir min yeddi yüz əlli bir) manat müəyyən edilmişdir. Göründüyü kimi, müstəqil qiymətləndirici tərəfindən mübahisələndirilən ipoteka predmetlərinin dəyəri alqı-satqı və ipoteka müqaviləsində göstərilən tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilmiş dəyərindən yüksək qiymətləndirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətində ipoteka predmetinin ilkin qiymətləndirmə rəyi ilə sonuncu qiymətləndirmə rəyləri arasında xeyli miqdarda fərq müəyyən edilməsi ilə bağlı göstərdikləri dəlilləri əsasızdır. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qiymətini mübahisələndirdiyi ipoteka predmetinin məhkəmə qətnaməsində müəyyən edilmiş satış qiymətindən daha yüksək qiymətdə olmasını təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətinin 8.220,23 ABŞ dolları borcun əsassız şişirdilməsi, "xxxx" BOKT MMC-nin iddia ərizəsində faiz və cərimə borclarınında əsas borc kimi göstərdiyini və işə baxan məhkəmənin bunu araşdırmadan faiz və cərimə borclarınıda əsas borc kimi ondan tələb etməsi barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan, AZBA-00008393 saylı, 07 noyabr 2013-cü il tarixli krеdit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank kredit məbləğini Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 16 % olmaqla vermişdir. İş materiallarında olan, 21.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 8.220,23 ABŞ dolları məbləğində əsas borcu vardır.(İş.v. 109) Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətində faiz və cərimə borclarınında əsas borc kimi göstərdiyini, faiz və cərimə borclarınıda əsas borc kimi ondan tələb edilməsini göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə kоllegiyası hesab edir ki, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətinin faiz və cərimə borclarınıda əsas borc kimi ondan tələb edilməsi barədə dəlilini əsassız hesab edir. Həmçinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-73/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Fərəcova (Məmmədova) Arzu Hilal qızı, Cavabdeh3 və X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-73/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar