Məhkəmə qərarları › İş №2(103)-8615/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8615/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8615/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3849/2011 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(004)- 3849/2011 saylı qiyabi qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, qiyabi qətnaməni almamasını göstəmiş və qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmişdir. İşdən görünür ki, qiyabi qətnamənin surətini cavabdehin nümayəndəsinə xx xxxxxxxx 2020-ci il tarixdə təqdim olunmuşdur. Cavabdeh2 xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(004)-3849/2011 saylı qiyabi qətnaməsinin ləğv olunmasını, icraatın təzələnərək işə onun iştirakı ilə baxılmasını xahiş etmidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 3849/2011 saylı qərardadı ilə ərizə prosessual müddətin ötürülməsi əsası ilə baxılmadan qaytarılmışdır. Cavabdeh2 xx xxxxxxxx 2020-ci il tarixdə qiyabi qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3849/2011 saylı qərardadı ilə prosessual müddətin bərpa olunması barədə cavabdehin ərizəsi təmin olunmaması və apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayəti - birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, prosessual hüquq normalarının pozulması, məhkəmə iclasları barədə ona məlumat veilməməsi, qiyabi qətnaməni almaması, qiyabi qətnamənin mövcudluğundan xx xxxxxxxx 2020-ci il tarixdə məlumatlı olması, bundan sonra qanunla müəyyən olunmuş müddət ərzində şikayət verməsi, müddətin onun təqsiri olmadan buraxılması, bu səbəbdən də prosessual müddətin bərpa olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 395.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İşdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(004)-3849/2011 saylı qiyabi qətnaməsi məhkəmənin xx xxxxxx 2011-ci il tarixli məktubu ilə tərəflərə göndərilmiş, Cavabdeh2 ünvanına göndərilmiş məktub başqa şəxs tərəfindən xx xxxxxxxx 2011-ci il tarixdə qəbul edilmişdir (işdə olan xəbərnamədə «Oqtay» adlı şəxsin adı qeyd edilmişdir). Bundan sonra qiyabi qətnamə üzrə icra vərəqəsi verilmiş, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin xx xxxxxxx 2011-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, qiyabi qətnaməni almamasını göstəmiş və qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmiş, qiyabi qətnamənin surətini cavabdehin nümayəndəsinə xx xxxxxxxx 2020-ci il tarixdə təqdim olunmuşdur. Cavabdeh müddətin bərpasına dair ərizəsində məhkəmə iclasları barədə ona məlumat verilməməsini, qiyabi qətnaməni almamasını, qiyabi qətnamənin mövcudluğundan xx xxxxxxxx 2020-ci il tarixdə məlumatlı olmasını və s. göstərmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsi cavabdehin müddətin bərpasına dair ərizəsində göstərilənləri (həmçinin, bu istiqamətdə cavabdehin izahatında göstərilənləri) ümumiyyətlə araşdırmamış, xəbərnamədə qeyd edilmiş «Oqtay» adlı şəxsin kim olmasını, həmin dövrdə qiyabi qətnamənin göndərildiyi ünvanda kimlərin yaşaması (cavabdehin ailə üzvləri olub-olmaması), cavabdehin icra icraatına cəlb olunub-olunmamasını, qiyabi qətnamədən ilk dəfə hansı vaxtda şifahi və ya digər qaydada məlumatlı olmasını və s. bu kimi zəruri halları suallar verməklə aydınlaşdırmamışdır. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, qiyabi qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin xx xxxxxxx 2011-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. Lakin, birinci instansiya məhkəməsi keçən uzun müddət ərzində cavabdehin icra icraatına cəlb olunub-olunmamasını, cavabdehə münasibətdə hansı icra həkərətlərinin həyata keçirilməsini aydınlaşdırmamışdır (bu halın aydınlaşdırılması cavabdehin daha əvvəllər qiyabi qətnamədən məlumatlı olub-olmamasını, məlumatlı olmuşsa nəyə görə əvvəllər qətnaməni rəsmi qaydada alaraq onu mübahisələndirməyə səy göstərməməsi və s. bu istiqamətdə zəruri halların müəyyən olunması üçün əhəmiyyətlidir). MPM-in 134.1 və 134.1.5-ci maddəsinin tələbinə görə, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, … aktlarını rəsmi qaydada verməlidir. MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qiyabi qətnamənin cavabdehə hansı tarixdə rəsmi qaydada təqdim olunmasını tam və hərtərəfli araşdırmamış, qətnamənin xx xxxxxxxx 2011-ci il tarixdə qəbul edilməsinə əsaslanmaqla kifayətlənmiş, cavabdehin dəlillərini yoxlamamış, onlara hüquqi qiymət verməmidir. Yuxarıda qeyd edilən hallar tam və hərtərəfli araşdırıldıqdan sonra cavabdeh tərəfindən prosessual müddətin üzrsüz səbəbdən ötürülüb-ötürülməməsinə obyektiv hüquqi qiymət verilə bilər Həmçinin qeyd edilməlidir ki, «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Prosessual müddətlərin bərpası məsələsinə o zaman baxıla bilər ki, müvafiq müddət həqiqətən buraxılmış olsun. Əks halda (müddət ötürülməmişdirsə), müddətin bərpa olunmasına da ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən tərəflərin dinlənilmə hüquqları təmin olunmaqla, qeyd edilən məsələlər tam və hərtərəfli araşdırılmalı və onlara əsaslandırılmış qərardadla hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3849/2011 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3849/2011 saylı qərardadı ləğv edilsin, mülki iş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar