Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8615/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1336/2021 saylı mülki iş üzrə qəbul etdiyi 24.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçıQSC-nin xeyrinə 3359.59 manat məbləğində kredit borcu, 2.89 manat məbləğində faiz borcu və 335.97 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3689 manat borcun və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 29.12.2019-ci il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən oulnmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3359,59 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri gecikdirmiş, kredit müqaviləsi üzrə 04.02.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Hazırda onun iddiaçıya 3359.59 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12.02.2021-ci il tarixə 8 gün üçün hesablanmış faiz borcu kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği 335.97 manat təşkil edir. Cavabdeh2 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı QSC arasında bağlanmış 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin Cavabdeh2 ilə bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə onun arasında bağlanılmış 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinə imza edərkən həmin müqavilənin kredit müqaviləsi olduğunu bilməmiş, müqavilənin şərtləri ümumiyyətlə ona izah edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 2(002)-1336/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinə xitam verilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004A********** saylı kredit razılaşması üzrə 3359,59 manat məbləğində kredit borcu, 2,89 manat məbləğində faiz borcu və 20.00 manat məbləğində cərimə olmaqla, cəmi 3382.48 manat borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi, qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı göstərilmiş əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 2(002)-1336/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyinə və digər tərəflərin apellyasiya şikayəti vermədiyinə görə kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız apellyasiya şikayəti vermiş cavabdehə münasibətdə yoxlanılır. Birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunun məbləğini isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Qeyd olunanları nəzərə alaraq, Mülki Məcəllənin 739.1, 741, 462 və 467-ci maddələrinin tələblərini və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyi rəhbər tutaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Cavabdeh2 apellyasiya şikayətində qeyd edir ki, 03 dekabr 2013-cü il tarixdə İddiaçı QSC ilə 36 ay ərzində qaytarmaq şərtilə 7000 manat məbləğində kredit müqaviləsi bağlamış, götürdüyü məbləği ödəmiş, lakin bank işçiləri hələ də onun borclu olduğunu bildirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə apellyasiya şikayəti verən Cavabdeh2 03 dekabr 2013-cü il tarixdə götürdüyü borca görə deyil, 29.12.2019-cu il tarixdə oğlu Cavabdeh1 götürdüyü 3359,59 manat məbləğində kreditə gprə zaminlik müqaviləsi bağladığına görə iş üzrə cavabdeh qismiində cəlb olunmuş və ondan zamin kimi pulun tutulması qət edilmişdir. Bundan əlavə Cavabdeh2 apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsində iclas onun iştirakı olmadan keçirilmiş və nəticədə çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, Cavabdeh2 məhkəmə prosesi barədə məlumat verilmiş və o, birinci instansiya məhkəməsində qarşılıqlı iddia da vermişdir. Ona görə apellysiya şikayətinin həmin dəlili əsassız hesab edilməlidir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində onun müqaviləyı imza edərkən aldadıldığını, ona görə də 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinin etibarsız hesab edilərək müqavilənin onunla bağlanmış hesab edilməməsini xahiş etmişdir. Göründüyü kimi Cavabdeh2 qarşılıqlı iddiası ilə, apellyasiya şikayətinin dəlilləri arasında ziddiyyətlər vardır. İş materiallarında olan 29.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 həmin müqaviləni imzalayaraq müqavilədə ifadə edilmiş şərtlə, yəni Bank kredit məbləğini Kredit alana ödədiyi, kredit alan isə həmin məbləği bütünlükdə qəbul etmək şərti ilə razılaşmışdır. Göründüyü kimi, kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, cavabdehin isə həmin ödənişi qəbul etməsi “Kredit müqaviləsində” açıq və aydın ifadə olunmuşdur. Cavabdeh2 isə bu halın əksini təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh “Kredit müqaviləsinin” bağlanmasında iştirak etmiş və müqavilənin məzmunundan məlumatlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1336/2021 saylı mülki iş üzrə qəbul etdiyi 24.06.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-8615/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8615/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver