Məhkəmə qərarları › İş №2(103)-862/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-862/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-862/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-862/2023 (Açar sözlər: “aliment məbləğinin artırılması”) Bakı şəhəri 16 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3195/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2057/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-10131/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılmış, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanması üçün Cavabdeh bu qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. AZ-İİİ № 905189 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında isə İddiaçı qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin xx.xx.2022-ci il tarixli **********5 nömrəli arayışından görünür ki, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi" altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

4. AZ-İİ 160252 nömrəli "Nİkah haqqında şəhadətnamə"nin surətindən görünür ki, Cavabdeh və Burhanova (Abiyeva) Əflakə Səfa qızı xx.xx.2016-cı il tarixdə nikahlarını bağlamışlar

5. AZE seriyalı 11577743 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abıyeva Sevinc xx.xx.2017-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası isə Abiyeva Əflakədir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş alimentin artırılaraq cavabdeh X2 hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı 13 noyabr 2012-ci il tarixdə nikaha daxil olub ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(011)-2057/2020 saylı qətnaməsi ilə təyin edilən alimentin məbləği artırılaraq birgə nikahdan olan X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin sabit pul məbləğində məhkəmə qaydasında alınıb iddiaçıya ödənilməlidir

8. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, qismən təmin edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(011)-3195/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2057/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləğinin artırılması, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bu qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay 170 (yüz yetmiş) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığınıdan iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş alimentin məbləği qismən artırılmalı, X2 xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində sabit pul şəklində aliment İddiaçı xeyrinə tutulmalıdır.

12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, 75.1-ci maddəsinə, 75.4cü maddəsinə, 76-cı maddəsinə, 78.1-ci maddəsinə, 78.2-ci maddəsinə, 112.1-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3195/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edilmişdir və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 88, 217, 218-ci maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdir. Sadalanan maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulması sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Hesab edir ki, Xətai rayon məhkəməsinin məlum qətnaməsi ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Mübahisə ilə bağlı qısaca olaraq məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı ilə 13 noyabr 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Rəsmi nikahdan xx.xx.2013-cü il tarixdə Zəhra adlı bir qızları anadan olmuşdur. Sonradan iddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyi üçün Xətai rayon məhkəməsinə müraciət etmişdir. Xətai rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı 2020-ci ildə məhkəməyə müraciət etmiş və məhkəmənini qətnaməsi ilə aliment 150 manat müəyyən edilmişdir. Qeyd edir ki, 2013-cü ildən bu günə kimi aliment ödəyir. xx.xx.2016-cı ildə yenidən ailə həyati qurmuş və xx.xx.2017-ci ildə bir övladı anadan olmuşdur. Hazırda Bakı MQSC-də fəhlə işləyir. Ailəsini saxlamaqda çətinlik çəkir. Hər ay 150 manat aliment ödəyir. Eyni zamanda məişət əşyaları üçün kredit ödəyir. Əlavə gəlir yeri yoxdur. Maddi vəziyyəti çox ağırdır. Birinci instansiya məhkəməsi onun ağır ailə şəraitini, maddi imkansızlığını və himayəsində 1 azyaşlı övladının olmasını nəzərə almamışdır. İddiaçı tərəf məhkəməyə öz vəziyyətinin pisləşməsi onun vəziyyətimin isə yaxşılaşmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyi halda məhkəmə ədalətsiz qərar qəbul etmişdir. Hazırda 170 manat aliment ödəməyə imkanı çatmır.

b) Apellyasiya şikayətinə yazılı etiraz

15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətin təmin olunmamasına dair yazılı etiraz daxil olmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

18. 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

19. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

23. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

24. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanunu:

25. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Belə ki, hüquq normalarının tələblərini və iş üzrə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş alimentin məbləği qismən artırılmalı, X2 xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində sabit pul şəklində aliment İddiaçı xeyrinə tutulmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsaslı və qanunidir.

39. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin ikinci nikahdan övladının olması hazırkı qətnamə ilə onsuz da uşağın yaşayış minimumundan da az tutulmuş alimentin məbləğinin dəyişdirilərək azaldılmasına əsas ola bilməz.

40. Məhkəmə kollegiyası alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.

41. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

42. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(011)-3195/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar