Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8624/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı "Xalq" Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(006)-146/2021 nömrəli qətnaməsindən iddiaçı “Xalq” Bankı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Xalq” Bankı açıq səhmdar cəmiyyəti iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, 21.10.2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə 10.927 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, 21.12.2017-ci tarixdən 02.02.2021-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 1208,04 ABŞ dolları əbləğində zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 12.135,04 ABŞ dolları və 02.02.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(006)-146/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 8.936 ABŞ dolları 88 sent əsas borc, illik 5 % hesabı ilə 988 ABŞ dolları 02 sent faiz olmaqla, cəmi 9.924 ABŞ dolları 90 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ASC «Xalq» Bankına ödənilməsi və ekspertiza xərci olan 450 manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “Xalq” Bankı açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və idda tələbinin tam təmin edilməsinə, dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tələb etdiyi borcun ekspert rəyində müəyyən ediləndən çox olduğunu nəzərə alaraq ekspert rəyində göstərilən məbləğə istinad etməsi ilə bağlı gəldiyi nəticə ədalətli məhkəmə araşdırmasını və qəbul edilən qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Eyni zamanda məhkəmə illik 5 faizlə tələb olunan məbləğlə bağlı bankın tələbinin mahiyyəti və hüquqi əsası ilə razılaşmış olsa da həmin məbləği də ekspert rəyinə əsasən qismən təmin etmişdir. Buna görə də əsas borc tələbi tam təmin ediləcəyi təqdirdə 5 faizlə tələb edilən məbləğ də iddia tələbinə müvafiq olaraq təmin olunmalıdır. Məhkəmə həmçinin 02.02.2021-ci ildən başlayaraq tələbinin faktiki təmin edilməsi tarixinədək borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğin əvəzinin tutulması hissəsində də iddianın təmin etməmiş və bununla bağlı qətnamədə hər hansı bir əsas göstərməmişdir. Məhkəmə 02.02.2021-ci ildən başlayaraq tələbinin faktiki təmin edilməsi tarixinədək borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğin əvəzinin tutulması hissəsində də iddianın təmin etməməklə MPM-in 222.2-ci maddəsini düzgün tətbiq etməmiş və X1 Mülki Məcəllənin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə almamışdır. Məhkəmə iclasında iddiaçı “Xalq” Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, özü birinci qrup əlildir və əmək qabiliyyəti yoxdur. Buna baxmayaraq, banka olan borcunu tam ödəmişdir. Ancaq bank yenə də ondan əl çəkmir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə ASC «Xalq» Bankı-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 22 iyul 2020-ci il tarixli 9/2098 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə, müqavilə müddətinin bitdiyi tarixə – 21.12.2017-ci il tarixə banka olan borcu 27.403 ABŞ dolları 58 sent müəyyən edilir, o cümlədən: əsas borc üzrə – 27.339 ABŞ dolları 79 sent; faiz üzrə – 63 ABŞ dolları 79 sent. ACavabdeh 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə, iddia ərizəsində borcun hesablandığı tarixə – 02.08.2019-cu il tarixə banka olan borcu 9.254 ABŞ dolları 64 sent məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə – 8.936 ABŞ dolları 88 sent; faiz üzrə – 317 ABŞ dolları 76 sent. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının 15 dekabr 2020-ci il tarixli 9/4069 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə, müqavilə müddətinin bitdiyi tarixə – 21.12.2017-ci il tarixə banka olan borcu 27.403 ABŞ dolları 58 sent müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 27.339 ABŞ dolları 79 sent; faiz üzrə – 63 ABŞ dolları 79 sent. Cavabdeh 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə, iddia ərizəsində borcun hesablandığı tarixə – 02.08.2019-cu il tarixə banka olan borcu 9.254 ABŞ dolları 64 sent məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə – 8.936 ABŞ dolları 88 sent; faiz üzrə – 317 ABŞ dolları 76 sent.Qeyd edilmişdir ki, bank tərəfindən 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. O cümlədən, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulan suallarda cərimə borcunun hesablanması göstərilməmişdir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının 22 fevral 2021-ci il tarixli 9/874 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi və həmin müqavilənin əsasında imzalanmış 03 fevral 2017-ci il tarixli 01 saylı əlavə sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı-yə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir:21.12.2017-ci il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə): əsas borc üzrə – 27.339 ABŞ dolları 79 sent; faiz üzrə – 63 ABŞ dolları 79 sent. 02.02.2021-ci il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə – 8.936 ABŞ dolları 88 sent; faiz üzrə 988 ABŞ dolları 02 sent. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusmya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir... Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır... Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, .... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir... Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın təmin edilməyən hissəsi üzrə təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin nəticə hissəsində də qətnamənin qismən ləğv edilməsi xahiş edilmiş, demək şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əvvəla, birinci instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən üç dəfə istifadə edilmişdir. Ekspertlər də də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Şikayətin dəlilləri demək olar ki, ekspertiza rəyləri ilə bağlıdır. Belə ki, ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Məhkəmə hər dəfə iddia tələbi iddiaçı tərəfindən artırılarkən həm ilkin, həm də təkrar məhkəmə mühasibatlıq ekspertizaları keçirərək rəylər almışdır. Birinci və ikinci rəylər eyni məzmunda olmuş, üçüncü rəy isə illik 5 faizlə tələb edilən məbləğin miqdarı artırıldığından artırılmış tələbə uyğun olmuşdur. Buna görə də hər üç rəy eyni məzmunda olduğundan onların əsaslılığı da hər hansı bir şübhə doğurmur. Buna görə də, birinci instansiya məhkəməsi iddianın əsas borcu və illik 5 faizlə tələb edilən məbləği tələb edilən həcmdə deyil, məhkəmə mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən edilmiş məbləğdə təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar tapmadı. İkincisi, iddia tələbinin “02.02.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulması” hissəsinin təmin edilməməsi əsassız olmamışdır. Belə ki, tələbin bu hissəsinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdə tutula bilər. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə , əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddiaçı 02.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmiş və məhkəmə də bu məbləği ekspert rəylərini əsas tutaraq qismən təmin etmişdir. Ancaq “02.02.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulması” hissəsi həm qeyri müəyyən tələbdir, həm də iddiaçı bunu əldən çıxmış faydanın əvəzi kimi tələb edir və bununla bağlı məhkəməni iddianın təmin etməməklə MPM-in 222.2-ci maddəsini düzgün tətbiq etməməkdə və X1 Mülki Məcəllənin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009cu il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə almamaqda qınayır. Ancaq məhkəmənin MPM-in 222.2-ci maddəsini düzgün tətbiq etməməsinin nədə ifadə olunduğunu açıqlamır. Eyni zamanda X3 Mülki Məcəllənin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009cu il tarixli qərarında da bu cür mücərrəd tələblərin mütləq təmin edilməli olması barədə hansısa hüquqi mövqe formalaşmamışdır. Cavabdehin bu dəlili nəyə əsasən bəyan etməsi aydın deyildir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın təmin edilməyən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “XalqBank” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(006)-146/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8624/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8624/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver