Məhkəmə qərarları › İş №2(103)-863/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-863/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-863/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri X2, X3, Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi və dövlət rüsumunun cavabdehdən tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(006)-4948/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi və dövlət rüsumunun cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Lənkəran rayonu, Bəliton kəndində şəxsi təsərrüfatında özünə məxsus iribuynuzlu hevyanları vardır. Hər gün özünə məxsus heyvanları otlağa buraxır. Fərdi həyətyanı torpaq sahədən 10000-lik elektrik enerji xətti keçir, həmin xətt dəmir dirəkdən ibarətdir. 07 iyun 2021-ci ildə həmin elektrik enerjisi xəttində olan nasazlıq nəticəsində naqilin şüşəsi qırılmış, dəmir dirəyin özünə yapışmış və elektrik enerjisini yerə ötürmüşdür. Bunun nəticəsində ona məxsus iribuynuzlu heyvan elektrik dirəyinə yapışıb yanaraq ölmüşdür. Həmin heyvanın qarnında 8 aylıq balası olmuşdur. Həmin heyvanın diri çəkisi 350-400 kq olmuşdur. Birinci heyvanın öldüyünü görüb DİN-nin 102 xidmətinə 2 dəfə və Azərişığın qaynar xəttinə 3 dəfə zəng vurub məlumat vermiş, elektrik xəttini şəbəkədən ayırmalarını xahiş etmişdir, lakin onun dediklərinə məhəl qoymamışlar. Təxminən 1 saat sonra ikinci heyvanını da həmin yerdə elektrik cərəyanı vurmuşdur. Həmin heyvanın da diri çəkisi 250-300 kq olmuşdur. Bundan sonra o, kənd icra nümayəndəsinə və kəndin baytarına bu barədə müraciət etmiş, onlar hadisə yerinə gələrək heyvanlara baxış keçirmişlər və bu barədə akt tərtib etmişlər. Beləliklə, 2 baş heyvanını elektrik vurması nəticəsində ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. O, maddi ziyanla bağlı bu barədə cavabdehə müraciət etsə də onlar, ona vurduqları maddi ziyanı könüllü olaraq ödəməkdən yayınır. Göstərilənlərə əsasən "xxxx" ASC tərəfindən vurulmuş ziyana görə İddiaçı xeyrinə vurulmuş maddi ziyan 3000 AZN (üç min) və 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(006)- 4948/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən vurulmuş maddi ziyana görə 2700 AZN (iki min yeddi yüz manat) pulun və 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(006)-4948/2021 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh "xxxx" ASC-nin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəymiş ziyan arasında səbəb-nəticə əlaqəsi və cavabdeh "xxxx" ASC-nin təqsirinin konkret nədə ifadə olunması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hazırki iş üzrə məhkəmənin sübut qismində qəbul etdiyi Lənkəran rayonu Bəliton kənd icra nümayəndəsi Allahverdi Ağayev, 9 saylı baytarlıq məntəqəsinin müdiri Cəbi Şirəliyev, baytar feldşeri Ələsgər Hadıyevin və İddiaçı tərəfindən 7 iyun 2021-ci il tarixdə tərtib olunmuş akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq aktın həqiqiliyini müəyyən etmək məqsədilə həmin şəxslərin şahid qismində işə cəlb edilməsini təmin etməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndələri X2, X3, Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bəliton kəndi üzrə icra nümayəndəsi Allahverdi Ağayev, 9 saylı baytarlıq məntəqəsinin müdiri Cəbi Şirəliyev, baytar feldşeri Ələsgər Hadıyevin və Lənkəran rayonu, Horavenc kənd sakini İddiaçı tərəfindən tərtib edilən 7 iyun 2021-ci il tarixli Aktdan görünür ki, 7 iyun 2021-ci il tarixində Horavenc kənd sakini İddiaçı müraciəti ilə onun şəxsi təsərrüfatına məxsus ölmüş heyvanlara baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, elektrik dirəyi ilə cərəyan yerə ötürülmüş və nəticədə hər iki heyvan tələf olmuşdur. Ölmüş heyvanların dəri səthində yanıq izləri müşahidə olunmuşdur. Hər iki heyvan qara-ala rəngli, inək 5-6 yaş, diri çəkisi təqribən 240-250 kq, düyə bir yaş, diri cəkisi 100-120 kq, elektrik dirəyinin ətrafında torpaq örtüyündə yanmış halda olmuşlar. Hər iki baş heyvanın cəsədi təlimata uyğun zərərsizləşdirilmiş və yerə basdırılmışdır. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli, 10-54/7-1098 saylı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatından daxil olmuş məktubda bildirilir ki, Lənkəran rayonu, Bəliton kəndində olan əraziyə iddiaçının iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ərazidə yerləşən elektrik dirəyi və onun üzərində olan elektrik naqilləri X1 məxsusdur. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli, 01/05-06/4614 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktubunda bildirilmişdir ki, Bəliton kəndində yerləşən elektrik naqilləri 35/10 kilovotluq Sinovli yarımstansiyasından çıxan 10 kilovotluq Osaküçə hava xətti "xxxx" ASC-nin balansındadır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 sentyabr 2021-ci il tarixli, 51 nömrəli arayışına əsasən Lənkəran bazarında iyun, iyul, avqust aylarında 1 kq inək ətinin qiyməti 9 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Lənkəran rayon Baytarlıq İdarəsinin 16 sentyabr 2021-ci il tarixli, 123 saylı arayışından görünür ki, İddiaçı 07 iyun 2021-ci il tarixdə 2 baş iribuynuzlu heyvanın ölməsi barədə Baytarlıq İdarəsinin əməkdaşlarına müraciət etmişdir. 07 iyun 2021-ci il tarixində baytarlıq idarəsinin əməkdaşları ölmüş 2 baş heyvanın cəsədlərinə baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, həmin 2 baş heyvan (boğaz inək diri çəkisi təqribən 360 kq və düyə 1 il 8 aylıq diri çəkisi təqribən 255 kq dəmir elektrik dirəyi ilə təmasda olmuşlar. Hər iki baş heyvan onlara ötürülən elektrik cərəyanı nəticəsində tələf olmuşdur. Heyvanların cəsədləri təlimata uyğun zərərsizləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə sorğu verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 37/34-00058 saylı, 14 yanvar 2022-ci il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, 07 iyun 2021-ci il tarixində saat 11:54-də Nazirliyin “112” qaynar telefon xəttinə (+994)50 355-33-84 mobil nömrəsindən zəng edərək özünü İddiaçı kimi təqdim etmiş şəxs Lənkəran şəhəri, Bəliton kəndində elektrik naqillərinin dəmir dirəkdən cərəyan keçirməsi səbəbindən iki iribuynuzlu heyvanının tələf olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 003- 727/222 saylı, 12 yanvar 2022-ci il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, 07.06.2021-ci il tarixində Lənkəran şəhəri, Bəliton kənd sakini İddiaçı ***-***-**-** nömrəli telefonla DİN-in “102” Xidmətinə zəng vuraraq yaşadığı kəndin ərazisində yükək gərginlikli elektrik xəttinin dəmir dirək üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvanın tələf olması və insanların həyatı üçün təhlükə yaratması barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmişdir. İddiaçıya məxsus 2 baş inəyin tələf olmasına görə "xxxx" ASC məsuliyyət daşımış və buna görə də həmin heyvanların tələb olunmasına görə dəymiş ziyan onun tərəfindən ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçıya məxsus tələf olmuş iki inəyin ümumi çəkisi 300 kq olduğundan və hazırda Lənkəran mal bazarında 1 kq inək ətinin qiyməti 9 manat təşkil etdiyindən tələf olmuş inəklərə görə dəymiş ziyanın məbləği (9 manat x 300 kg = 2700) 2700 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apellyasiya şikayətinin dəlillərinə isə hüquqi qiymət verərək onları əsassız hesab edir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, 07 iyun 2021-ci il tarixdə Lənkəran rayonu, Bəliton kəndində "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik enerjisi xəttində nasazlıq baş vermiş, bunun nəticəsində həmin elektrik xəttinin dəmir dirəyi elektrik enerjisini yerə ötürmüşdür. Bunun nəticəsində həmin dirəyin yaxınlığında otlayan iddiaçıya məxsus 2 baş inək tələf olmuşdur. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə olunan mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət göstərən, eləcə də cavabdeh "xxxx" ASC bu fəaliyyəti nəticəsində iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydalarına görə mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. Həmin Qaydaların 2-ci bəndinə görə bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir. Belə olan halda elektrik enerji xəttində olan nasazlıq nəticəsində naqilin şüşəsinin qırılması, dəmir dirəyə yapışması və elektrik enerjisini yerə ötürməsi nəticəsində iddiaçıya məxsus inəklərin tələf olmasının məsuliyyəti "xxxx" ASCnin üzərinə düşür. Belə ki, lazımı qaydada elektrik şəbəkəsinin mühafizəsini təmin etməyən ASC, törətdiyi deliktə görə iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir. Vurulmuş ziyanın məbləğinə aid hissədə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası 07 iyun 2021-ci il tarixdə tərtib olunmuş aktın hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, bu hal birinci instansiya məhkəməsində mübahisələndirilməmiş, yalnız hadisənin iddiaçının diqqətsizliyi nəticəsində baş verməsi bildirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(006)- 4948/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar