Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8634/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı6, onun və digər İddiaçı1 nümayəndələri (vəkilləri) X3, Cavabdeh iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı6 və X2 Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadından iddiaçıların nümayəndələri tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı6 və X1 Əlhəddin İsmayıl oğluna qarşı ("xxxx" MTK-nın üçüncü şəxs kimi göstərildiyi) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, məcburi köçkün kimi dövlət tərəfindən mənzillə təmin edilənədək ünvan 1 ünvanından istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə icraat davam edərkən iddiaçıların nümayəndəsi iddianın təmini barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilmə barədə qərardad çıxarılmasını istəmiş, məhkəmənin 15 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Həmin qərardaddan iddiaçıların nümayəndələrinin verdiyi şikayət məhkəmənin 29 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı6, onun və digər İddiaçı1 nümayəndələri (vəkilləri) X6 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya hesab edir ki, göstərilən növdə iddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. İddia ərizəsinin məzmunundan aydın olur ki, məcburi köçkün olan iddiaçılar ünvan 1 ünvanında məskunlaşmışlar, "xxxx" MMC isə həmin ünvanda tikinti işlərini həyata keçirməyi planlaşdırmaqdadır. İddia ərizəsinin məzmunundan həmçinin aydın olur ki, iddiaçıların ünvan 1 ünvanına mülkiyyət hüquqları mövcud deyildir. Nəzərə alınmalıdır ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsini istəyən şəxslə digər şəxslərin mənafeləri arasında ədalətli balans yaradılsın və heç kimin mənafeyi bərpaolunmaz şəkildə pozulmasın. Bu mənada kollegiya nəzərə alır ki, iddiaçıların məcburi köçkün kimi məskunlaşdırıldıqları yaşayış sahəsi söküləcəksə, bunun nəticəsində onların məruz qaldığı zərərin əvəzinin ədalətli kompensasiyasının ödənilməsi məsələsinə müvafiq iddia tələbi çərçivəsində qiymət verilə bilər və əmlakın özgəninkiləşdirilməsinin qadağan olunması iddianı təmin tədbiri institutunun məqsədlərinə uyğun deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5018/2021 saylı iş üzrə 15 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8634/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8634/2021
26.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver