Məhkəmə qərarları › İş №2(103)-864/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-864/2019

17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-864/2019 17.09.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Məhəmməd Abdullayevin, cavabdeh Elnur İsgəndərovun vəkili İradə Dünyamalının iştirakı ilə, iddiaçı “X14 Azərbaycan” QSC-nin cavabdehlər X3 və X4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 2469,97 manat əsas, 213,20 manat faiz borcu, 100 manat dəbbə pulu, ödənilmiş 4,13 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ödənişin cavabdeh Gülnar Həsənovaya məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesində, 133a nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinə (1 nömrəli mağaza), habelə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesində, 133a nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinə (2 nömrəli mağaza) yönəldilməsi, qeyri-yaşayış sahələrinin açıq hərracdan ilkin satış qiymətlərinin hər bir daşınmaz əmlak üçün 45.900 manat olmaqla müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin cavabdeh Gülnar Həsənovaya qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin borcun tutulması hissəsində ləğv edilməsini, cavabdeh Elnur İsgəndərovdan 9310,47 manat əsas, 4181,61 manat faiz, 6713,19 manat cərimə borcunun, 65,25 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair və ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş xərclərin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 20300 manat borcun iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar ekspertiza keçirilməsi barədə vəsatətləri təmin edilməyib. Məhkəmə ekspert rəyini nəzərə alsa da, əsas və faiz borcunu ekspertin gəldiyi nəticədən fərqli müəyyən etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, həmçinin bildirdi ki, mübahisəli kredit məbləği məlum Fərmanın təsir dairəsinə düşür. Bununla bağlı borclu ilə dəfələrlə əlaqə saxlanılmasına və Banka müraciət etməsinin təklif olunmasına baxmayaraq borclu Banka gəlməmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh Elnur İsgəndərovun vəkili məhkəmə iclasında şikayətə etiraz edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin başqa kredit borcları da var. Hazırkı kreditin məlum fərmanın təsir dairəsinə düşdüyü barədə onda məlumat yoxdur. X8 Bankın tələb etdiyi məbləği mübahisələndirir və həmin məbləğin restrukturuzasiya olunmasına etiraz edir. Məhkəmə qətnaməsindən və ekspert rəyindən də göründüyü kimi kredit müqaviləsi üzrə borcun məbləği daha azdır. Ona görə də borclu Bankın tələb etdiyi məbləğlə razı deyil və yalnız yekun məhkəmə aktı qəbul edildikdən restrukturuzasiya ilə bağlı Banka müraciət etmək fikrindədir. Vəkil şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilməli, qətnamə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin kredit borcunun tutulması tələbinin təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnamədən cavabdehlər şikayət verməmiş, iddiaçı qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, Bank ilə xx.xx.2014-cü ildə bağlanmış 215/10 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana 60 ay müddətinə 50.000 manat məbləğində kredit xətti açmışdır. Bank ilə borcalan arasında xx.xx.2014-cü ildə “xx.xx.2014-cü il tarixli 215/10 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair” 1 nömrəli kredit sazişi imzalanmışdır. Bu sazişə əsasən Bank borcalana 3 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 50000 manat kredit vermişdir. xx.xx.2014-cü ildə Bank ilə borcalan arasında “xx xxxxxx 2014-cü il tarixli 215/10 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair” 2 nömrəli kredit sazişi imzalanmış, bu sazişə əsasən Bank borcalana 12 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 48.213,72 manat məbləğində kredit vermişdir. Həmin məbləğ xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsinə sərf olunmuşdur. Kredit öhdəliyinin təminatı olaraq cavabdehlərlə xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, cavabdeh Gülnar Həsənova özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şosesində, 133 a saylı binada yerləşən qeyri-yaşayış sahəsini (2 saylı mağaza) Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sonuncu maliyyə arayışına əsasən, cavabdehin xx xxxxx 2018-ci il tarixə Banka əsas borcu 9310,47 manat, faiz borcu 4181,61 manat, cərimə borcu 6713,19 manat təşkil edir. İşə birinci instansiya məhkəməsi baxılarkən bir neçə dəfə ekspertiza təyin edilmiş, ekspert qarşısında müxtəlif suallar qoyulmuş və fərqli cavablar verilmişdir. Sonuncu xx.xx.2018-ci il tarixli, 18436 saylı ekspert rəyinə əsasən xx xxxxxx 2014-cü il tarixli kredit sazişi № 1 və xx xxxx 2014-cü il tarixli kredit sazişi № 2-nin şərtlərinə müvafiq olaraq X5 borcu aşağıdakı kimi müəyyən olunur saziş № 2-nin saziş № 1-in davamı olması nəzərə alınmaqla) 1-ci sual üzrə: xx xxxx 2015-ci il tarixə kredit sazişi № 2nin müddəti bitən tarixə) 19.893,17 manat: əsas borc üzrə - 19.893,17 manat, faiz borcu üzrə - 213,20 manat. Elnur İsgəndərov tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 17.210 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişlər nəzərə alındıqda, cavabdehin iddiaçıya olan borcu 2.683,17 (19.679+213,20-17.210) manat məbləğində müəyyən edilir, o cümlədən, kredit borcu üzrə - 2.683,17 manat. 2-ci sual üzrə: xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixə 15%, xx.xx.2015-ci ildən xx.xx.2016-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik uçot faiz dərəcələrini nəzərə alaraq 3.091,62 manat: əsas borc üzrə - 2.903,61 manat, faiz borcu üzrə - 188,01 manat. Ekspert Bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcunu hesablamamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 442, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan 2469,97 manat əsas, 213,20 manat faiz borcu və azaldılmış 100 manat cərimə borcu Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ekspert rəyinin mübahisələndirilməsi ilə bağlı olmuş, işə birinci instansiya məhkəməsi baxılarkən bir neçə dəfə ekspertiza təyin edilmiş, ekspert qarşısında müxtəlif suallar qoyulmuş və fərqli cavablar verilmişdir. İddiaçı sonuncu rəy ilə razılaşmamış və birinci instansiya məhkəməsində təkrar mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 32548 saylı rəyi ilə müəyyən edilmişdir ki, borclunun xx.xx.2018-ci il tarixə Banka olan əsas borcu 2715,60 manat, faiz borcu 310,79 manat, qalıq faiz borcu 267,19 manat olmaqla, cəmi borcu 3293,48 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, rəy kifayət qədər əsaslandırıldığı və rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar olmadığı üçün qətnamə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcu X7 xeyrinə tutulmalıdır. Eyni zamanda hazırkı iş üzrə müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün Banka dəymiş ziyanın ödənilməsi tələbi irəli sürülmədiyindən Məhkəmə kollegiyası ekspert rəyi ilə müəyyən edilmiş 267,19 manat əlavə faiz borcunun tutulmasına əsas görmür. Eyni zamanda Kollegiya borcludan tutulmalı olan əsas və faiz borcunun məbləğini nəzərə alaraq məhkəmə qətnaməsi ilə tutulmuş 100 manat dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən mütənasib hesab edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2018 saylı iş üzrə xx xxx 2018ci il tarixli qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilsin, əsas borcun məbləği 2715 (iki min yeddi yüz on beş) manat 60 (altmış) qəpik, faiz borcunun məbləği 310 (üç yüz on) manat 79 (yetmiş doqquz) qəpik müəyyən edilsin. Qətnamə dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 145 manat pulun 72 (yetmiş iki) manatı cavabdeh X2, 73 (yetmiş üç) manatı iddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: İkram Şirinov Elşən Kazımov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar