Məhkəmə qərarları › İş №2(103)-864/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-864/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-864/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Xəqani Hüseynovun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 8.840,84 ABŞ dolları, faiz borcu kimi 6.249,39 ABŞ dolları, cəimə kimi 1.743,73 ABŞ dolları, kredit müddəti bitdikdən sonra kreditin qaytarılmasının gecikdirilməsinə görə 5 faizlə hesablanmış əldən çıxmış fayda kimi 1.152,6 ABŞ dolları, cəmi 17.986,49 ABŞ dolları tutulsun və tutma ipoteka predmeti olan mənzilə yönəldilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, 23.06.2015-ci il tarixli, 25- G1-1-0-112-15 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 8.840 ABŞ dolları, məhkəmə xərclərinin əvəzi kimi 60 manat cavabdeh (kredit alan) Cavabdeh1 iddiaçının xeyrinə tutulsun, ekspertiza xərci olan 150 manat Cavabdeh1 tutulsun, tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev № 36-da yerləşən 12 №-li mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 113.550 manat müəyyən edilsin, mənzilin satışından əldə edilən vəsait hesabına borc və məhkəmə xərcləri ödənilsin, mənzil satıldıqdan 1 ay sonra cavabdehlər mənzildən çıxarılmaqla mənzil boşaldılsın, qalan hissədə iddia təmin edilməsin. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilsin və iddiaçının üzərinə Cavabdeh1 və Cavabdeh2 ilə yeni güzətli kredit müaviləsi bağlamaq öhdəliyi qoyulsun. Məhkəmə iclasında iştirak edən şəxslərin hər biri öz tərəfinin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Hər iki apellyasiya şikayəti rədd olunmalıdır. Belə ki, təqdim edilmiş sübutlardan, o cümlədən birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, kredit alanın qətnamədə göstərilən məbləğdə icra edilməmiş əsas borcu vardır. Kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür, lakin bank kredit alanla yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün hər hansı tədbir görməmişdir. Bank məhkəməyə bildirir ki, Fərmanın icrası ilə bağlı kredit alana bildiriş göndərib (iş v. 163). Lakin kredit alan məhkəməyə bildirir ki, ona bildiriş gəlməyib. Bank isə bildirişin çatmasını təsdiq edən sübut təqdim etməyib. Bundan başqa, bildiriş yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun bitməsinə 15 gün qalmış göndərilib. Belə ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatıb. Bildirişin tarixi isə 16.12.2019-cu ildir. Ona görə də bankın kredit alandan digər ödənişləri tələb etməsi hüquqdan sui-istifadə sayılır. Mülki Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir. Əsas borcu qaytarmaq isə Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə kredit alanın öhdəliyidir. Birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Kredit alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub. Cavabdehlərin apellyasiya şikayətində qeyd olunan, bankın üzərinə yeni güzətli kredit müqaviləsi bağlamaq öhdəliyi qoyulması ilə bağlı müraciət mahiyyətcə iddia tələbidir. Apellyasiya şikayətində iddia tələbi irəli sürülə bilməz. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti rədd olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar