Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8641/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4351/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “xxxx” X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” X3 Səhmdar Cəmiyyətinin xeyrinə 213 ABŞ dolları məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” X3 Səhmdar Cəmiyyəti və Cavabdeh arasında xx xxx 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 23 faiz ödəmək şərti ilə 60 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “bu müqaviləyə görə “borcverən” yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə “xxxx” X3 Səhmdar Cəmiyyətinə 213 ABŞ dolları əsas borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” X3 Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4351/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 213 (iki yüz on üç) ABŞ dolları məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4351/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 284- 5.2-ci maddəsinə əsasən, cavabdehə bildiriş glməmiş, məhkəmədə onun barəsində olan işdən məlumatsız olmuşdur. Bununla da Mülki Prosessual Məcəllənin həmin maddəsinin tələbləri pozulmuşdur. Cavabdehlə “xxxx” KB ASC arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Dollar devalivasiyaya uğradıqdan sonra bank cavabdehlə olan müqaviləni birtərəfli qaydada dayandırmışdır. Lakin 2015-2020-ci illərdə cavabdehə artıq faiz hesablanmışdır. Cavabdeh “xxxx” KB-ASC-nin idarə heyətinin sədri F.Hüseynova ərizə ilə müraciət edərək borcun 201502017-ci illər üçün olan faiz əsasında hesablanmasını, sonra hesabı bağlayacağını bildirmişdir. Lakin nə cavabdehi, nə də ərizəni qəbul etməmişlər. Cavabdeh əmək pensiyasının 65 manat olmasına baxmayaraq iddiaçıya 30 ay ərzində hər ay gecikdirmədən ümumilikdə 1450 manat pul ödəmişdir. Lakin, iddiaçı ödənilən məbləğləri faizə hesablamış və cavabdehə qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanından sonra məhkəmə yekun qərar çıxarmadan həmin fərmanın cavabdehə də tətbiq edilməsi üçün işi iddiaçıya qaytarmışdır. Lakin cavabdehə borcunu düzgün hesablamamış və əsassız olaraq 213 ABŞ dolları borc hesablamışlar. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, Mülki Prosessual Məcəllənin 9.1, 88, 217.3, 360, 384.0.2, 385-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Şahverdiyev cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx xxx 2015-ci il tarixli 3814tkBKX/15 №-li kredit və bank hesabı müqaviləsindən görünür ki, “xxxx” KB ASC tərəfindən Cavabdeh illik 23 faiz olmaqla 60 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli bildirişdən görünür ki, “xxxx” KB ASC Cavabdeh xx xxx 2015-ci il tarixli 3814tkBKX/15 №-li kredit müqaviləsi üzrə götürdüyü öhdəliyin yerinə yetirilməsi barədə təklif göndərmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kollegiya işin hallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən etmişdir ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit müqaviləsi bağlanmışdır və hazırda iddiaçı 213 ABŞ dolları əsas borcun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, iddiaçı “xxxx” KB ASC tələb etdiyi 213 ABŞ dolları borcun olmasını sübut edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş və belə bir sənəd iş materiallarında aşkar edilməmişdir. Belə olan halda, həmin borcun mövcudluğu iddiaçı tərəfindən sübut edilmədiyindən cavabdehin üzrəində həmin borcun ödənilməsi ilə bağlı öhdəlik qoyula bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 213 ABŞ dolları məbləğində borcun mövcudluğu sübuta yetirilmədiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4351/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8641/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8641/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver