Məhkəmə qərarları › İş №2(103)-8649/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8649/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8649/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)- 1992/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin Bakı fiilialı arasında bağlanmış 03 may 2011-ci il tarixli 123/06 saylı kredit müqaviləsinə əsasən cavabdehə gündəlik təlabat məqsədi ilə 24 ay müddətinə 25 faizlə 2338 manat kredit verilmişdir. Borcun ödənilməsi məqsədi ilə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 16.02.2015-ci il və 22.09.2020-ci il tarixlərdə bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehin hal-hazırda cəmi borcu 3002,18 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1752,91 manat əsas borc, 427,65 manat faiz borcu, 163,78 manat cərimə, 657,84 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun, eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-1992/2021 saylı qətnaməsi ilə iddia müddəti keçdiyinə görə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi düzgün araşdırmamış, tələskənliyə yol vermiş, çəkişmə prinsipini və sübutların təqdim edilməsini təmin etməmişdir. Belə ki, cavabdehlə bank arasında 03.05.2011-ci il tarixində kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti 03.05.2013-ci il tarixdə başa çatmışdır. Lakin cavabdeh tərəfindən 03.05.2011-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin icra müddətindən indiki vaxta qədər mütəmadi olaraq ödənişlər olmuşdur. Bununla da borcu etiraf etməklə iddia müddətinin axımı kəsilmişdir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-1992/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 03.05.2011-ci il tarixli,123/06 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə 25 faizlə 2338 manat kredit verilmişdir. İş materiallarında olan 03.05.2011-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh bankdan götürdüyü 2338 manat kredit borcunu hər ay 125 manat, sonuncu ay isə 117 manat olmaqla 24 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən məhkəməyə kassa məxaric orderi təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia ərizəsinin iddia müddəti ötürülməklə verildiyini göstərmiş və məhkəmədən iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 03 may 2013-cü il tarixdə, iddia müddəti isə 04 may 2016-cı il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi məhkəməyə 5 aprel 2021-ci il tarixdə verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi apellyasiya şikayətində cavabdeh tərəfindən kredit müqaviləsi üzrə mütəmadi ödənişlər edildiyi göstərilsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edib iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-1992/2021 saylı qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar