Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-865/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Cavabdeh2 nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 (Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs cəlb edilməklə) qarşı “yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: 14 dekabr 2016-cı il tarixdə Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış müqaviləyə əsasən sonuncu Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30 D, blok D1, 4 otaqlı 54 saylı mənzilin və D 14 avtomobil dayanacaq yerinin əvəzi olan 682.500 dolları əvəzinə 1050 ton Ukrayna istehsalı armaturu Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ödəməyi öhdəsinə götürmüşdür. Mənzil xx.xx.2017-ci il tarixdə iddiaçının qızı - cavabdeh X3 adına tam payla xüsusi mülkiyyət kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçının qızı X5 və digər Cavabdeh2 arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30 D blok D1, 54 nömrəli mənzil tərəflərin birgə mülkiyyəti hesab edilmiş və mənzilə X3 1/2 hissədə, Cavabdeh2 1/2 hissədə payı müəyyən edilmişdir. Həmin mənzil xx.xx.2022-ci il tarixdə 1/2 hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə 1/2 hissədə isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 (Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında mənzil inşaatına, faktiki olaraq mənzil alqı-satqısına dair müqavilə bağlanmış və tərəfindən həmin mənzilin dəyəri olaraq Cavabdeh1 MTK-ya 682500 ABŞ dolları məbləğində inşaat materialı verilmişdir. Tərəfindən öhdəlik yerinə yetirilmiş, qeyd edilən materiallar Cavabdeh1 MTK-ya təqdim edilmiş və MTK həmin binanın inşaatını tamamlayaraq binanı təhvil vermişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, qeyd edilən mənzilə dair digər cavabdehlərə mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. Mənzilin ona məxsus olmasına baxmayaraq, hüquqları pozularaq çıxarışlar kənar şəxslərə verilmişdir. Bununla bağlı iddiaçı cavabdehlərə, xüsusən də Cavabdeh1 MTK-ya müraciət etsə də, bu heç bir nəticə verməmiş və ona bildirmişlər ki, sənədləşmə keçirildiyi üçün heç nə etmək mümkün deyil. Hesab edir ki, iddiaçıya məxsus mülkiyyət üzərində başqalarının əsassız hüquq əldə etməsi qanunsuz və əsassızdır. Sahənin mülkkiyyətçisi, sahibi iddiaçı özüdür. Bununla bağlı Əmlak Xidmətləri Məkanına müraciət etmişdir. Lakin alt çıxarışın verilməsindən imtina etmişdirlər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu, habelə lazımi sənədləri ala bilməməsini mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməyib. İddia ərizəsində göstərilib ki, iddiaçı mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün inzibati orqana (Əmlak Xidmətləri Məkanına) müraciət edib, lakin həmin orqan ona alt çıxarışın verilməsindən imtina edib. Lakin iddia ərizəsinə həmin imtina əlavə edilməyib. Belə olan halda iddiaçı inzibati orqan olan Əmlak Xidmətləri Məkanının ona alt çıxarışın verilməsindən imtina etməsinə görə inzibati məhkəmədə iddia qaldıra bilərdi. Lakin iddiaçı başqa məqsədlər güdərək bilərəkdən qanunla müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrinə qarşı inzibati məhkəmədə iddia qaldırmayıb. Bakı Şəhəri Nərimanov raynu 802-803-cü məhəllə K.Kazımzadə küçəsi ev 30d1 blok d1 mənzil 54 Cavabdeh2 və iddiaçının qızı Məmmədov Nigarla birgə nikahları dövründə Cavabdeh2 öz vəsaiti ilə əldə olunub və Məmmədov Nigarın adına rəsmiləşdirilib. Sonradan həmin nikah pozulduqdan sonra əmlak bölgüsü ilə bağlı aralarında məhkəmə mübahisəsi baş verib. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak birgə nikah dövründə əldə olunmuş əmlak olaraq Cavabdeh2 ilə cavabdeh arasında 1/2 nisbətdə bölünüb. Məhkəmənin həmin qətnaməsi 13 iyun 2022-ci il tarixdə qanuni qüvvəsinə minib. 11 avqust 2022-ci il tarixdə icraya yönəlib, Cavabdeh2 və Cavabdeh3 paylarına mütənasib olaraq mülkiyyət hüquqları qeydə alınıb. Həmin işə baxılarkən mübahisəli mənzilin guya cavabdehin vəsaiti ilə əldə olunduğu iddia edilib, lakin məhkəmə həmin arqumentləri əsassız olduğu üçün rədd edib. Cavabdeh3 tərəfindən Cavabdeh2 mübahisəli mənzilə olan hüquqları pozulduğu, ona mənzildən istifadə etməyinə imkan verilmədiyi, Cavabdeh3 və onun valideynləri tərəfindən mənzil aylıq 4000 manata kirayəyə verilərək, əldə olunan vəsaitin payına münasib nisbətdə ona çatan hissəsi də mənimsənildiyi üçün Cavabdeh2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, Bakı şəhəri ünvan 2-ün Cavabdeh2 ilə Cavabdeh3 arasında paylarına mütənasib surətdə 1/2 nisbətdə bölünməsi, bu mümkün olmadıqda həmin daşınmaz əmlakın hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun Cavabdeh2 ilə Cavabdeh3 arasında paylarına mütənasib surətdə 1/2 nisbətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı da həmin işlə bağlı icraatın əsassız olaraq dayandırılması və işə baxılmasının süni şəkildə uzadılması məqsədilə bu iddianı qaldırıb. İddiaçının bu iddiasını verməsilə paralel olaraq onun həyat yoldaşı X8 da Nərimanov Rayon Məhkəməsində baxılan e-2(005)-811/2023 saylı mülki işin icraatının əsassız olaraq dayandırılması və işə baxılmasının süni şəkildə uzadılması məqsədilə həmin işdə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddia qaldıraraq mübahisəli mənzilə dair Cavabdeh2 adına Reyestr Xidmətində aparılmış qeydiyyatın ləğv edilməsinin 1 saylı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə həmin iddianı geri qaytarıb. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzillə bağlı ilk dəfə Yasamal Rayon Məhkəməsində araşdırılma aparılıb və həmin mənzil Şamxal və Nigar arasında 1/2 hissədə bölünüb. Nigar İddiaçı qızıdır. Həmin işə baxılarkən İddiaçı, o cümlədən Cavabdeh1 hesab edirdilər ki, mənzil İlqara məxsusdur, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh3 adına qeydiyyatdan keçdiyi üçün məhkəmə hesab edib ki, nə qədər ki, birgə nikah dövründə əldə olunub 1/2 hissədə bölünməlidir. Məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilib və sonda həmin qətnamə qüvvəsində qalıb. Həmin mənzilin hərracla bağlı işinə baxılarkən İddiaçı ərizə verərək, işə cəlb olunmasını xahiş edir və bundan başqa arvadı qarşılıqlı iddia qaldıraraq Cavabdeh2 barəsində qeydiyyatın ləğv olunması barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddia verir, lakin məhkəmə bunu qəbul etmir. Bu mülki iş icraata qəbul olandan sonra Nigar ərizə verərək, mülkiyyət hüququnun tanınması barədə iddia olduğuna görə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə baxışın uzadılmasına görə bu iddia ilə müraciət olunub və nə qədər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınıb və inzibati akt ləğv olunmadan başqa şəxsin hüququ tanına bilməz. İddiaçı və Cavabdeh1 saxta sənədlər təqdim etdiklərinə görə, yəni bir mənzilin iki şəxsə məxsus olması barədə sənədlər olduğuna görə Yasamal Rayon Məhkəməsi xüsusi qərardad çıxarmışdır. Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə iddianın etiraf edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 MTK tərəfindən hazırki iddia ərizəsi üzrə araşdırma aparılarkən kargüzarlıq və sənəd dövriyyəsi səhvi nəticəsində, o cümlədən ayrı-ayrı şəxslərin qohumluq münasibətlərindən asılı olmayaraq eyni şəxs kimi qəbul edilməsinin hüququ əsasının olmamasını bilməməsi səbəbindən yanlış olaraq İddiaçı məxsus mənzilin heç bir əsas olmadan başqa bir şəxsin adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, bu illər ərzində mənzilə dair bütün kommunal ödənişlər də mənzilin əsl sahibi İddiaçı tərəfindən həyata keçirilmişdir. Mənzilin əsl sahibi kimi yalnız İddiaçı tanınmışdır. Bundan əlavə, İddiaçı ilə Cavabdeh1 MTK arasında mənzil inşaatına, faktiki olaraq mənzil alqı-satqısına dair müqavilə bağlanmış və onun tərəfindən həmin mənzilin dəyəri əvəzinə Cavabdeh1 MTK-ya inşaat materialları verilmişdir. Həmin müqavilə 2016-cı ilin dekabr ayında bağlanmış və qeyd edilən mənzil İddiaçı təqdim edilmişdir. Lakin sonradan kargüzarlıqda olan formallıq nəticəsində mənzilin mülkiyyətçisi kimi Cavabdeh3 qeyd edilmişdir. Əslində mənzilin mülkiyyətçisi iddia ərizəsində göstərildiyi kimi İddiaçıdur. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı mülkiyyəti hüququnun tanınmasına dair iddianı etiraf edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Məmmədova (Abdullayeva) Nigar İlqar qızı və Cavabdeh2 arasında olan əmlak mübahisəsinə, habelə hazırki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilə dair qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı qətnaməsi mövcuddur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlardan görünür ki, X5 mənzil dəyərinin atası tərəfindən ödənildiyini desə də, Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışında Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30 D, blok D1, 54 saylı mənzilin pay dəyərinin payçı X5 tərəfindən tam ödənildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunan Cavabdeh1 MTK-nınxx.xx.2021-ci il tarixli, 005/21 saylı məktubunda mübahisəli mənzil X3 adına rəsmiləşdirilsə də, mənzilin dəyəri tam olaraq İddiaçı, yəni ilkin iddiaçının atası tərəfindən ödənildiyi qeyd edilmişdir. Məhkəmə mübahisəli mənzilin dəyərinin ödənilməsi ilə bağlı verilmiş fərqli arayışlar arasında ziddiyyət olduğunu nəzərə alıb ilkin verilmiş maliyyə arayışını əsas götürərək hesab etmişdir ki, qeyd edilən mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, həmin əmlak üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 1/2 hissədə payı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun tanınmasını xahiş etdiyi mənzil üzərində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdehlər X3 1/2 hissədə, Cavabdeh2 1/2 hissədə payı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mübahisəli mənzilin İddiaçı hesabına alınması dəlili irəli sürülmüş, lakin qeyd olunan hal məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, mübahsəli mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilərək, cavabdehlər arasında bölünmüşdür. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliklə çəkişmə prinsipi mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirilir. Tərəflərin çəkişmə prosesində iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün mənfi nəticələrə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı qətnaməsi mübahisələndirilmiş, qətnamədən şikayətlər verilmişdir. Məhkəmə aktı apellyasiya və kassasiya instansiyası məhkəmələrində mübahisəli əmlaka dair hissədə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)5055/2021 saylı icra vərəqəsi qanuni qüvvəyə minmiş, 11 avqust 2022-ci il tarixdə icraya göndərilmişdir. Müvafiq nəticə olaraq, mənzil xx.xx.2022-ci il tarixdə 1/2 hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə isə 1/2 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə tərəflərə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə qeyd etmişdir ki, iş üzrə mübahisəli mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi təsdiq olunur. Bunu inşaat aparmış şirkət də açıq təsdiq edir. Onların arasında müqavilə də mövcuddur. Lakin Ali Məhkəmənin əmlak bölgüsü ilə bağlı qüvvədə olan qərarının mövcudluğu nəzərə alınaraq, hazırki iş üzrə iddia tələbinin təmin edilməsi mümkün deyildir. İstinad edilən normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin əmlak üzərində hüquqlarının qəbul edilməli olmasıdır. Reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əldə edən üçüncü şəxslərin hüquq və mənafelərinin müdafiəsinə yönələn institutdir. Hazırki iş üzrə mübahisəli mənzil xx.xx.2017-ci il tarixdə iddiaçının qızı - cavabdeh X3 adına tam payla xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu zaman reyestrdəki qeydə dair etiraz daxil edilməmiş, əmlak üzərində yüklülük olmamış, habelə qeydin aparılmasını istisna edən digər hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Lakin belə bir mübahisə olmamış, iddiaçı belə bir tələblə müvafiq məhkəməyə müraciət etməmişdir. Həmçinin iş materiallarında cavabdehlər Məmmədova (Abdullayeva) Nigar İlqar qızı və Cavabdeh2 əmlaka dair mülkiyyət hüququnu şübhə altına alan hər hansı mötəbər sübutlar (məlumatlar) mövcud deyildir və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki, daşınmaz əmlak üzərində məhkəmə qərarı əsasında (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022ci il tarixli 2(102)-2862/2022 saylı Qərarı) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 pay hüququ tanınmışdır və həmin əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən adlarına qeyd aparılmış, belə olan halda iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanınması yolverilməzdir. Məhkəmə Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddianın etiraf edilməsinə dair ərizəsinə də münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehlər Məmmədova (Abdullayeva) Nigar İlqar qızı, Cavabdeh2 və Cavabdeh1 MTK-dır. Cavabdeh1 MTK İddiaçı məxsus mənzilin heç bir əsas olmadan başqa bir şəxsin adına rəsmiləşdirilməsinin müəyyən edildiyini bildirsə də, hazırki, habelə tərəflər arasında olan əvvəlki məhkəmə prosesləri zamanı iş materiallarına əlavə edilmiş məktubu ilə xx.xx.2017ci il tarixində qeyd olunan mənzilin İddiaçı xahişi ilə onun qızı X3 adına rəsmiləşdirildiyini bildirmişdir. Göründüyü kimi cavabdehin bildirdiyi hallar fərqli olmaqla bir-birinə ziddiyyət təşkil edir. Bu isə etirafın işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradır. Bununla yanaşı Cavabdeh1 MTK tərəfindən iddianın etiraf edilməsi Məmmədova (Abdullayeva) Nigar İlqar qızı və Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Halbuki AR MM-in 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MTK tərəfindən edilmiş etirafın məhkəmə tərəfindən qəbul edilərək iddianın təmin edilməsi digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarmaqla, mümkün deyildir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 139.1, 139.3, 152.1, 152.5, 140, 148.2, 149.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 16.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 218.3, 52.5, 82.3, 106.4, 107, 119.1, 124.2, 220.5-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il Qərarına istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə istinad etmişdir. Həmin maddəyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin məhkəmə hazırki iş üzrə İddiaçı digər işlərdə tərəf olmadığını, həmin işlərdə heç bir şəkildə iştirak etmədiyini nəzərə almamışdır. Məhkəmənin istinad etdiyi qanun norması yalnız iş üzrə prosessual tərəf olmuş şəxslərə şamil edilə bilər. Həmçinin qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin öhdəliyin icrası məsələsi araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə kİ, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia ərizəsi qismən təmin, qarşılıqlı iddia ərizəsi tam təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilə X3 1/2 hissədə, Cavabdeh2 1/2 hissədə payı müəyyən edilmişdir. Həmin mənzil xx.xx.2022-ci il tarixdə 1/2 hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə 1/2 hissədə isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına baxmayaraq iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində özünün mülkiyyət hüququnun tanınmasına dair tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə istinad etməklə bu nəticəyə gəlmişdir ki, cavabdehlər Məmmədova (Abdullayeva) Nigar İlqar qızı və Cavabdeh2 arasında olan əmlak mübahisəsinə, habelə hazırki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilə dair qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı qətnaməsi hazırki iş üzrə preyudisiyal əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə sözügedən qətnamənin hazırkı iş üzrə preyudisiallığını vurğulamaqla prosessual hüquq normasını düzgün təfsir etməmişdir. Belə ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (MPM-nin 82-ci maddəsi) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Məmmədova (Abdullayeva) Nigar İlqar qızı və Cavabdeh2 arasında yaranmış mübahisə əsasında çıxarılmış, İddiaçı həmin işdə tərəf olmamışdır. Bu isə o deməkdir ki, sözügedən qətnamə ilə müəyyən olunmuş hesab edilən hal İddiaçı münasibətdə preyudisiyal əhəmiyyət kəsb edə bilməz və o, irəli sürdüyü halı müvafiq qaydada sübuta yetirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarından olan 14 dekabr 2016-cı il tarixdə Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış mənzil inşaatı müqaviləsindən görünür ki, inşaatçı inşaat sənayesində mövcud olan işgüzar adətlərə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan «Plan» və «Spesifikaya»ya uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsindəki 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış massivinin D blokunun 4-cü mərtəbəsində Sahibi mərtəbənin ümumi dəhlizin bir hissəsi, eyvan, sirkulyasiya boşluğu, çöİ və daxili divarlar və kolonların tutduğu sahə də daxil olmaqla brut 275 kv.m tikinti sahəsi olan 4 otaqlı, 54 saylı mənzil ilə və D14 avtomobil dayanacaq yeri ilə təmin elməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, mənzilin ümumi dəyəri avtomobil dayanacaq yeri daxil olmaqla 682 500 USD (altı yüz səksən iki min beş yüz ABŞ dollar), məbləğində müəyyən olunur. Bu Müqavilə bağlanıldığı anda Sahib İnşaatçıya mənzilin və avtomobil dayanacağının razılaşdırılan dəyərinin əvəzinə dəyəri 682 500 USD (aİtı yüz səksən iki min beş yüz ABŞ dolları) olan 1050 ton Ukrayna istehsalı armatur ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından olan Cavabdeh1 MTK tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli 006/21 №-li məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 MTK tərəfindən ünvan 4 ünvanında inşa edilmiş yaşayış massivinin D blokunda yerləşən 54 nömrəli mənzil 14 dekabr 2016-cı il tarixində bağlanmış Mənzil inşaatı müqaviləsinə əsasən İddiaçı tərəfindən əldə edilmişdir və onun adına rəsmiləşdirilmişdir. Sonradan, yəni xx.xx.2017-ci il tarixində qeyd olunan mənzil İddiaçı xahişi ilə onun qızı X3 adına rəsmiləşdirilmişdir. Mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarından olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 206,50 m2 olan mənzil xx.xx.2022-ci il tarixdə 1/2 hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə 1/2 hissədə isə Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarından olan Cavabdeh1 MTK X6 tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli № 02-112 saylı arayışdan görünür ki, ünvan 6 ünvanında yerləşən "X6" yaşayış kompleksində, Blok D1, mənzil 54 Cavabdeh3 məxsudur. Mənzilin ümumi kommunal xərci aylıq 200.00 (iki yüz) manat təşkil edir. Mənzilin kommunal xərcləri üzrə ödənişləri xx.xx.2017-ci il tarixdən etibarnən İddiaçı tərəfindən ödənilir və xx.xx.2022-ci il tarixinə borcu yoxdur. İş materiallarından olan Cavabdeh1 MTK X6 tərəfindən verilmiş 18 sentyabr 2023cü il tarixli № 02-124 saylı arayışdan görünür ki, ünvan 7 ünvanında yerləşən "X6" yaşayış kompleksində, Blok D1, mənzil 54 Cavabdeh3 adınadır. Mənzilin ümumi kommunal xərci aylıq 200.00 (iki yüz) manat təşkil edir. Mənzilin kommunal xərcləri üzrə ödənişləri xx.xx.2017-ci ildən, yəni mənzil İddiaçı tərəfindən barter üsulu ilə əldə edildiyi tarixdən etibarən, elə həmin şəxs, yəni İddiaçı tərəfindən ödənilir və bu günə borcu yoxdur. Göründüyü kimi iş üzrə mübahisəli mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi təsdiq olunur. Bunu inşaat aparmış şirkət də açıq təsdiq edir. Onların arasında müqavilə də mövcuddur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil üzərində Cavabdeh3 və Cavabdeh2 pay hüququ tanınmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 5055/2021 saylı qətnaməsi mövcuddur və məhkəmə aktı apellyasiya və kassasiya instansiyası məhkəmələrində mübahisəli əmlaka dair hissədə dəyişdirilmədən saxlanmışdır. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı icra vərəqəsi qanuni qüvvəyə minmiş, 11 avqust 2022-ci il tarixdə icraya göndərilmişdir. Müvafiq nəticə olaraq, mənzil xx.xx.2022-ci il tarixdə 1/2 hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə isə 1/2 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə tərəflərə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamə hazırki iş üzrə predyudisiyal əhəmiyyət daşımasa da, onun mövcudluğu və qanuni qüvvədə olması halında iddiaçının həmin mənzilə mülkiyyət hüququnun tanınması yolverilməzdir. Məhkəmə kollegiyası Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddianın etiraf edilməsinə dair ərizəsinə də qiymət verərək hesab edir ki, Cavabdeh1 MTK tərəfindən iddianın etiraf edilməsi Məmmədova (Abdullayeva) Nigar İlqar qızı və Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu üçün bu etirafı qəbul edilə bilinməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 (Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs cəlb edilməklə) qarşı “yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə