Məhkəmə qərarları › İş №2(103)-8654/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8654/2021

26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8654/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, MTK-dan 2 661 332 manat kompensasiyanın və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 331,3 kv.metrdən və 229,2 kv.metrdən ibarət qeyri-yaşayış sahələrinin mülkiyyətçisi olmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona bu barədə 19.12.2018-ci il və 27.12.2018-ci il tarixli çıxarışlar verilmiş, əmlaklarından birini 20.06.2012-ci il tarixli icarə müqaviləsi ilə aylıq 1450 manat icarə haqqı razılaşdırılmaqla "xxxx" MMC-nə icarəyə vermiş, lakin 2019-cu ilin əvvəllərindən başlayaraq əmlaklarının olduğu bina cavabdeh tərəfindən sökülmüş, mülkiyyətinə müdaxilələrin dayandırılması barədə cavabdehə etdiyi müraciətlər nəticəsiz qalmış, Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, mülkiyyətində olan əmlakların sökülməsi nəticəsində məruz qaldığı ziyanın (zərərin) ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququnun olduğu ona izah olunmuşdur. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə də təqdim edərək MTK-nın bank hesablarına 2 661 362 manat həcmində həbs qoyulması, mənzil və qeyri-yaşayış sahələrinin satılmasının, başqa qaydada özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan cavabdeh MTK-nın nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət, iddia tələbinin əsassızlığı irəli sürülməklə yanaşı həm də belə əsaslandırılmışdır ki, sökülmüş binada iddiaçıya məxsus qeyri-yaşayış sahəsi olmamış, ona aid mənzillərin ölçülərindən 20% artıq sahəli mənzillərin verilməsi və kirayə haqqının ödənilməsi barədə MTK-nın təklifləri iddiaçı tərəfindən qəbul olunmamış, məhkəmə isə heç bir əsas olmadan MTK-nın fəaliyyətini iflic edən qərardad çıxarmışdır. Məhkəmə iclasında iştirak edən MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadının ləğv olunmasını və iddianı təmin etmə tədbirinə dair iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə cavabdeh MTK-nın iddiaçının hüquqlarını kobud şəkildə pozduğunu və ona hər hansı təklif etmədiyini, bunun isə gələcəkdə çıxarılacaq qətnamənin icrası zamanı da problemlər yaradacağının göstəricisi olduğunu qeyd edərək şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinin qismən təmin edilməsinə dair yeni qərardad çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadını ümumiyyətlə əsaslandırmamış, hansı səbəblə müvafiq nəticəyə gəldiyi qeyri-müəyyən qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur; lazımi qaydada əsaslandırılmamış məhkəmə qərarı isə hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə qərarlarının əsaslandırılması xüsusi prosessual tələb kimi həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit olunur və Avropa Məhkəməsinin presedent hüququnu təşkil edir. Ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi ilə bağlı olan bu prinsip məhkəmə qərarlarında onların əsaslandığı dəlillərin kifayətedici tərzdə göstərilməsini tələb edir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Qanunun göstərilən müddəalarının mənası baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olmaqla, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. İşin hallarından aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli 86 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək, sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək nəzərdə tutulmuş, qərarın icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Cavabdeh MTK arasında 23.10.2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüş, iddiaçı ilə MTK arasında iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi və onun əvəzində pul kompensasiyasının, yaxud digər əmlakın verilməsi barədə razılıq əldə olunmamış və əmlakların yerləşdiyi bina MTK tərəfindən sökülmüşdür. İş materiallarından həmçinin aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən İddiaçı məxsus əmlakları sökməsi qanunsuz hesab edilmiş, iddiaçıya, mülkiyyətində olan əmlakların sökülməsi nəticəsində məruz qaldığı ziyanın (zərərin) ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququnun olduğu izah olunmuşdur. Qanuni qüvvəsini almış həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 3 saylı mənzil 25.02.2013-cü il tarixdən, həmin ünvandakı 14 saylı mənzil isə 27.07.2018-ci il tarixdən İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək həmin mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 m2 olması nəzərə alınmaqla qeydə alınmayan 120 m2 sahə əlavə olunaraq ümumilikdə 566,7 m2 sahənin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi onun adına qeydə almaq vəzifəsi adı çəkilən qurumun üzərinə qoyulmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 19.12.2018-ci il və 27.12.2018-ci il tarixdə verilən çıxarışlar əsasında 331,3 kv.metrdən və 229,2 kv.metrdən ibarət qeyri-yaşayış sahələri iddiaçının adına qeydiyyatdan keçirilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı Cavabdeh MTK-nın verdiyi şikayət əsasında 12.06.2019-cu il tarixli qərardadla ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş, 30.10.2019-cu il tarixli qərarla isə İddiaçı sözügedən iddia tələbi təmin olunmamışdır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli qərarından İddiaçı verdiyi şikayət təmin olunmamış, qərar qanuni qüvvəsini almışdır. Bu mənada kollegiya, hazırkı mübahisənin halları baxımından və iddiaçının iddia tələbinin mahiyyətini nəzərə almaqla hesab edir ki, cavabdeh MTK-nın, iddiaçıya məxsus olmuş əmlakların yerləşdiyi ərazidə inşa etdiyi binada ümumilikdə 672,6 m2 (iddiaçının ona məxsus olduğunu iddia etdiyi 560,5 m2 + 20% əlavə) sahənin satılmasının və başqa qaydada özgəninkiləşdirilməsinin qadağan olunması məzmununda tədbirin görülməsi, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Nəzərə alınmalıdır ki, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas şərtlərindən biri məhkəmənin yekun aktının reallıqda icra edilməli olmasıdır və cavabdeh MTK-nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli 86 saylı Qərarı əsasında üzərinə götürdüyü öhdəliklər müvafiq iddianın təmini tədbirinin tətbiqini zəruri edir. Bununla belə kollegiyanın qənaətinə görə iddiaçının, “cavabdeh MTK-nın bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması” xahişi təmin olunmamalıdır. Belə ki, bu növdə təmin tədbirinin tətbiqi üçün ilk növbədə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməli və iddia tələbinin heç bir təminatı mövcud olmamalıdır. Xüsusilə qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların təqdim edilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının iddiasının təmini tədbiri qismində cavabdeh MTK-nın inşa etdiyi binada 672,6 m2 sahənin satılmasının və başqa qaydada özgəninkiləşdirilməsinin qadağan olunması məzmununda tədbirin görülməsi məqsədəmüvafiq hesab edilmişdir və kollegiyanın qənaətinə görə bu tədbir, çıxarılacaq qətnamənin (iddianın təmin olunması halında) yetərli təminatı hesab oluna bilər. Həmçinin qeyd olunmalıdır ki, əsas fəaliyyəti tikinti işləri görmək və inşa etdiyi mənzillər hesabına öz üzvlərinin, habelə digər şəxslərin mənzil təminatını, eləcə də maddi rifahını təmin etmək olan MTK-nın bank hesablarına həbs qoyulması onun normal fəaliyyətinə maneə yaradar. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1830/2021 saylı iş üzrə 08 iyun 2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı nümayəndəsinin iddianı təmin etmə tədbirlərinin görülməsinə dair ərizəsi qismən təmin edilsin. İş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında inşa etdiyi binada 672,6 m2 sahənin satılması və başqa qaydada özgəninkiləşdirilməsi qadağan olunsun. Qərardad dərhal icra olunsun və onun icrası Bakı şəhəri Nizami və Nəsimi rayon icra şöbələrinə, habelə Cavabdehnə həvalə edilsin. İddianı təmin etmə tədbirinə dair ərizə qalan hissədə təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar