Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8666/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(011)-2562/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(011)-2562/2021 saylı qətnaməsi (hakim İ.Abbasova) ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7533.26 manat məbləğində əsas borc, 1849.06 manat məbləğində faiz borcu olmaqla, cəmi 9382.32 manat məbləğində pul vəsaiti və 30.40 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1n və Cavabdeh2 7533.26 manat məbləğində əsas borc və 1849.06 manat faiz borcu olmaqla, ümumilikdə 9382.32 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, 106804-827963/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 7700 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 24 dekabr 2019-cu il tarixli, 106804-827963/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 24 dekabr 2019-cu il tarixli, 106804-827963/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 19 yanvar 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7533.26 manat məbləğində əsas borcu və 1849.06 manat faiz borcu olmaqla, ümumilikdə 9382.32 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Birinci instansiya məhkəməsi qismində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin tələb üzrə yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 tərəfindən vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə maddi və prosessual hüquq normaları pozulmqla qanunlar düzgün tətbiq edilməmişdir. İşin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv araşdırılıb onlara hüquqi qiymət verilməməklə iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə qətnamə üzrə onun iddia tələbini etiraf etməyini əsaslanaraq iddianı təmin etmişdir. Halbuki o, məhkəmə iclasında iddiaçı tərəfindən hesablanmış faizlərin həddən artıq şişirdiyini bildirmişdir. Lakin bu barədə heç bir qeyd edilməmişdir. Bank tərəfindən ona qarşı haqsızlıq olubdur. Əslində hesablanmış faiz borcu şişirdilmişdir. Onun banka 1849.06 manat məbləğində faiz borcu yoxdur. Hesab edir ki, məhkəmə bu barədə mühasibatlıq ekspertizası təyin etməklə həqiqətə nail ola bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsinin faiz məbləğinin tutulması hissəsində ləğv edilməsini və iddia tələbinun qismən təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İddiaçı ASC-nin nümayəndəsi apellyasiya icraatı zamanı verdiyi izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, mübahisələndirilən qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya icraatı zamanı verdiyi izahatında digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan İddiaçı ASC-si ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, 106804-827963/1 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 16.5%-lə 36 ay müddətinə 7700 manat məbləğində kredit verilmişdir. İş materialında olan 24 dekabr 2019-cu il tarixli, 106804-827963/1 nömrəli İddiaçı ASC-si ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan 24.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-si tərəfindən verilmiş 19.01.2021-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh1 24 dekabr 2019-cu il tarixli, 106804- 827963/1 nömrəli kredit müqaviləsi üzrə 19 yanvar 2021-ci il tarixə 7533.26 manat əsas borc, 1849.06 manat faiz borcu borcu olmaqla, ümumilikdə 9382.32 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən 5 gün müddətində borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq göndərilmişdir. Beləliklə, işdə olan sübutlarla, habelə iddiaçının nümayəndəsinin izahatı ilə Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 24 dekabr 2019-cu il tarixli 106804-827963/1 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 7533 manat 26 qəpik, faiz borcu qismində 1849 manat 06 qəpik olmaqla, ümumilikdə 9382 manat 32 qəpik məbləğində borcun yaranması təsdiq olunur. Göründüyü kimi Cavabdeh1 hazırki iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-yə ödənilməli olan əsas borc və borca görə hesablanmış faizləri lazəmi qaydada ödəməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə mülki iş materiallarını tədqiq edərək qeyd edilən dəlilləri formal mülahizə hesab etməklə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlilləri bağlı qeyd edir ki, cavabdeh ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz borcu ) icra etməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətində “fazi borcu olmaması” dəlili ilə əlaqədar ilə qeyd edir ki, cavabdehə faiz borcu kredit müqaviləsi üzrə əsas borcu vaxtında icra etmədiyi üçün hesablnamışdır. Belə ki, 24 dekabr 2019-cu il tarixli 106804-827963/1 saylı kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 faiz həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. Faizlərin isə qismən və ya tam ödənilməsi və faiz borcunun daha az və ya olmamasına dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlili heç bir sübutla təsdiqni tapmayan formal mülahizələrdən ibarətdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(011)-2562/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(011)-2562/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8666/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8666/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver