Məhkəmə qərarları › İş №2(103)-8668/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8668/2021

14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8668/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bakı Şəhəri İcra Hakimiyyəti "xxxx" X1 cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “maddi ziyanın ödənilməsi tələbinə” dair 2(005)- 5070/2021 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Ləğvetmə Komissiyası tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhəri İcra Hakimiyyəti "xxxx" X1 Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 vurulmuş 5178 (beş min yüz yetmiş səkkiz) manat məbləğində maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 5208,40 (beş min iki yüz səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Bakı Şəhəri İcra Hakimiyyəti "xxxx" X1 nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin əlavə cavabdeh qismində cəlb edilərək, "xxxx" X2 vurulmuş 6678 (altı min altı yüz yetmiş səkkiz) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 5178 (beş min yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin 3500 (üç min beş yüz) manat hissəsinin Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətindən, 1678 (bir min altı yüz yetmiş səkkiz) manat hissəsinin isə Cavabdeh1, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının isə mütanasib qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 22.05.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala yolunda, etibarnamə əsasında idarə etdiyi “Jeep Wrangler” minik markalı, 10-XM-l 10 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti "xxxx" X2 məxsus olan 2 ədəd “H-12 metrlik elektrostatik” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisələrinə 6678 (altı min altı yüz yetmiş səkkiz) manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Xəzər rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən 26.05.2018-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və 26.05.2018-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, Cavabdeh1 tanınmışdır. Cavabdeh1 tərəfindən idarə edilən “Jeep Wrangler” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası ASC "xxxx" Sığorta Şirkətində sığortalanmışdır. Bu səbəbdən ASC "xxxx" Sığorta Şirkəti tərəfindən Bakı Şəhəri İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. 22.05.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Bakı Şəhəri İcra Hakimiyyəti "xxxx" X2 məxsus ədəd “H-12 metrlik elektrostatik” tipli işıq dirəyinin sıradan çıxması nəticəsində 6678 (altı min altı yüz yetmiş səkkiz) manat məbləğində vurulmuş maddi ziyanın 5178 (beş min yüz yetmiş səkkiz) manat hissəsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq Bakı Şəhəri İcra Hakimiyyəti "xxxx" X3 ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 prel 2021-ci il tarixli qətnaməsi ilə İddia təmin edilmiş, Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətindən 3500 (üç min beş yüz) manat və Cavabdeh1 1678 (bir min altı yüz yetmiş səkkiz) manat olmaqla cəmi 5178 manat pul vəsaitinin Bakı Şəhəri İcra Hakimiyyəti "xxxx" X1 xeyrinə ödənilməsi, Ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti ASC-dən 20,60 manat və Cavabdeh1 9,80 manat dövlət rüsumunun və bank xidməti haqqının tutularaq Bakı Şəhəri İcra Hakimiyyəti "xxxx" X2 ödənilməsi qət edilmişdir. Cavabdeh Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Ləğvetmə Komissiyası apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinə qarşı təmin olunmuş hissəsində ləğv edilməsini və həmin hissədə işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin (hakim L.Əliyeva) 17.08.2020-ci il tarixli, e- 2-2(113)-1575/2020 saylı qərardadı ilə sözügedən şirkətin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir. Hazırda ləğvetmə komissiyası tərəfindən "xxxx" Sığorta Şirkətinin ASC-nin ləğvetmə tədbirləri və öhdəlikləri davam etdirilir. İflas prosedurunda olan sığorta şirkətinə qarşı kreditor tələblərə mülki məhkəmə icraatında baxıla bilməz, bu cür tələblərlə bağlı iddialar məhkəmə tərəfindən icraata qəbul edilmədən geri qaytarılmalı, icraata qəbul edilmiş iddialar üzrə isə işlərə xitam verilməli, iddiaçılara kreditor tələbləri ilə bağlı qanunvericiliyə uyğun olaraq Ləğvetmə Komissiyasına və ya iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi hüququ izah olunmalıdır. Apellyasiya baxışında iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının predmetini iddianın cavabdeh ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti ASC-yə münasibətdə təmin edilmiş hissəsi təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 22.05.2018-ci il tarixində saat 03:00-radələrində “Jeep Wrangler” markalı, 10XM-110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Qala yolunda sürücü yorğun olduğu halda ani halda tərəfindən yuxuya gedib idarəetməni itirib yolda işıq dirəyinə dəymişdir. Nəticədə iddiaçıya 6678 manat məbləğində maddi ziyan dəymişdir. Xəzər rayon DYPŞ-nin TP ******* saylı, 26.05.2018-ci tarixli qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək cərimə edilmişdir. Cavabdeh1 ilə ASC "xxxx" Sığorta Şirkəti arasında bağlanmış 10.08.2017-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti sığortalanmışdır. Sığorta şirkəti tərəfindən həmin sığorta hadisəsi ilə əlaqədar 15.01.2019cu il tarixli,16.01.2019-cu il tarixli və 25.01.2019-cu il tarixli ödəniş tapşırıqlarına əsasən "xxxx" X1 hesabına 1500 manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinə münasibətdə təmin edilməsi barədə qətnamə çıxarmaqla maddi və prosessual hüquq normalarını pozmuşdur. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublıkasının Qanununun 18-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 115.4-cü maddəsinə əsasən sığortaçının müflisləşmə ilə bağlı ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il qərarına əsasən, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, “Jeep Wrangler” markalı, 10-XM110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini icbari sığorta edən ASC "xxxx" Sığorta Şirkəti məhkəmə qətnaməsi ilə müflis elan edildiyi və hazırda ləğv prosesində olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsi iddianın sığorta şirkətinə münasibətdə təmin edilmiş hissəsində ləğv edilməli, mülki işin icraatına həmin hisssədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Ləğvetmə Komissiyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(005)- 507/2021 saylı qətnaməsi mübahisələndirilən - iddianın cavabdeh Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinə qarşı təmin olunmuş hissəsində ləğv olunsun. Mülki işin icraatına həmin hissədə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar