Məhkəmə qərarları › İş №2(103)-868/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-868/2022

26.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-868/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ½ hissədə mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilindən istifadəsinə, həmçinin mənzilə girişçıxışına maneələr yaratmasının cavabdehə qadağan olunması, mənzilin yaşayış otağı ilə mətbəxi arasındakı qapının cavabdehin hesabına açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(001)-1823/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər 08.09.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuş, sonradan həmin nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.10.2008-ci tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzili onların hər birinin ½ hissədə olmaqla paylı mülkiyyətlərindədir. Ümumi sahəsi 42 kvm olan mənzilin 22 kvm yaşayış, qalan 20 kvm sahəsi isə köməkçi sahədən ibarətdir. Mənzilin 22 kvm olan yaşayış sahəsindən 11 kvm və 20 kvm köməkçi sahədən isə 10 kvm iddiaçının, qalan hissə isə cavabdehin istifadəsindədir. Mənzilin texniki pasportuna əsasən binanın blokundan daxil olmaqla bir giriş qapısı vardır. Həmin qapıdan hazırda cavabdeh istifadə edir və iddiaçıya həmin qapıdan mənzilə daxil olmağa imkan vermir. Cavabdeh mənzilin yeganə yaşayış sahəsi 22 kvm olan otağına da iddiaçıya daxil olmağa imkan vermir. Belə ki, cavabdeh iddiaçını mənzilin mətbəxinə sıxışdırıb orda yaşamağa məcbur edir. Hazırda cavabdeh tərəflərin paylı mülkiyyətlərində olan mənzildən demək olar ki, tam özü istifadə edir. Bundan başqa, cavabdeh yaşayış otağı ilə mətbəxin arasında olan qapını da bağlayaraq iddiaçını otağa keçməkdən, oradan istifadə etməkdən, mənzilin qanuni qapısının giriş-çıxışından qanunsuz məhrum etmişdir. İddiaçıda məcbur olub mətbəxdən küçəyə qapı açmışdır. İcra hakimiyyəti tərəfindən iddiaçı dəfələrlə həmin qapını bağlaması barədə xəbərdar edildiyindən iddiaçı çıxılmaz vəziyyətdə qalmışdır. Bir tərəfən cavabdeh iddiaçını mənzilə buraxmır, digər tərəfdən dövlət orqanları ondan açdığı qapını bağlamağa məcbur edirlər. İİ qrup əlil olan iddiaçının cavabdehlə nikahı pozulduqdan sonra o, səhhətilə bağlı məcbur olub başqa qadınla ikinci dəfə nikaha daxil olmuşdur. İddiaçı mülkiyyətində olan 22 kvm sahə əvəzinə cavabdehin qanunsuz hərəkətləri nəticəsində arvadı ilə bir yerdə cəmi 4,6 kvm sahədən istifadə edə bilir. İddiaçı cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, lakin bunun nəticəsi olmamış, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Mənzil tərəflər arasında natural qaydada bölünməmiş, mənzilin bölünməsi də mümkün deyildir. Mənzilin tərəflər arasında natural qaydada bölünməsinə dair Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli qətnaməsində də mənzilin hansı qaydada bölünməsi müəyyən edilməmişdir. Ona görə də həmin qətnamənin icrası da qeyri-mümkündür. Göründüyü kimi, qətnamə tam əhəmiyyətsiz hal yaratmaqla heç bir şeyi həll etmir. Belə bir hal iddiaçının mülkiyyət hüququndan istifadəyə mane ola bilməz. Həmin mülki işə baxılarkən iddiaçı cavabdehlə mənzili aralarında tam olaraq ½ hissədə bölmüşdülər. Lakin, sonradan cavabdeh iddiaçının mənzildə olmamasından sui-istifadə edərək qanunsuz olaraq mənzili qeyribərabər bölərək iddiaçını cəmi 4,6 kvm sahədə yaşamağa məcbur etmişdir. İddiaçı cavabdehlə yaşayan qızını nəzərə alaraq müvəqqəti də olsa bu vəziyyətlə barışmağa razı olmuşdur. Lakin, son vaxtlar cavabdehin iddiaçıya qarşı yönəlmiş qanunsuz hərəkətləri iddiaçını öz hüquqlarından tam istifadə etməyə məcbur edir. Ona görə də, iddiaçının ½ hissədə mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilindən istifadəsinə, həmçinin mənzilə giriş-çıxışına maneələr yaratmasının cavabdehə qadağan olunmasına, mənzilin yaşayış otağı ilə mətbəxi arasındakı qapının cavabdehin hesabına açılmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, nikahı pozulduqdan sonra İddiaçı mənzilin qapısını bağlayaraq onu uşağı ilə birlikdə mənzilə buraxmamışdır. O, məcbur olub məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 23.07.2008-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşma çatmamış uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilə köçürülmüşdür. Binəqədi Rayon Məhkəməsinin 02.04.2013-cü il tarixli qətnaməsi ilə onların hər birinin Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilinə ½ hissədə olmaqla mülkiyyət hüquqları tanınmışdır. Bundan sonra İddiaçı ona qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi barədə iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli qətnaməsi ilə həmin iddia, illər əvvəl faktiki olaraq mənzilin onlar arasında naturada bölünməsini və faktiki olaraq istifadə qaydalarının müəyyən olunmasını nəzərə alaraq təmin edilmişdir. Belə ki, daha əvvəl birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair işə baxarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən mənzil sənədlə bir otaq olsa da, faktiki olaraq iki otaqdan ibarətdir. Onun mənzilə köçürülməsinə dair Binəqədi Rayon Məhkəməsinin 23.07.2008-ci il tarixli qətnaməsi icraya yönəldiyi vaxtdan mənzil faktiki olaraq, İddiaçı özünün razılığı ilə iki hissəyə bölünmüş, nəticədə 1 otaq, dəhlizin bir hissəsi və hamam otağı onun istifadəsinə verilmiş, 1 otaq dəhlizin bir hissəsi və mətbəx İddiaçı istifadəsində qalmışdır. İddiaçı özünün istifadəsində qalmış hissənin qapısını həyətə açaraq özünə giriş-çıxış yolu açmışdır. Onların yaşadıqları binanın birinci mərtəbəsində yerləşən demək olar bütün mənzillərin giriş çıxışı həyətə açılır. O, isə mənzilin blok qapısından istifadə etməklə istifadəsində qalmış dəhlizdə mətbəx düzəltmişdir. Mənzildə müəyyən olunan istifadə qaydaları İddiaçı özünün razılığı, təşəbbüsü və hətta onu görmək istəməməsi bəhanəsi ilə təkidi əsasında bölünmüş, ara qapı iddiaçının tələbi ilə tikilmişdir. Onlar paylı mülkiyyətlərində olan mənzildən artıq 13 ildir ki, mövcud qaydada istifadə edirlər. Bu müddət ərzində iddiaçı mənzildən belə qaydada istifadə etmələrinə etiraz bildirməmişdir. Bu da ümumi iddia müddətinin belə keçməsini birbaşa təsdiq edir. Ona görə də İddiaçı iddia tələbinə iddia müddəti təbiq edilməklə, iddianın əsassız olması səbəbindən təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 13 may 2015-ci il tarixli qətnaməsində mənzilin hansı qaydada bölünməsi müəyyən edilməmişdir. Ona görə də həmin qətnamənin icrası da qeyri-mümkündür. Göründüyü kimi, qətnamə tam əhəmiyyətsiz hal yaratmaqla heç bir şeyi həll etmir. Belə bir hal onun mülkiyyət hüququndan istifadəsinə mane ola bilməz. Ekspert rəyindən də göründüyü kimi o, mülkiyyətində olan əmlakın cüzi hissəsindən istifadə edə bilir. O, faktiki olaraq qanunsuz artırmalardan istifadə etdiyindən İcra Hakimiyyəti orqanları onu həmin sahələrin sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi barədə bir neçə dəfə xəbərdarlıq etmişlər. Məhkəmə həm qanunvericiliyin normalarını, həm də işdə olan sənədləri nəzərə almamışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər 08.09.1993-cü ildə rəsmi nikaha daxil olmuş, 02.10.2008-ci il tarixli məhkəmə qətnaməsinə əsasən nikah pozulmuşdur. Birgə nikahdan 03.03.1995-ci il təvəllüdlü Ləman adlı bir qızları var. İddiaçı hazırda başqası ilə nikahdadır. Mübahisə predmeti Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsindəki 4 saylı evin 105ci mənzilidr. Həmin mənzil bir otaqlı olmaqla ümumi sahəsi 42 kvm-dir (22 kvm yaşayış, 20 kvm köməkçi sahə). Mənzil üzərində tərəflərin hər birinin ½ hissədə mülkiyyət hüququ 23.11.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin paylara uyğun və tərəflər arasında razılıqla müəyyən olunmuş qaydada naturada bölünməsi qət edilmişdir. İddiaçının hazırkı tələbi mübahisəli mənzildən istifadəsinə, həmçinin mənzilə girişçıxışına maneələr yaratmasının cavabdehə qadağan olunması, mənzilin yaşayış otağı ilə mətbəxi arasındakı qapısının cavabdehin hesabına açılması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə qaydalarının müəyyən edilməsi onun bütün mülkiyyətçilərinin razılaşması əsasında mümkün olduğundan, qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli qətnaməsi ilə tərəflərin paylı mülkiyyətlərində olan mənzildən faktiki olaraq istifadə etmələrinə dair öz aralarında əldə etdikləri razılaşma təsdiq edildiyindən, bu razılaşmaya əməl edən cavabdeh iddiaçıya elə onun razılığı ilə müəyyən edilən istifadə qaydalarına uyğun mənzildən istifadə etməsində maneələr yarada bilməz. Məhkəmə müəyyən etmişdir ki, tərəflər hər birinin ½ hissədə paylı mülkiyyətlərində olan mübahisəli mənzildən hazırkı vəziyyətdə, yəni qapının bağlanması, iddiaçının girişinin başqa istiqamətdən olması barədə istifadə qaydalarının müəyyən edilməsinə dair qarşılıqlı razılığa gəlməklə uzun müddət bu razılıq əsasında paylı mülkiyyətlərində olan mənzildən istifadə etmiş, hal-hazırda da həmin qaydada mənzildən istifadə etməkdə davam edirlər. Ekspert rəyi ilə də təsdiq edilir ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilinin yaşayış otağı ilə mətbəxi arasında olan qapı İddiaçı mənzilin faktiki istifadə etdiyi sahəsindən istifadəsinə maneələr yaratmır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 215.1, 220.3-cü və s. maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinin tələbinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətinin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddiaçı öz iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin əsas dəlillərindən biri Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli qətnaməsi ilə mənzilin hansı qaydada bölünməsinin müəyyən edilmədiyi, cavabdehin təqsiri üzündən hazırda onun mübahisəli mənzilin ½ hissəsi üzərində tanınmış mülkiyyət hüququnun pozulması barədədir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, 13 may 2015-ci ildə mübahisəli mənzilin naturada bölünməsi tələbinə dair işə baxılarkən həmin işdə də iddiaçı olan İddiaçı mənzilin naturada bölgüsü ilə bağlı cavabdehlə razılığa gəldiyini bildirmiş və həmin razılığı əsas götürməklə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə də bunu əsas götürərək mübahisəli mənzilin tərəflərin müəyyən etdiyi qaydada naturada bölünməsinə dair qətnamə çıxarmışdır. Həmin vaxt İddiaçı qətnamə ilə razılaşaraq onu apellyasiya qaydasında mübahisələndirməmişdir. Uzun illər həmin qətnaməyə uyğun olaraq razılaşma əsasında mənzildən istifadə etmiş iddiaçı hazırda qətnamənin onun istəklərinə uyğun olmadığı və mülkiyyət hüququnu pozduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 13 may 2015-ci il tarixli qətnamənin əsaslılığının hazırkı icraatda yoxlanılması prosessual baxımdan mümkün deyil. İddiaçı o qətnamədən narazılığını yalnız həmin icraatda mübahisələndirə bilərdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərini, o cümlədən işin faktiki hallarının ətraflı araşdırılmaması, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması, maddi və prosessual hüquq normalarının pozulması kimi dəlillərini də əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, obyektiv, hərtərəfli araşdırılmış, iş üzrə toplanmış sübutlar MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirilmiş, işin hallarına uyğun gələn maddi maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eləcə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar