Məhkəmə qərarları › İş №2(103)-8684/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8684/2020

02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8684/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahvedi oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən hesablanılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən xx.xx.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək Cavabdeh tutulan alimentin məbləğinin artırılmaqla, hər ay 170 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, eyni Məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2011-ci il təvəllüdlü Səccad Axundovun 18 yaşa çatanadək saxlanması üçün Coşqun Axundovdan hər ay 125 manat sabit pul məbləğində aliment tutularaq Lalə Məmmədovaya ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasıvə 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişinə əsasən onun 250 manat əmək haqqı alması və AM-in 75.1-ci maddəsində gödtərilənləri təhrif etməklə uşaqların saxlanılmasının hər iki valideynin hüquq və vəzifəsi olmasına istinad etməklə iddianı qismən təmin etməsi əsassız olmuşdur. Belə ki, qətnamə ilə ananın işləməməsi, maddi yardıma ehtiyacı olması müəyyən edilməmişdir. Hazırda uşağın saxlanılması üçün minimum 170 manat gərək olduğu halda, işləməyən ana 45 manatı haradan tapmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh isə, şikayətə etiraz edərək, həmçinin bildirmişdir ki, saç ustası işləməklə aylıq qazancı 250 manatdır. Buna görə də, maddi vəziyyəti bir uşağa görə 170 manat aliment ödəməyə imkan vermir. Eyni zamanda, yetniklik yaşına çatmayan uşaqları saxlamaq hər iki valideynin borcudur. Əgər qanunvericiliyə görə onun saxlanılması üçün minimum 170 manat lazımdırsa, onda həmin məbləğin valideynlərdən yalnız birinin üzərinə qoyulması ədalətsizdir. Ona görə də, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin mübahisəsiz hallarına görə, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, tərəflərin birgə nikahından doğulmuş uşağı xx.xx.2011-ci il təvəllüdlü Səccad Axundovun yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq Lalə Axundovaya ödənilməsi qət edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh gözəllik salonunda dəllək işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. Kollegiya hesab edir ki, iddiaçı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin məbləğini artırılmasını tələb etməkdə haqlıdır. Çünki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırkı işdə müəyyən edilmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü Səccad Axundovun saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı 100 manatdır. Lakin uşaqların yaşayış minimumu sonrakı illər ərzində artırılmış və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının həmin həddə artırılmalıdır. Birinci instansiya məhkəməsi isə, iddianı qismən təmin etməklə, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərini, həmçinin, alimentin cavabdehin qazancından müəyyən hissə kimi tutulmasının uşağın tələbatlarını ödəməyəcəyini nəzərə alaraq hesab etmişdir ki, uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği 125 manat müəyyən edilməlidir. Kollegiya, rayon məhkəməsinin alimentin artırılması barədə qənaətini əsaslı hesab etsə də, alimentin artırılmış miqdarı ilə razılaşmır. Ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması onun övladı Səccad Axundovun yaşayış minimumuna uyğun qaydada saxlanılması öhdəliyini aradan qaldırmır. Ali Məhkəmə, yuxarıda qeyd edilən qərarında vurğulamışdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kollegiya, cavabdehin uşağın saxlanılmasının hər iki valideynin borcu olması barədə dəlilinə münasibətdə isə bildirir ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Odur ki, Kollegiya, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, alimentin artırılması tələbinin təmin edilməmiş hissəsində ləğv olunaraq, həmin tələb tam təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4657/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın “alimentin artırılması” tələbinin təmin olunmayan hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü Axundov Səccad Coşqun oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar