Məhkəmə qərarları › İş №2(103)-869/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-869/2023

05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-869/2023 05.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İş № 2(103)-869/2023 Açar sözlər:( borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X1 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(001)-5536/2022 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC ilə Cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2019-cu il tarixli, GTC-14212İB/2019 saylı Razılıq ərizəsi bağlanmış, Cavabdeh bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunu qəbul etdiyindən Bank ilə borcalan arasında ÜŞT-yə əlavə olan 0054075AZN06838 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizə əsasında xx.xx.2019-cu il tarixli, 0054075AZN06838 saylı kredit müqaviləsi bağlanmışdır. 2.Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0054075AZN06838 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1095,96 manat əsas borc, 143,56 manat faiz borcu, 2029,74 manat cərimə borcu olmaqla, cəmi 3269,26 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 53 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC14212İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmçinin tərəflər arasında ÜŞT-yə əlavə olan 0054075AZN06838 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və Borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla, 3,600 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 491 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi 0054075AZN06838 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1095,96 manat əsas borc,143,56 manat faiz borcu, 2029,74 manat cərimə borcu olmaqla, cəmi 3269,26 manat təşkil edir. X2 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X2 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 53 (əlli üç) manat dövlət rüsumu ödəmişdir. 5.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 03 oktyabr 2022-ci il tarixli, 2(001)-5536/2022 saylı qətnaməsi (sədrlik edən-İlkin Əliyev) ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 0054075AZN06838 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1095,96 manat, faiz borcuna görə 143,56 manat, cərimə borcuna görə 100 manat olmaqla, cəmi 1339,52 (bir min üç yüz otuz doqquz manat, əlli iki qəpik) manat məbləğində pul vəsaitinin və 53 (əlli üç) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2019-cu il tarixli, GTC-14212İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. 7.Bank ilə borcalan arasında imzalanmış ÜŞT-yə əlavə olan 0054075AZN06838 saylı xx.xx.2019cu il tarixli maliyyələşdirmə üçün ərizə əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0054075AZN06838 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana xx.xx.2019-cu il tarixindən - xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla, 3,600 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, ilkin ödəniş tarixi, xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il göstərilmiş, aylıq ödəniş məbləği isə 190,20 manat olmuşdur. 8.İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh 07 iyun 2022-ci il tarixinə İddiaçı ASC qarşısında 0054075AZN06838 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəlikləri 1095,96 manat əsas borc, 143,56 manat faiz borcu, 2029,74 manat cərimə borcu olmaqla, cəmi 3269,26 manat təşkil edir. Gecikmə günlərinin sayı 491 gündür. 9.İddiaçı ASC tərəfindən borcluya ünvanlanan 13 aprel 2022-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borclarını 7 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 10.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2019-cu il tarixli, GTC-14212İB/2019 saylı Razılıq ərizəsi bağlanmış, Cavabdeh bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunu qəbul etdiyindən Bank ilə borcalan arasında ÜŞT-yə əlavə olan 0054075AZN06838 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizə əsasında xx.xx.2019-cu il tarixli, 0054075AZN06838 saylı kredit müqaviləsi bağlanmışdır. 11.Kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla, 3,600 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. 12.Məhkəmə hesab etmişdir ki, Cavabdeh, iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyinicra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir. 13.Məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 428.4, 442, 443.1, 448.1, 448.2, 443.1, 462.1, 467, 739.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-5.4, 284-6.1, 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və qətnamənin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühim əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, xx.xx.2022-ci il tarixə cavabdeh tərəfindən 0054075AZN06838 saylı maliyyələşdirmə üçün ərizə üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 491 gün olduğundan cərimə məbləğinin 100 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləğiəsaslı hesab edilə bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 19.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 20.Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 24.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cərimə borcunun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı tərəf qətnaməni yalnız cərimə borcunun məbləği ilə bağlı hissədə mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 25.Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 26.Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq azaldılmışdır. 27.Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. (§19,20) 28.Bu baxımdan kollegiya hesab edir ki, qətnamə cərimə məbləğinin tutulması hissəsində düzgün olaraq 100 manat müəyyən edildiyindən, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. 29.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 30.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 31.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 32.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 33.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(001)- 5536/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə biməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar