Məhkəmə qərarları › İş №2(103)-8693/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8693/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8693/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nə qarşı “kredit borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nə (BOKT) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT-la bağladığı 23.09.2019-cu il tarixli kredit və girov müqaviləsi əsasında 3334 ABŞ dolları dəyərində qızıl-zinyət əşyalarını gorov qoymaqla 11 ay müddətinə 7000 manat kredit götürdüyünü, BOKTA ümumilikdə 8948,21 manat ödəməli olduğunu, müqavilə müddəti ərzində 3000 manat ödəniş həyata keçirdiyini, lakin sonradan pandemiya səbəbilə ödəniş edə bilmədiyini, buna baxmayaraq BOKT-un 3000 manat ödənişini nəzərə almamaqla ondan 9000 manat tələb etdiyini bildirmiş, buna görə də 7000 manat kredit borcunun 3000 manatının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı ilə “Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC arasında 23.09.2019-cu il tarixdə “Kredit və girov müqaviləsi” bağlanmış, müqaviləyə əsasən BOKT iddiaçıya 11 ay müddətinə, illik 52 faiz hesablanması şərtilə 7000 manat kredit vermiş, likvid dəyəri 3334 ABŞ dolları, bazar dəyəri 7549 ABŞ dolları qiymətləndirilən qızıl-zinyət əşyaları borcun təminatı olaraq eyni tarixli “Girov bileti” əsasında girov qoyulmuşdur. İş materiallarından aydın olur ki, BOKT 23.07.2020-ci il tarixdə iddiaçıya bildiriş ünvanlayaraq öhdəliyin lazımi qaydada icra edilmədiyini və girov predmetinin satışa çıxarılacağını onun diqqətinə çatdırmış, iddiaçı da bu səbəblə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 302-ci maddəsinə görə, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir...Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Göründüyü kimi qanunvericilik, əşyanı girov bileti verməklə girov götürən və bu təminat əsasında kredit verən şəxsin verdiyi kreditin geri qaytarılmaması halı üçün xüsusi qayda müəyyənləşdirmişdir və həmin qaydanın hazırkı mübahisəyə tətbiqi iddiaçının irəli sürdüyü tələbin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Belə ki, əgər iddiaçı özünə məxsus əşyaları “Girov bileti” əsasında girov qoymuşdursa, götürdüyü kreditin qalıq məbləğinin ödənilməməsi riski üzün qanunvericilik girov saxlayana girov predmetini açıq hərracdan realizə etmək imkanını vermişdir; qanunvericinin kredit verən (lombard) üçün müəyyənləşdirdiyi risk isə, girov qoyulmuş əşyanın satışından götürülən məbləğin borcun tam ödənilməsi üçün yetərli olmadıqda belə, borcun ləğv ediləcəyi barədədir. Bu baxımdan kollegiyanın qənaətinə görə iddiaçı, ona məxsus əşyalar açıq hərracdan satılacağı təqdirdə, əşyaların dəyərinin qalıq borc məbləğindən artıq olduğunu hesab edərsə, bunu təsdiq edən müvafiq sübutlara istinadən iddia tələbi irəli sürmək hüququna sahibdir; hərgah cavabdeh təşkilat iddiaçıya bildiriş göndərməsinə baxmayaraq ona məxsus əşyaları satmamışdırsa, yaxud ona qarşı iddia irəli sürməmişdirsə, bu zaman iddiaçı əşyalarının girovdan çıxarılmasını tələb edə bilər – belə ki, iddiaçıdan kredit borcunu tələb etmək cavabdeh təşkilatın hüququdur və həmin hüququndan vaxtında istifadə etməməyin doğurduğu riskləri də cavabdeh özü daşımaqla onu iddia qaldırmağa, yaxud əşyaları satmağa məcbur etmək mümkün deyildir. Şərh olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddia tələbinin təmin edilməməsini əsaslı sayır və hesab edir ki, mahiyyətcə düzgün nəticəyə gəlinmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2317/2021 saylı iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar