Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8698/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 3912/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 8674/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan 160 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, alimentin Cavabdeh hər ay hər növ gəlirlərinin ¼ hissəsi məbləğində tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)-3912/20) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-8674/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Hal-hazırda vəziyyət tamamilə fərqlidir. O, cavabdehin əmək haqqı barədə sənəd əldə etmişdir. Həmin sənədə əsasən cavabdeh “xxxx” Qeyri Bank MMC-də maliyyə meneceri işləməklə aylıq maaşı 2777,65 manatdır. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə alimentin miqdarı cavabdehin hər növ gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən olunmalıdır. Bu isə hazırki dövrdə 700 manata yaxın bir məbləğdə aliment deməkdir. Odur ki, sabit pul məbləğində müəyyən olunmuş alimentin dəyişdirilərək Ailə Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq cavabehin hər növ gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən olunmasını istəyir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8674/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1189/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilik uşağın saxlanmasını vəzifə kimi təkcə atanın üzərində deyil, hər iki valideynin, yəni o cümlədən ananın da üzərinə vəzifə kimi qoymuşdur. Belə olan halda, iddiaçı da uşağı saxlamağa, ona maddi vəsait ayırmağa borcludur. O, 2009-cu ildə nikah münasibətlərinə daxil olmuşdur, bu nikahdan 3 övladı var. Həyat yoldaşı uşaqlara baxdığından işləmir, ailəsi bütövlükdə onun himayəsindədir və onunla birgə yaşayırlar. Qızı 4-cü, oğlu 3-cü siniflərdə təhsil alırlar. Aylıq olaraq onların ehtiyaclarını və digər bütün xərclərini də aldığı əmək haqqı həddində qarşılayır. İ.Atakişiyevin saxlanılması üçün 694 AZN aliment ödəyəcəyi halda, ilk nikahından olan, onun yanında və himayəsində yaşayan 1-i azyaşlı, 2-si yetkinlik yaşına çatmayan olmaqla 3 övladı da İsmayılla bərabər hüquqlara malik olduqlarından 4 uşağın saxlanması üçün hər ay 2776 manat vəsait tələb olunmalıdır. Əgər vergi tutulandan sonra 4 uşaq arasında bərabər aliment məbləği bölüşdürülərsə, o və həyat yoldaşına ay ərzində öz maddi eytiyaclarına, kommunal xərclərə ümumiyyətlə vəsait qalmır. Bundan başqa, sonuncu qətnamədən sonra həyat yoldaşı ilə aralarında gərginlik yaranmış və o, nikahın ləğvi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1, 76.1.1-ci maddələrini rəhbər tutaraq və cavabdehin “xxxx” QBKT MMCdə maliyyə meneceri vəzifəsində işləməklə aylıq 2777,65 manat əmək haqqı aldığını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, hal-hazırda cavabdehin maddi vəziyyəti dəyişdiyindən və məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment hal-hazırda uşağın saxlanması üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən alimentin tutulma qaydasının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində tutulan alimentin tutulma qaydası dəyişdirilərək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətində uşağı saxlamağın hər iki valideynin borcu olduğunu, həyat yoldaşının işləmədiyini nəzərə almağı xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, azyaşlı X1 imkanları məhdud olmaqla xüsusi qayğıya ehtiyacı olan uşaqdır, uşağın gündəlik qayğıları ilə məhz ana məşğul olur və işləmək imkanı yoxdur. Bu səbəbdən də yüksək qazanca malik atadan tutulmuş aliment məbləği tamamilə uşağın mənafeyinə uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya da qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci bəndinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8698/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8698/2020
09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver