Məhkəmə qərarları › İş №2(103)-870/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-870/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-870/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada onun xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 8469,03 ABŞ dolları əsas, 7764,43 ABŞ dolları faiz, 4243,82 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 20.477,28 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 8469,03 ABŞ dolları əsas, 7764,43 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 16.733,46 ABŞ dollarının ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş 24 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir Cavabdeh1, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi və şikayətin dəlilləri nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə əsas və faiz borcu ilə bağlı iddia tələbini təmin edərkən cavabdehin məhkəmə prosesində bu hissədə etirafedici şifahi mülahizələrini rəhbər tutmuş və bununla da xüsusi bilik tələb edən həmin halların düzgünlüyünü araşdırmağa ehtiyac görməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenemunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Belə olan halda, rayon məhkəməsi cavabdehin əsas və faiz borcu ilə bağlı izahatını dərhal sübut kimi qəbul etməməli həmin halları qanunvericiliyə əsasən yoxlamalı və xüsusi bilik tələb etdiyindən məhkəməmühasibatlıq ekspertizası təyin etməli idi. Çünki bank tərəfindən borcluya tənasübsüz qaydada yüksək fazilər və dəbbə pulu hesablanmış, məhkəmə də bunu təsdiq etmişdir. Bundan başqa, zaminlərlə bank arasında yalnız xx.xx.2008-ci il tarixdə həmin tarixli kredit xətti müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmış, sonradan əsas borclu Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli saziş, xx.xx.2014-cü il tarixli kredit razılaşması və ona bir neçə dəfə edilmiş dəyişiklik barədə sazişlərlə kredit xətti müqaviləsinin şərtlərinə əhəmiyyətli dərəcədə dəyişiklik edilsə də, bütün bunlar barədə zaminlərin razılığı alınmamışdır. Ona görə də, məhkəmə borcu müştərək qaydada zaminlərdən də tutmaqla düzgün olmayan nəticəyə gəlmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apelyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 01L000001398 saylı kredit xətti müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2008-ci il tarixdə qeyd olunan kredit xətti müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2, xx.xx.2009-cu il tarixdə Cavabdeh3 və xx.xx.2011-ci il tarixdə Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2013-cü il tarixli, 1398 saylı Sazişlə kredit xəttinə dəyişikliklər edilərək, kredit xəttinin məbləği 100.000 ABŞ dollarınadək qaldırılmış, müddəti isə 183 ayadək uzadılmışdır. xx.xx.2014-cü il tarixli, 001R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 olmaqla 20.000 ABŞ dolları kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, aylıq faiz dərəcəsi xx.xx.2016-cı il tarixdən 2,0833 %, xx.xx.2016-cı il tarixdən 0 % hesablanmaqla müqavilə müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. xx.xx.2016-cı il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, müqavilə müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2016-cı il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalıq məbləği xx.xx.2016-cı il tarixdən 1,6667 %, xx.xx.2017-ci il tarixdən aylıq 1,5833 %, 09.01. 2018-ci il tarixdən aylıq 0 % dərəcəsi hesablanmışdır. 09.12. 2016-cı il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalıq məbləğinə 09.03. 2017-ci il tarixdən aylıq 1,5833 %, 09.01. 2018-ci il tarixdən aylıq 0 % dərəcəsi hesablanmış, müqavilə müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalıq məbləğinə xx.xx.2018-ci il tarixdən aylıq 0 % dərəcəsi hesablanmışdır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini icra etməyərək, borcunu qrafik üzrə qaytarmamışdır. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixə 8469,03 ABŞ dolları əsas, 7764,43 ABŞ dolları faiz, 4243,82 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 20.477,28 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə kollegiyası mübahisənin hüquqi həlli ilə bağlı Azərbaycan Rsepublikası Mülki Məcəlləsinin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (739 və 741-ci maddələr) İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır (445.4-cü maddə). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır (462.1-ci və 467-ci maddələr). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (470.1-ci və 472.1-ci maddələr). Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilmir (477.0.1-ci maddə) Baxılan işdən görünür ki, cavabdeh Nailə Əsədova, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, banka olan borcunu ödəməkdən yayınmır, sadəcə maddi vəziyyətinin pis olması ödənişləri etməsinə imkan vermir. Bundan başqa, iddia ərizəsi ilə tanış olarkən ona məlum olmuşdur ki, bank tərəfindən əsas və faiz borcu düzgün göstərilsə də, cərimə borcunun miqdarı şişirdilmişdir. Digər cavabdehlər Xəlil İslamov və Valid Əsədov da, Cavabdeh1 izahatına uyğun izahat vermişlər. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlər iddia ərizəsində göstərilən əsas və faiz borcunun məbləği ilə razı olduğundan məbləğin dəqiqləşdirilməsi ilə bağlı ekspertiza təyin olunmasına zərurət görməmiş, iddianı əsas və faiz borcuna münasibətdə tələbdə göstərilən məbləğlərə uyğun təmin etmişdir. Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır, ona görə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci və 52.5-ci maddələrinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı işin halları baxımından isə cavabdehlərin iddianı etiraf etdikləri hissədə (əsas və faiz borcuna aid hissədə) hər hansı qanuna zidd hal və ya üçünçü şəxsləri hüquqlarının pozulması faktı müəyyən edilmir. Cavabdeh1 isə iddianı etiraf etdikdən sonra bu halı mübahisələndirsə də, məhkəməyə qeyd olunanlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Kollegiya, apelyasiya şikayətinin zaminliklə bağlı dəlilləri ilə bağlı isə bildirir ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbləri baxımından hazırkı iş üzrə zaminliyə xitam verilmiş hesab edilməsi üçün tutarlı əsaslar olduğu halda belə, zaminlərin sonradan bank tərəfindən hesablanmış borc məbləğinin onlardan tutulmasına razılıq vermələri və bu məzmunda izahatlarının məhkəmə iclas protokolunda əks olunması ilə bu hal avtomatik olaraq bəyənmə səbəbilə ortadan qalxmışdır. Belə ki, Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Belə olan halda, öhdəlik vaxtında icra edilmədiyi üçün yaranmış borcun birinci instansiya məhkəməsi tərəfindən əsas borclu və zaminlərdən müştərək qaydada tutulması əsaslı olmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, qətnamədə bu hissədə zaminlər tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2355/2020 saylı iş üzrə xx xxxx 2020-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar