Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8715/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh Çıraqzadə Nicat Müsəddin oğlunun nümayəndəsi-vəkili Bədirli Rüfət Mirrafiq oğlunun iştirakı ilə, İddiaçı Çıraqzadə Çinarə Müşviq qızının cavabdeh Çıraqzadə Nicat Müsəddin oğluna qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4651/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Çıraqzadə Çinarə Müşviq qızı cavabdeh Çıraqzadə Nicat Müsəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü Çıraqzadə Səadət Nicat qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 1.000 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Nicat Çıraqzadə ilə xx xxxxxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə Çıraqzadə Səadət Nicat qızı doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4946/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah pozulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Çıraqzadə Səadət Nicat qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat aliment məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin hazırda dolanacaq xərclərinin yüksəlməsi ilə əlaqədar bu məbləğ çox azdır və uşağın saxlanmasına yetərli deyil. Cavabdeh isə dəfələrlə bildirmişdir ki, onun və ailəsinin gəlirləri yetərincə yüksəkdir və o, uşağın saxlanılması üçün hər ay 1000-1500 manat məbləğində də aliment ödəyə bilər. Hazırda cavabdehin maddi vəziyyətində dəyişiklik olmuş, onun gəliri ayda 4.000-5.000 manat təşkil edir. Bu səbəbdən hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay 1000 manat sabit pul məbləğində aliment tutulmalıdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(006)- 2087/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2013-cü il təvəllüdlü Çıraqzadə Səadət Nicat qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Nicat Çıraqzadədən hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Çinarə Çıraqzadəyə verilməsi, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin elan edildiyi, yəni xx.xx.2020-ci il tarixdən hesablanması, cavabdeh Çıraqzadə Nicat Müsəddin oğlundan 20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işə düzgün hüquqi qiymət verməməsi, cavabdehin əlavə gəlirlərinin olmasını nəzərə almaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə apellyasiya şiakyətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmununda onun yalnız qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirdiyi aydın olur. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, iddiaçı Çinarə Çıraqzadə ilə cavabdeh Nicat Çıraqzadənin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü Çıraqzadə Səadət Nicat qızı doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı məhkəmə qətnaməsi ilə tutulan aliment məbləğini aşağı hesab edir və cavabdehə qarşı iddia qaldıraraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 1.000 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Lakin cavabdehin hər ay bu məbləğdə alimentin ödənilməsi üçün maddi vəsaitə malik olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Cavabdeh isə uşağın saxlanılması üçün hər ay 2020-ci il üzrə müəyyən edilmiş yaşayış minimumu həddində sabit pul məbləğində aliment ödəməyə razıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin uşağın saxlanılması üçün müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir və iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə (dəyişdirilməsinə) əsas təşkil etmir. Cavabdehin yüksək qazanc əldə etdiyi, lakin bu halın aydınlaşdırılması üçün məhkəmənin təşəbbüs göstərmədiyi barədə apellyasiya şikayətində qeyd olunanlarla əlaqədar kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4651/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8715/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8715/2020
02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver