Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8720/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3643 manat borc və 4494 manat zərər olmaqla, cəmi 8137 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(001)- 7246/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 3643 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxılmamış hesab edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(103)-2016/2021 saylı qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(001)- 7246/2017 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.04.2021-ci il tarixli 2(103)-4393/2021 saylı qərardadı ilə şikayət təmin edilmiş, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadı ləğv edilmiş və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Binəqədi Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadı ilə məhkəmənin 10.07.2017-ci il tarixli 2(001)-7246/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə Cavabdeh nümayəndəsi X1 ərizəsi təmin edilməmişdir. Binəqədi Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadı ilə məhkəmənin 12.07.2021-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadından Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, cavabdehə məhkəmə qətnaməsi təqdim edilsə də, o rus dilli olduğu üçün qətnamənin mahiyyətini başa düşməmiş, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar hüquqi xidmət göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlaya bilməmiş, bu səbəbdən də qətnamədən şikayət vermə müddətini ötürmüşdür. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti qəbul etməyərək bildirdi ki, cavabdeh uzun müddətdir ki, Türkiyədə yaşayır, orada işləyir, türk dilini mükəmməl bilir, türk dili isə Azərbaycan dili ilə çox yaxın olduğu üçün onun qətnamədə yazılanların nə olduğunu başa düşməməsi inandırıcı deyil, digər tərəfdən, cavabdehin qətnamənin surətini alması ilə bağlı qəbzi kiril əlifbası ilə Azərbaycan dilində yazmağı da onu göstərir ki, cavabdeh Azərbaycan dilini sərbəst bilir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu Məcəllənin 133.1 -ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından müəyyən edildiyi kimi, Cavabdeh tərəfindən 23.11.2020-ci il tarixdə verilmiş apellyasiya şikayətinə müddətin bərpasına dair vəsatət əlavə edilməmiş, lakin məhkəmənin 25.11.2020-ci il tarixli qərardadı əsasında apellyasiya şikayətinin verilməsi üçün müddət buraxılmamış hesab edilmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sonradan 01.03.2021-ci il tarixdə cavabdehin nümayəndəsi S.Əliyev müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə apellyasiya şikayətini qoşma kimi əlavə etməmişdir. Lakin daha öncə məhkəmənin 25.11.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verildiyindən məhkəmə həmin şikayətə baxmış, şikayətin təmin olunmaması və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadında Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddəti buraxması nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vaxtında verilməmiş, apellyasiya şikayəti verilmə müddəti 5 aydan artıq müddət üzrsüz səbəbdən buraxılmışdır. Belə ki, cavabdehin məhkəmə qətnaməsinin surətini 12.06.2020-ci il tarixdə almasını təsdiq edən qəbzdə “qətnaməni aldım” sözlərini Kiril qrafikalı Azərbaycan əlifbası ilə yazması onun qətnamənin mahiyyətini başa düşməməsi və bu səbəbdən vaxtında apellyasiya şikayəti verməməsi barədə vəkilinin dəlilinin əsassız olduğuna dəlalət edir. Digər tərəfdən cavabdehin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar vəkillə müqavilə bağlamaq imkanının olmamasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin həmin dövrdə zəruri hallarda dövlət, bank, poçt və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə üçün vətəndaşlara təqdim olunan müxtəlif üsul və vasitələrdən istifadə etmək hüququ olsa da, o, bu hüquqdan yararlanmamışdır. Beləliklə, cavabdeh tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən, şikayəti vermə müddəti isə üzrsüz səbəbdən buraxıldığından Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(001)-7246/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(001)-7246/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8720/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8720/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver