Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8724/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-292/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2839,09 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin, həmçinin 30 (manat) dövlət rüsumu olmaqla, cəmi 3169,09 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh öz növbəsində İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən qanunsuz olaraq hesablanmış 5055 m3 qazın sərfiyyatına görə cari 1011 (min on bir) manat, 1138 m3 qazın sərfiyyatına görə cari 227.60 (iki yüz iyirmi yeddi manat, altmış qəpik) manat, 1042 m3 qazın sərfiyyatına görə cari 208 (iki yüz səkkiz) manat, 1943 m3 qazın sərfiyyatına görə cari 388.60 (üç yüz səksən səkkiz manat, altmış qəpik) manat, 5584 m3 qazın sərfiyyatına görə cari 558.40 (beş yüz əlli səkkiz manat, qırx qəpik) manat, ümümilikdə 2394 (iki min üç yüz döxsan dörd) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev, iş № 2(003)-292/2021) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin olunmuşdur. İlk İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 13.02.2019-cu il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********10030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı, 1802AZ**********44 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağlda göstərikən aktlar tərtib edilmişdir: 27.02.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 284,40 manat 29.01.2018- ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 5055 m3 dəyəri 1011 manat, 28.04.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1138 m3 dəyəri 227,60 manat, 24.02.2017-ci il il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1042 m3 dəyəri 208.40 manat, 31.01.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1943 m3 dəyəri 388,60 manat, 30.12.2016-cı il il tarixli akt üzrə itirilmiş qazın miqdarı 5584 m3 dəyəri 558.40 manat sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qazdan istifadə etməklə İddiaçınə cəmi 2839,09 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması zamanı İddiaçı əməkdaşları tərəfindən qaz sayğacına dair guya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıdakı aktlar tərtib olunmuşdur. 27.02.2018-ci il tarixində 1422 m3 itirilmiş qazın sərfiyyatına görə 284.40 (iki yüz səksən dörd manat qırx qəpik), 29.01.2018-ci il tarixində 5055 m3 itirilmiş qazın sərfiyyatına görə cari 1011 (min on bir) manat, 28.04.2018-ci il tarixində 1138 m3 itirilmiş qazın sərfiyyatına görə cari 227.60 (iki yüz iyirmi yeddi manat, altmış qəpik) manat, 12.02.2017-ci il tarixində 1042 m3 itirilmiş qazın sərfiyyatına görə cari 208 (iki yüz səkkiz) manat, 31.01.2017-ci il tarixində 1943 m3 itirilmiş qazın sərfiyyatına görə cari 388.60 (üç yüz səksən səkkiz manat, altmış qəpik) manat, 30.12.2016-cı il tarixində 5584 m3 itirilmiş qazın sərfiyyatına görə cari 558.40 (beş yüz əlli səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 2839.09 (iki min səkkiz yüz otuz manat doqquz qəpik) manat guya tərəfimdən maddi ziyan vurulmuşdur. Yaşadığı ünvanda yerləşdirilmiş qaz sayğacına dair ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş aktlara əsasən əsassız hesab olunan 2839.09 (iki min səkkiz yüz otuz manat doqquz qəpik) manat borcun silinməsinə dair Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, həmin iddia tələbi üzrə yalnız itirilmiş qazın miqdarı 1422 m3 , dəyəri 284,40 (iki yüz səksən dörd manat qırx qəpik) manat məbləğində əsassız borcun silinməsinə dair tələbi Xətai Rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Lakin digər aktların surəti hətta verilmiş sorğu əsasında məhkəməyə təqdim oluna bilmədiyindən həmin hissədə əsassız borcun silinməsinə dair tələbin məhkəmə tərəfindən təmin edilməsi mümkün olmamışdır. Xətai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsindən aidiyyəti qaydada Bakı Apellyasiya Məhkəməsinə verilmiş şikayət üzrə 10.06.2020-ci il tarixli qətnamə ilə 27.02.2018-ci il tarixli akt əsassız hesab edilərək borcun silinməsi qənaətinə gəlinmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, şikayət üzrə ona məxsus qaz sayğacına dair tərtib olunmuş digər aktların 23.02.2018-ci il tarixli ******* nömrəli akta əlavə edilmiş fotoşəkildə göstərilən ona məxsus fərdi yaşayış evinin, ekspertin keçirdiyi baxış zamanı təqdim edilən yaşayış evinə, həmin ünvana aid olmadığı müəyyən edilmişdir. Həmçinin sözü gedən qaz sayğacına hər hansı kənar müdaxilə olunmaması həmin qətnamədə öz əksini tapmışdır. Tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtlı-vaxtında sərf etmiş olduğu qazın dəyəri qisimində pulu ödənilmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi iddia ərizəsində irəli sürdüyü maddi ziyanın ümümi məbləği həqiqəti əks etdirmir. Belə ki, yuxarıda qeyd olunan aktlara əsasən zərər məbləği 2678.40 (iki min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat təşkil etdiyi halda bu məbləğ şişirdilərək 2839.09 (iki min səkkiz yüz otuz doqquz manat doqquz qəpik) manat məbləğində müəyyən edilmişdir. Halbuki, Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən bu borcun 284.40 (iki yüz səksən dörd manat qırx qəpik) manat həcmində olan hissəsi silinmişdir. Hələ bu az deyilmiş kimi guya onun tərəfindən pozulmuş hüquqların bərpası üçün çəkilmiş 300 (üç yüz) manat xərcin ödəniləsini də tələb edirlər. Bu tamamilə absurddur və reallığı özündə əks etdirmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsi qətnamə qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən müqaviləyə əsasən quraşdırılmış sayğacdan kənar qaz istifadəsi baş versə də məhkəmə bu faktı ümumiyyətlə araşdırmamışdır. Bu faktı sübut edən aktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübuta heç bir qiymət verməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı 2016-2018-ci illərdə tərtib olunmuş 6 ədəd akta əsasən sayğacdan kənar qazdan istifadə etdiyini və bununla da ona ziyan vurduğunu bildirərək cavabdehdən dəymiş ziyana görə 2839,09 manat pulun tutulmasını tələb edir. Cavabdeh isə öz qarşılıqlı iddiasında borcun əsassız hesablandığını, bunun qüvvədə olan məhkəmə qərarları ilə də müəyyən olunduğunu bildirərək əsassız hesablanmış 2394 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı isə təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda sayğaca qeyri-qanuni qoşulma hallarının mövcud olmasını sübutetmə yükü ilk iddia üzrə İddiaçı üzərinə düşür. Lakin bu halların mövcudluğu İddiaçı tərəfindən sübuta yetirilməmişdir. Əksinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı ilə fotoşəkillərdə göstərilən fərdi yaşayış evinin baxış zamanı təqdim edilən yaşayış evi olmadığı muəyyən edilmişdir. Həmçinin, ilk iddia üzrə iddiaçı cavadehdən ümumilikdə 2839 manat borcun tutulmalı olduğunu iddia etsə də, məhkəməyə təqdim edilmiş aktlar üzrə 2678,40 manat borc olduğu müəyyən edilir. Yəni, ilk iddia üzrə iddiaçı 160,69 manat borcun hansı əsaslarla yarandığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şübhəsizdir ki, göstərilən şəxslərin davranışlarının dəymiş zərərin yaranmasına və artmasına göstərdikləri təsirə mütənasib olaraq dəymiş zərərin həcmi azaldılmalıdır. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə əsaslıdır. Belə ki, İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəs, N.Abbasov küçəsindəki döngə 5, ev 28 üzrə Cavabdeh (abonent kodu: **********10030) qaz sərfiyyatına görə hesablanmış 284,50 manat məbləğində borc və Binə qəsəbəsi, N.Abbasov küçəsindəki döngə 5 ev 26 üzrə (abonenti kodu **********10030) qaz saygacının dəyərinə gorə hesablanmış 235,88 manat məbləğində borc silinmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə ekspertiza keçirilmiş və ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqat zamanı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə sayğacdan kənar hər hansı kənar qoşulma hal aşkar edilməmiş, paylayıcı qaz xəttinin üzərində 01 ədəd borucuq aşkar edilsə də, baxışda iştirak edən "Azəriqaz İB”-nın nümayəndələri həmin borucuğun sonradan ləğv edimiş əvvəlki qaz xəttinin qoşulma yeri olduğunu bildirmişlər. Həmçınin, baxış zamanı mülki iş materiallarında olan 23.02.2018-cı ıl tarixli ******* nömrəli akta əlavə edilmiş fotoşəkildə göstərilən fərdi yaşayış evinin baxış zamanı təqdim edilən yaşayış evi olmadığı muəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8724/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8724/2021
06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver