Məhkəmə qərarları › İş №2(103)-8726/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8726/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8726/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 194/2021 saylı 30 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-194/2021 saylı 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X2 iddiaçı "xxxx" MMC-nin xeyrinə 11.08.2018-ci il tarixli müqavilə üzrə 284 manat ödənilməmiş hissə, 28 manat cərimə, 29.11.2018-ci il tarixli müqavilə üzrə 630 manat ödənilməmiş hissə, 63 manat cərimə borcu, 20.05.2019-cu il tarixli müqavilə üzrə 75 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu, 27.08.2019-cu il tarixli müqavilə üzrə 650 manat ödənilməmiş hissə, 65 manat cərimə borcu, ümumilikdə 1802 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1832 (bir min səkkiz yüz otuz iki) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-194/2021 saylı 30 mart 2021-ci il tarixli qətnaməsi rəsmi olaraq cavabdehə poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh qətnaməsinin surətini xəbərnaməyə əsasən, 10 aprel 2021-ci il tarixdə almışdır. Lakin, apellyasiya şikayəti məhkəməyə 29.07.2021-ci il tarixdə daxil olmuşdur. İş materiallarından görünür ki, qətnamə qanuni qüvvəsini aldıqdan və məcburi icra tədbirləri həyata keçirildikdən sonra cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan qətnamənin ona təqdim edilməməsi səbəbindən qətnamənin təqdim edilməsini xahiş etmişdir. Qətnamə cavabdehə 21.06.2021-ci il tarixdə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi isə 10 aprel 2021-ci il tarixli xəbərnaməyə hüquqi qiymət verməmiş və bunun səbəblərini əsaslandırmadan, prosessual müddətlərin hesablanmasını araşdırmamışdır. Göründüyü kimi apellyator apellyasiya şikayətini 10.05.2021-ci il tarixdək məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmiş, apellyasiya şikayəti verilməsi üçün müddəti üzürsüz səbəbdən ötürmüşdür. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verimədiyindən qeyrimümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-194/2021 saylı 30 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar