Məhkəmə qərarları › İş №2(103)-8727/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8727/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8727/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1313/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 175 manat olmaqla 350 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddiası qismən təmin olunaraq, 24.03.2015-ci il təvəllüdlü X5 və 09.04.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 140 manat ailment tutulması qət edilmişdir. Lakin aliment kifayət etmir ona görə də alimentin artırılaraq 175 manat müəyynə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1313/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(003)-1972/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 24.03.2015-ci il təvəllüdlü X5 və 09.04.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd ediməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və hər uşaq üçün 175 manat alimentin tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının düzgün tədbiq edilməməklə qəbul edildiyindən, iddia tələbi təmin edilməyən hissədə təmin edilməlidir. Belə ki, maddi vəziyyəti aşağı olduğundan uşaqlara baxmaqda çətinlik çəkir. Nikahları 20.08.2020-ci il tarixdə pozulsa da, cavabdeh həmin tarixədən ailəsi ilə yaşamamışdır. Cavabdeh özünə aid şəxsi avtomobil ilə taksi xidməti göstərir və hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsinixahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə yoxlanılması təşkil edir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeyini, o cümlədən onun psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşağın hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə iddianı qismən təmin edərkən, istər azyaşlı uşaqların hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözlənilmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli 2(003)-1972/2020 saylı qətnaməsi ilə, iddiaçı X4 ilə Cavabdeh arasında 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 08.04.2016-cı il tarixdə 1650 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 24.03.2015-ci il təvəllüdlü X5 və 09.04.2016-cı il təvəllüdlü X6 nikah pozulduqdan sonra anaları-X1 yanında saxlanılması, 24.03.2015-ci il təvəllüdlü X5 və 09.04.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı X1 xeyrinə hər ay hər uşağa 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutuması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd dir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması” tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün alimentin məbləğini müəyyən edərkən, uşaqların mənafelərini nəzərə almaqla yanaşı cavabdehin də mənafelərini nəzərə almışdır. Lakin, buna baxmayaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli 2(003)-1972/2020 saylı qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəsini aldıqdan sonra isə cavabdehin maddi vəziyyətində hər-hansı dəyişiklik olmadan iddiaçı 6 ay keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən, cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və apelyatorun subyektiv mülahizələrinə əsaslanır. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hər-hansı əsas müəyyən edilmir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1313/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar