Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8729/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-144/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun evinə vurduğu zərərin əvəzi olaraq 3000 manat pulun cavabdehdən tutularaq ona verilməsi, cavabdeh tərəfindən Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi döngə 1 ünvanında qəsəbə daxili yolun bağlanmasının qanunsuz hesab edilməsi, həmin yolun üzərində quraşdırılmış qapı və sair maneələrin cavabdehin hesabına oradan götürülməsi, ərazinin cavabdehin hesabına təmizlənməsi, həmin yolun hərəkətə açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ünvan 1 ünvanındakı evində qonşuluq qaydalarına uyğun olmayan hərəkətlər edir, onun evinin divarına su axıdır, evinə xeyli miqdarda ziyan vurur, evinin arxa hissəsinin divarının suvaqları cavabdehin bu özbaşınalığına görə tökülüb, evindən nəmişlik iyi gəlir, divarlar kif bağlayıb, evinin təmirə ehtiyac yaranıb, bütün bunların səbəbi isə cavabdehin öz evinin arxasındakı qəsəbə daxili yolu zəbt edərək öz həyətyanı sahəsinə qatması olmuşdur. O, yolun giriş-çıxışına qapı qoymuş, həmin zəbt edilmiş yolda, tam onun evinin arxasında qab-qacaq, əl-üz yuyan qoyub, suyu onun evinin təməlinə, divarına axıdır. Əgər onun evinə və zəbt edilmiş torpaq sahəsinə baxış keçirilərsə, cavabdehin qəsəbə daxili yolu qanunsuz və əsassız zəbt etdiyini və bununla da həmin yerdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə süni mane törətdiyini, öz evinin çirkab sularını onun evinin divarına və təməlinə axıtdığını müəyyən etmək olar. Cavabdehin öz hüquqlarını yalnız ona ziyan vurmaq, onun piyada və ya nəqliyyat vasitəsi ilə hərəkətinə çətinlik yaradaraq evinin divarına və təməlinə su axıtmaq məqsədi ilə istifadə etməsi yolverilməzdir. O, təxmin edir ki, evinin təmirinə 3000 manat vəsait lazımdır. Cavabdehlə hazırkı problemi müzakirə etmək mümkün deyildir, çünki o, dərhal özündən çıxır, nalayiq ifadələr işlədir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-144/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsiylə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onlarıniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-144/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 aprel 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının 18 aprel 2019-cu il tarixli 184/B nömrəli məktubuna əsasən Pirallahı qəsəbəsi S.Vurğun küçəsi döngə 1 ev 2 dövlət mənzil fondunun yaşayış binası olmaqla bir mərtəbədən və 6 mənzildən ibarət olmuşdur. Həmin binanın 1 otaqlı 4 nömrəli mənzili Əzizbəyov RİHB-nın 25.05.1996-cı il tarixli 423 nömrəli sərəncamına əsasən binanın 1 otaqlı 5 nömrəli mənzilinə birləşdirilmişdir. Sözügedən 5 nömrəli mənzilin kirayəçisi 7 nəfər ailə tərkibi ilə Cavabdehdır. Sənədlər üzrə mənzil yaşayış sahəsi 25,48 kv.m olmaqla 2 yaşayış otağından ibarətdir. Lakin həmin ünvanda aparılmış əlavə tikinti işlərinə və torpaq sahəsinə dair hüquqi sənədlər rayon İcra Hakimiyyətinə təqdim edilməmişdir. Araşdırma zamanı isə həmin ünvan üzrə Cavabdeh və X1 torpaq sahəsinin ayrılması barədə məlumat müəyyən edilməmişdir. Cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olduğu sözügedən ünvanda tutduqları torpaq sahəsi müraciətlərdə qeyd olunan ümumi istifadə yolu isə dövlət mülkiyyətindədir. İş materiallarından görünür ki, Pirallahı Bələdiyyəsi tərəfindən İddiaçı 18 aprel 2017-ci il tarixdə bələdiyyə vergilərinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 914 №-li şəhadətnamə verilmişdir (ünvan: ünvan 2, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan izahını nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə hər hansı bir hüququ olmadığından o, Cavabdeh tərəfindən Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi döngə 1 ünvanında qəsəbə daxili yolun bağlanmasının qanunsuz hesab edilməsi, həmin yolun üzərində quraşdırılmış qapı və sair maneələrin cavabdehin hesabına oradan götürülməsi, ərazinin cavabdehin hesabına təmizlənməsi, həmin yolun hərəkətə açılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçı cavabdehin öz evinin çirkab sularını onun evinin divarına və təməlinə axıtması nəticəsində mənzilinə 3000 manat zərərin vurulduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı öz tələbinin qeyd olunan hissədə əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər heç bir mötəbər sübut ilə öz təsdiqini tapmadığından formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə kollegiyasının ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-144/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-144/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8729/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8729/2021
08.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver