Məhkəmə qərarları › İş №2(103)-8739/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8739/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8739/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Cahangir Mahmudovun, Cavabdehin nümayəndəsi Sevda Məmmədovanın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" QSC BOKT mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair 2(006)-286/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" QSC BOKT mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan buraxılış ili 2002-ci il olan, “Mersedes BENZ-320 CDİ” markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilin qanunsuz olaraq əlindən alınması nəticəsində ona vurulmuş 47500 ABŞ dolları məbləğində zərərin "xxxx" ASC-dən alınaraq 35098 ABŞ dolları hissəsinin qətnamə borcuna ödənilməsi, qalan 12402 ABŞ dolları hissəsinin isə ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.09.2007-ci il tarixində "xxxx" ASC ilə onun arasında 680 saylı kredit müqaviləsi bağlanmış və 18 ay müddətinə, illik 23 faiz olmaqla 26000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi cavabdehlə onun arasında 18.09.2007-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq 2002-ci il buraxılış ili olan “Mersedes BENZ-320 CDİ markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin avtomobil "xxxx" ASC-nin “Sənaye” filialı tərəfindən satışa çıxarılmışdır. O, həmin avtomobili almaq istədiyini bildirdikdən sonra yuxarıda göstərilən müqavilələr bağlanaraq avtomobil onun mülkiyyətinə verilmişdir. Müqavilə bağlanan zaman həmin avtomobil Bank tərəfindən 38000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Bir müddət avtomobili idarə etdikdən sonra kreditin ödənilməsində çətinlikləri yaranmışdır. Buna görə də Bankın “Sənaye” filialına müraciət edərək avtomobili sataraq borcu ödəmək istədiyini bildirmişdir. Lakin Bankın filial müdiri buna qəti etiraz edərək avtomobili təcili qaytarmalarını tələb etmişdir. Avtomobilin tərəflərindən satılmasına icazə verməyən “Bank” (Bankın əməkdaşları) bir müddət sonra yəni 27.07.2008-ci il tarixində zorla həmin avtomobili yolda əlindən alaraq aparmışlar. Dəfələrlə müraciət etməyinə, avtomobilini tələb etməyinə baxmayaraq nə avtomobil barədə onlara məlumat verilmişdir, nə də avtomobilin satılaraq borcun bağlanmasına yönəldilməsi istiqamətində iş aparılmamışdır. Bankın əməkdaşları hər müraciətindən sonra narahat olmamağını, avtomobili sataraq borcu bağlayacaqlarını bildirmişlər. Bank tərəfindən avtomobil əlindən zorla alındıqdan təxminən 3 ilə yaxın bir müddət keçdikdən sonra Xətai Rayon Məhkəməsində ona qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka əmlaka yönəldilməsi tələbinə dair iddia qaldırılmışdır. Məhkəmə prosesində həmçinin Bank tərəfindən ərizə verilərək avtomobilin üzərinə həbs qoyulması tələb edilmişdir. O, isə avtomobilin 2008-ci ilin iyul ayının 27-dən əlindən zorla alındığını bildirdikdən sonra məhkəmə həmin tələbi rədd edərək avtomobilin Bankda olması səbəbindən vəsatəti təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 21.07.2011-ci il tarixində qətnamə qəbul edərək ondan "xxxx" ASC-nin “Sənaye” filialının xeyrinə 25230 ABŞ dolları əsas, 7368 ABŞ dolları faiz, 2500 ABŞ dolları dəbbə pulu olmaqla ümumillikdə 35098 ABŞ dollarının tutulması və tələbin “Mersedes Benz320D” minik markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsini qət etmişdir. Bundan sonrakı proseslərdən onların xəbəri olmamışdır. 2020-ci ilin yanvar ayının ortalarında "xxxx" MMCdən ünvanına gələn məktubdan sonra avtomobilin 1800 manat hərraca çıxarıldığını öyrənmişdir. Bundan sonra Xətai Rayon Məhkəməsinə və Xətai rayon İcra və probasiya şöbəsinə müraciət edərək bunun nə iş olduğu ilə maraqlanmışdır. İşlə tanış olan zaman onlara məlum olmuşdur ki, Xətai Rayon Məhkəməsinin 21.07.2011- ci il tarixli, 2(011)-2924/2011 saylı qətnaməsi üzrə tələb hüququnun idarə edilməsi “X5 edilməsi Agentliyi” MMC-yə keçmişdir. Həmçinin həmin qətnamə 24.08.2011-ci il tarixində icraya yönəldilmiş və avtomobil 28.01.2013-cü il tarixində 3187 manat 50 qəpiyə "xxxx" ASC-ə satılmışdır. Bununla bağlı Məhkəmənin diqqətinə çatdırır ki, 2011-ci il tarixində Xətai rayon İcra Şöbəsində icraata başlanıldıqdan sonra o, həmin şöbəyə dəvət edilmişdir və ondan avtomobilin təhvil verilməsi tələb edilmişdir. 14.09.2011-ci il tarixində həmin şöbədə onun izahatı alınarkən avtomobilin 27.07.2008-ci il tarixində Bankın əməkdaşları tərəfindən əlindən alındığını və hazırda Xətai rayonu ərazisində yerləşən “Neapol” dairəsi deyilən yerdə binanın həyətində saxlanıldığını bildirmişdir. Bundan sonra icra məmurları tərəfindən 14.09.2011-ci il tarixində akt tərtib edilərək avtomobilin həqiqətən də "xxxx" ASC-in əməkdaşları tərəfindən həmin yerə saxlanca təhvil verildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 14.06.2012-ci il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Ekspert Rəyindən görünür ki, əmlaka həmin tarixdə 5000 manat qiymət qoyulmuşdir. Tamamilə saxta və qanunsuz olan bu qiymətlənmə rəyi əsasında əmlak hərraca çıxarılmış və 28.01.2013-cü il tarixli “X4 06/55 saylı Protokol əsasında əmlak Banka satılmışdır. Əmlakı əldə edən bank öz növbəsində 16.07.2013-cü il tarixli məktubu ilə əmlakı hərracdan aldıqları üçün avtomobilin üzərindəki məhdudiyyətin götürülməsi ilə bağlı Xətai rayon İcra şöbəsinə məktubla müraciət etmişdir. Lakin hansısa bilmədiyi səbəblərdən bu günə kimi avtomobili Bankın mülkiyyətinə keçirməmiş və onun mülkiyyətində saxlamaqdadır. Bütün bu icra hərəkətləri edildikdən sonra avtomobil 2008-ci ildən 2011-ci ilə kimi qanunsuz olaraq Bankın əməkdaşları tərəfindən istifadə edilərək yararsız hala salındıqdan sonra 2013-cü ildə həmin avtomobili dəyərindən 10 dəfə aşağı qiymətə əldə edən Bank hazırda həmin avtomobili daha da aşağı qiymətlə, 1800 manata təkrar əldə etmək istəyir. Bu qədər qanunsuzluq və hüquqsuzluqla məşğul olan bir təşkilat barəsində isə müvafiq tədbirlər görməli olan dövlət orqanları isə bu işə heç bir münasibət göstərmirlər. Necə ola bilər ki, Bankın özü tərəfindən 2007-ci ildə 38000 ABŞ dolları dəyərində qiymətləndirilən avtomobil qısa bir zamanda bu qədər qiymət itirmiş olsun. Həmin avtomobil onun əlindən 2008-ci il tarixində alınan zaman tam istifadəyə yararlı və saz vəziyyətdə idi. Həmin avtomobilə 2008-ci il tarixində 47000 manata müştəri gətirdiyi halda Bankın əməkdaşları bu işi özləri həll edəcəklərini bildirmişlər. Cinayət yolu ilə avtomobilinin əlindən alınaraq yararsız hala salınaraq ucuz qiymətə satışını təşkil edən "xxxx" ASC ona küllü miqdarda zərər vurmuşdur. Belə ki, avtomobili aldıqları zaman onun real bazar dəyəri 50000 manatdan yuxarı idi. ABŞ dollarının rəsmi məzənnəsi isə 0.809 qəpik təşkil edirdi. Məhkəmənin öz qətnaməsi ilə müəyyən etdiyi 35098 ABŞ dolları borc Azərbaycan manatına münasibətdə 28395 manat təşkil edirdi. Avtomobili isə Bank özü 38000 ABŞ dolları, Azərbaycan manatına münasibətdə 30742 manat dəyərində qiymətləndirmişdi. Bu rəqəmlərlə hesabladıqda Banka olan borcu tam şəkildə bağlandığı halda Bankın əməlləri nəticəsində əmlakı məhv edilmiş və hazırda məhkəmə qətnaməsi üzrə küllü miqdarda borcu qalmaqdadır. Avtomobili alan zaman o nəğd olaraq 10000 manat pul ödəmiş qalan məbləğ isə bank krediti yolu ilə (26000 ABŞ dolları) verilmişdir. Həmin avtomobili o, 38500 ABŞ dollarına almışdır. Həmin avtomobilin dəyəri 2007-ci il tarixində orta qiymət olaraq 38000 manat (47500 ABŞ dolları), 2008-ci il tarixində 35000 manat (43750 ABŞ dolları) təşkil edirdi. 2012-ci il tarixində 32000 manat (40000 ABŞ dolları) təşkil edirdi. Qiymətləndiricinin bu rəyindən də göründüyü kimi "xxxx" MMC-nin 14.06.2012-ci il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Ekspert Rəyi tam qanunsuz və əsasızdır. Bunu sübut edən "xxxx" MMC-nin MMC-nin qiymətlənmə rəyi iş materiallarına əlavə edilmişdir, (həmin dövrdə ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi 0.809 qəpik təşkil edirdi). Avtomobil qanunsuz olaraq əlindən alınaraq qanunsuz olaraq istismar edilərək dəyərinin azaldılması bir başa Bankın günahıdır. Bu qanunsuzluğuna görə Bank ona zərər vurmuşdur. Göründüyü kimi "xxxx" ASC ona 47500 ABŞ dolları məbləğində zərər vurmuşdur. Həmin dövrdə avtomobil normal qaydada, qanunvericiliyin təlbinə uyğun şəkildə satılsaydı həm Bankın borcu tam bağlanar həm də satışdan əldə edilən məbləğ ona qaytarılardı. Avtomobilin ümumi dəyərindən qətnamə üzrə borcu çıxdıqda Bank tərəfindən ona 12402 ABŞ dolları qaytarılmalı olduğu adi bir riyazi hesablama ilə müəyyən edilir. (47500-35098=12402). Avtomobilin 2008-ci il tarixində onun əlindən alınmasını təsdiq edəcək şahidləri həmçinin İcra şöbəsini tərtib etdiyi müvafiq akt var. "xxxx" ASC-nin “Sənaye” filialının əməkdaşlarının ona qarşı törətdiyi qanunsuz əməlləri nəticəsində vurulmuş zərəri "xxxx" ASC tam şəkildə ödəməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi zərərə görə 12956 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 7 manatı, cəmi 12963 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 18.09.2007-ci il tarixində "xxxx" ASC ilə iddiaçı arasında 680 saylı kredit müqaviləsi bağlanmış və 18 ay müddətinə, illik 23 faiz olmaqla 26000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi cavabdehlə iddiaçı arasında 18.09.2007-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq 2002-ci il buraxılış ili olan “Mercedes BENZ-320 CDİ markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin avtomobil "xxxx" ASC-nin “Sənaye” filialı tərəfindən satışa çıxarılmışdır. Müqavilə bağlanan zaman həmin avtomobil Bank tərəfindən 38000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Daha sonra ödənişlərdə müəyyən problemlər yarandıqdan sonra 27.07.2008-ci il tarixində zorla həmin avtomobil yolda iddiaçıdan alaraq aparılmışdır. Dəfələrlə müraciət elməsinə, avtomobili tələb etməsinə baxmayaraq, nə avtomobil barədə ona məlumat verilmiş, nə də avtomobilin satılaraq borcun bağlanmasına yönəldilməsi istiqamətində iş aparılmışdır. Bankın əməkdaşları hər müraciətdən sonra narahat olmamağı, avtomobili sataraq borcu bağlayacaqlarını bildirirmişlər. Bank tərəfindən avtomobil zorla alındıqdan təxminən 3 ilə yaxın bir müddət keçdikdən sonra Xətai Rayon Məhkəməsində iddiaçıya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka əmlaka yönəldilməsi tələbinə dair iddia qaldırılmışdır. Məhkəmə qətnaməsində təqdim edilən sübutlar tam araşdırılmış lakin son olaraq vurulmuş zərərin müəyyən edilməsi ilə bağlı hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsinin 10-cu səhifəsinin 3-cü abzasında məhkəmə belə bir nəticəyə gəlir ki, “tutmanın ipoteka predmetinə yönəldilməsi məqsədi ilə 2012-ci ildə keçirilmiş hərracın nəticəsində ipoteka predmeti olan əmlak 23000 manat ilkin satış qiyməti ilə həqiqətən hərraca çıxarılacağı, avtomobilin ilkin satış qiymətini təşki edən məbləğdən 15% və daha sonra 25 % aşağı qiymət ilə stılacağı təqdirdə iddiaçının borcu 14 666 manat məbləğində azala bilərdi.” Məhkəmənin bu qənaəti heç də ədalətli olmamışdır. Əgər həmin əmlakı iddiaçı satmış olsaydı, daha baha qiymətə, ən azından 27000 manat sata bilərdi. Həmin dövrdə isə avtomobil ticarəti ABŞ dolları ilə aparıldığı, ABŞ dollarının Azəraycan manatına nisbətdə daha ucuz olması halları nəzər alınmaqla iddiaçı (2008-ci il, iyul: 1 ABŞ dolları - 0.809 manat) əmlakın satışından daha çox vəsait əldə edə bilərdi. Digər tərəfdən məhkəmənin hərracın keçirilməsi üsuluna əsaslansa, ehtimal var idi ki, avtomobil ilkin hərracdan da satıla bilsin. Məhkəmə 2008-ci ildə avtomobilin qanunsuz olaraq alınmasını müəyyən etsə də, 2012-ci ildə hərraca çıxarılmış kimi hesablamaqla da düzgün nəticəyə gəlməmişdir. Cavabdeh təşkilat avtomobili iddiaçıdan zorla aldıqdan sonra 3 il sonra məhkəməyə müraciət etmiş və 2012-ci ilin sonunda hərrac keçirilmişdir, bu halın özü də mülki hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kredit üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bank tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunaraq İddiaçı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia qaldırılmışdır. Xətai Rayon Məhkəməsinin 21.07.2011-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Bankın “Sənaye” filialının xeyrinə 25230 ABŞ dolları əsas, 7368 ABŞ dolları faiz, 2500 ABŞ dolları dəbbə pulu olmaqla ümumillikdə 35098 ABŞ dollarının tutulması və tələbin “Mersedes Benz- 320D” minik markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsini qət etmişdir. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Xətai Rayon Məhkəməsinin 21.07.2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün 24.08.2011-ci il tarixli icra vərəqəsi ilə birlikdə Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İş üzrə icraata başlandıqdan sonra İcra şöbəsinin sifarişinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin 14.06.2012-ci il tarixli Əmlakın Qiymətləndirilməsi barədə ekspert rəyi ilə iddiaçıya məxsus “Mersedes Benz-320D” minik markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilə 5000 manat qiymət qoyulmuşdur. Daha sonra keçirilmiş hərracın və təkrar hərracın baş tutmaması səbəbindən əmlak tələbkar banka təklif olunmuş və Azərbaycan Respublikası “Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin 28.01.2013-cü il tarixli “X4” 06/55 saylı Protokolu əsasında 3187 manat 50 qəpiyə “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə satılmışdır. Nəsimi Rayon Məhkəməsi iddiaçıya dəymiş zərərin bankdan tutulmasını təmin etdiyi etdiyi qərarında iddiaçının məhz 13 il sonra avtomobilə dəymiş zərərlə iddia qaldırmasının hüquqi əsaslarını araşdırmadan buna dair əsaslandırıcı nəticəyə gəlməkdə kobud səhvə yol vermişdir. Avtomobilin məhz bankın hansı əməkdaşı tərəfindən iddiaçıdan alındığı və Xətai rayonu ərazisində yerləşən saxlanca yerləşdirilməsi, avtomobilin saxlanca kim tərəfindən təhvil verildiyi və bu halı təsdiq edə biləcək hər hansı bir hüquq müəyyənedici sənədin (təhvil-təslim barədə akt, saxlanc arayışı, ərizə, təhvil verənin adı,soyadı və sair) olmadığı halda məhkəmənin icra məmuru tərəfindən iddiaçının izahatı əsasında birtərəfli qaydada tərtib edilmiş akta əsaslanaraq qətnaməsi qəbul etməsi bankın ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxarmışdır. İddiaçı ona məxsus olan əmlakın qanunsuz sahiblikdən azad olunması üçün qanunvericiliyin ona tanıdığı hansı hüquqlardan istifadə etmişdir. Niyə ilk olaraq 2008-ci il tarixdə və ondan sonra Xətai Rayon Məhkəməsinin 21.07.2011-ci il tarixli qətnaməsinin icrası zamanı adıçəkilən birtərəfli aktı tərtib etmiş icra məmurundan mülkiyyətini geri tələb etməmişdir. İddiaçı, banka olan borcunu qaytara bilməməsi səbəbindən hadisələrin bu məcrada davam etməsini bilmiş, bunu arzulamış, bununla da avtomobilin borca münasibətdə əvəzləşdiriləcəyini güman etdiyindən bilərəkdən gözləmə mövqeyi tutmuş, yalnız 13 il sonra ona məxsus olan avtomobilə zərər vurulması iddiası ilə məhkəməyə müraciət etmişdir. İddiaçının ona məxsus “Mersedes Benz 320D” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qiyməti 5000 manat təşkil etmişdir. Yəni, iddiaçı ona məxsus olan avtomobilin hərraca ilkin satış qiymətinin 27000 manat deyil, məhz 5000 manat təşkil etdiyini bilmiş, bundan onun məlumatı olmuşdur. Lakin iddiaçı qeyd edilən hərracla da bağlı hər hansı bir iddia, tələb irəli sürməmiş (qiymətləndirmə rəyinin ləğvi, keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və sair) və bir növ ona məxsus əmlakının 5000 manat ilkin qiymətlə hərraca çıxarılmasına özünün hərəkətsizliyi ilə razı olmuşdur. “Azərbaycan Beynəlxalq Bankı" ASC öz növbəsində Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə 25.12.2012-ci il tarixli məktubla müraciət edərək, Bankın İddiaçı məxsus “Mersedes Benz 320D" minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qeyd olunmuş qiymətlə, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə alınmasına etirazının olmadığını bildirmişdir. Bununla bağlı tərəflər arasında X4 28.01.2013-cü il tarixli, 06/55 saylı protokol imzalanmış, “Mersedes Benz 320D" minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ilkin satış qiyməti 5000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olan qiyməti isə 3187,5 manat müəyyən edilmiş və həmin qiymətə Bankın balansına keçirilmişdir. Bank olaraq əmlakın müəyyən olunmuş qiymətə balansa qəbul edilməsi ilə bağlı icra işi Xətai rayon icra şöbəsi tərəfindən həyata keçirilmiş, əmlakın qiymətləndirilməsi, hərracdan satılması məhz həmin qurum və Hərrac təşkilatı tərəfindən həyata keçirilmişdir. Bank icra işində yalnız formal prosessual tərəf olaraq ona edilən təklifləri dəyərləndirmişdir. Avtomobilin məhz Bank əməkdaşı tərəfindən iddiaçıdan alınmasını sübut edən yeganə fakt Xətai rayon İcra şöbəsinin icra məmuru S.Bahadırovun tərtib etdiyi aktdır ki, həmin aktın tərtib edilməsində Bank əməkdaşının iştirakı və imzası yoxdur. Yalnız deyilən sözlərdən və ehtimallardan ibarət olan akt hüquqi əsas kimi qəbul edilə bilməzdi. Qeyd edilən əməlin Bank əməkdaşı tərəfindən törədilməsi və ümumiyyətlə bu hadisənin Bankla nə kimi əlaqəsinin olması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən hal isə məhkəmə tərəfindən nəzərə alınmamış, sonda iddiaçının xeyrinə qanunsuz qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, iş materiallarından görünür ki, ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 18.09.2007-ci il tarixli, 680 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı tərəf olduğu 18.09.2007-ci il tarixli, 680 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq “Mersedes Benz 320CDİ” minik markalı avtomobil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.07.2011-ci il tarixli, 2(011)-2994/2011 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25.230 (iyirmi beş min iki yüz otuz) ABŞ məbləğində əsas kredit borcu, 7.368 (yeddi min üç yüz altmış səkkiz) ABŞ dolları məbləğində hesablanmış faiz borcu, 2.500 (iki min beş yüz) ABŞ dolları dəbbə pulu, cəmi 75.098 (otuz beş min doxsan səkkiz) ABŞ dollar məbləğində borc (ödənildiyi anda Azərbavcan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı mülkiyyətində olan “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı bankda girov qoyulmuş avtomaşına yönəldilərək, ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərrac yolu ilə satılması, borc məbləğinin ödənildikdən sonra qalan pul vəsaiti mülkiyyətçi İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin 24.08.2011-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişin surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 23.08.2011-ci il tarixli, 2(011)-2994/2011 saylı icra sənədi üzrə Xətai rayon icra şöbəsi tərəfindən icraat başlanılmış və həmin tarixdə İddiaçı bildiriş göndərilmişdir. 14.09.2011-ci il tarixdə Xətai rayon icra şöbəsinin böyük icra məmuru Ş.Bahadırov tərəfindən tərtib edilmiş aktdan görünür ki “İcra sənədinin icrası zamanı borclu İddiaçı izahat verərək banka qoyulmuş avtomaşının onda olmadığını, avtomaşının tələbkar təşkilatın işçiləri tərəfindən 2008-ci ildə alındığını və Xətai rayonu ərazisində saxlanıldığını bildirmişdir. Məlum oldu ki, həqiqətən borclunun mülkiyyətində olan “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Telnov küçəsində həyətdə saxlanılır. Sözügüdən avtomobilin "xxxx" ASC-nin işçiləri tərəfindən təhvil verildiyi, xeyli müddətdir ki, burada saxlanıldığı, avtomobilin akkumulyator batareyasının işləmədiyi müəyyən edilmişdir”. Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 14.09.2011-ci il və 07.02.2012-ci il tarixli eyni məzmunlu məktublardan görünür ki, icra sənədinin icrasını tələbə uyğun həll edilməsi üçün adı çəkilən avtomaşını və avtomaşının qeydiyyat şəhadətnaməsini təcili olaraq Xətai rayon icra şöbəsinə təhvil verilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 14.06.2012-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus “Mersedes Benz 320D” minik markalı 10-RP965 dövlət qeydiyyat nişanlı avtomobilinin qiyməti 5000 manat təşkil edir. Hərracın keçirilməsi barədə 08.09.2012-ci il və 22.09.2012-ci il tarixli bildirişdən görünür ki, İddiaçı məxsus “Mersedes Benz 320D” minik markalı 10- RP-965 dövlət qeydiyyat nişanlı avtomobilinə dair hərracın 08.10.2012-ci il tarixdə keçirilməsi ilə bağlı məlumat verilmişdir. “Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin "xxxx" ASC-yə, İddiaçı və Bakı şəhəri Xətai rayon icra şöbəsinə ünvanladığı 10.12.2012-ci il tarixli, 2665 nömrəli məlumatdan görünür ki, "xxxx" ASC-yə İddiaçı məxsus “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 gün müddətində almaq üçün müqavilə bağlaması və əks halda işin sifarişçi icra şöbəsinə qaytarılması barədə xəbərdar olunmuşdur. “Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 28.12.2012-ci il tarixli məktubdan görünür ki, “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair açıq hərraclar yekunlaşdırılmışdır. Əmlakın bankın mülkiyyətinə verilməsi üçün nümayəndəsinin iştirakını təmin etməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə” ünvanlanmış 25.12.2012-ci il tarixli məktubdan görünür ki, Bankın İddiaçı məxsus “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qeyd olunmuş qiymətlə, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə alınmasına etirazı yoxdur. X4 06/55 saylı, 28.01.2013-cü il tarixli protokoldan görünür ki, “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 5000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olan qiyməti 3187,5 manat müəyyən edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28.01.2013-cü il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Mercedes Benz 320D markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3187,5 manata əldə etmişdir. “Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin direktoru tərəfindən Xətai rayon icra şöbəsinin rəisinə ünvanlanmış 28.01.2013-cü il tarixli məktubdan görünür ki, 28.01.2013- cü il tarixdə təqdim edilən sifarişə əsasən auksion mərkəzi tərəfindən hərrac keçirilmişdir. Hərracda müəyyən olunmuşdur ki, 17/74 14783/2 saylı, 31.07.2012 ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Mercedes Benz 320D markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 35098 dollar tələbi olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7 maddəsinə əsasən 3187,5 manata tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti əldə etmişdir. Hərracın keçirilməsi barədə 13.12.2019-cu il və 27.12.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı “Mersedes Benz 320D” minik markalı 10- RP-965 dövlət qeydiyyat nişanlı avtomobilinə dair hərracın 14.01.2020-ci il tarixdə saat 11:00-da keçirilməsi ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirmə şirkətinin 13.02.2020-ci il tarixli hesabatından görünür ki, “Mersedes Benz GLS320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin bazar dəyəri 2008-ci il üzrə 28.800 manat, 2012-ci il üzrə 25900 manat hesablanmışdır. AA 994072 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında müəyyən edilmişdir ki, “Mersedes Benz 320D” minik markalı **- RP-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi İddiaçıdur. BDYPİ Qeydiyyat-imtahan İdarəsinin rəis müavini tərəfindən ünvan 4 ünvanlanmış 02.04.2020-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına “MERCEDES BENZ 320D” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.09.2007-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı adına qeydiyyata alınmış, 19.02.2020-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılmışdır. Sözügedən avtomobilə 27.02.2020-ci il tarixdə hərrac protokolu əsasında **-DS-*** dövlət qeydiyyat nişanı təhkim edilərək ünvan 6 ünvanında qeydiyyatda olan 24.01.1982-ci il təvəllüdlü X2 adına rəsmiləşdirilmişdir (kompüter çıxarışı əlavə olunur). 20.09.2017-ci il tarixli, S-AVK-665 saylı aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı cəmi 35098 ABŞ dolları borcunun tələb hüququnu "xxxx" QSC-yə güzəşt etmişdir. "xxxx" QSC BOKT tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 35098 ABŞ dolları məbləğində borcu "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" QSC-yə 20.09.2017-ci il tarixdə ötürülmüşdür. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 03/01 nömrəli, 14.01.2020-ci il tarixli X4 Protokoluna əsasən İddiaçı məxsus Mercedes Benz 320D markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobil 1800 manata hərracdan X1. Həmin vəsait konvertasiya olunaraq 1053,56 ABŞ dolları İddiaçı kredit borcundan azaldılmışdır. Nəticədə İddiaçı 04.05.2021-ci il tarixə "xxxx" QSC-yə olan borcu 34.044,44 ABŞ dolları (24176,44 USD və 9868,00 USD faiz borcu). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında iddiaçının tələbinin əsaslı olmasına dair hər hansı sübut mövcud deyildir. İddiaçı ona məxsus olmuş nəqliyyat vasitəsinin onun sahibliyindən qanunsuz olaraq alındığını, bunun nəticəsində ona ziyan dəydiyini, bu hərəkətlərin məhz cavabdehin əməkdaşları tərəfindən icra edildiyini iddia etsə də, bunu sübut edəcək mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Xətai rayon icra şöbəsinin böyük icra məmuru Ş.Bahadırov tərəfindən tərtib edilmiş 14.09.2011-ci il tarixli aktdan “Mersedes Benz 320D” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki xidmət üzrə servis mərkəzinə gətirən şəxslərin adı, soyadı, onların "xxxx" ASC-nin işçiləri olub-olması, banka hər hansı aidiyyətinin olması görünmür. Digər tərəfdən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 21.07.2011-ci il tarixində qətnamə qəbul edərək ondan "xxxx" ASC-nin “Sənaye” filialının xeyrinə 25230 ABŞ dolları əsas, 7368 ABŞ dolları faiz, 2500 ABŞ dolları dəbbə pulu olmaqla ümumillikdə 35098 ABŞ dollarının tutulması və tələbin “Mersedes Benz320D” minik markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsini qət edilmiş, həmin qətnamədən hazırki iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə qüvvəyə minmişdir. Bununla yanaşı hazırki iş üzrə iddiaçı həmin əmlakla bağlı keçirilən hərraclara dair hər hansı iradının olmasına istinad etməmiş, avtomaşının hərracda ilkin satış qiymətinin 5000 manat təşkil etməsi barədə qiymətləndiricinin 14.06.2012-ci il tarixli rəyini və hərracın nəticələrini mübahisələndirməmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(006)-286/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar