Məhkəmə qərarları › İş №2(103)-8740/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8740/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8740/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(006)-1367/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər LPO QSC "xxxx" KB və qeyrilərinə qarşı «borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin tam təmin edilməsi, onunla ləğv prosesində olan QSC "xxxx" KB-nin “Lənkəran” filialı arasında bağlanmış 160/06/430/15 saylı, 12 avqust 2015-ci il tarixli Kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalivasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliklərinin artan 12675 (on iki min altı yüz yetmiş beş) manat ekvivalentində olan hissəsinin icrasından azad edilməsi, bank əməliyyat sistemində həmin kredit müqaviləsi üzrə təşəkkül tapmış borc məbləğinin istinad olunan “Kredit müqaviləsi”nin 9.1-ci maddəsində nəzərdə tutulmuş fors-major halın, yəni devalivasiyanın baş verməsindən sonra manat ekvivalentində artmış hissəsinin, 12675 (on iki min altı yüz yetmiş beş) manat ekvivalentində olan hissəsinin silinməsinin ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi; onunla ləğv prosesində olan QSC "xxxx" KB-nin “Lənkəran” filialı arasında bağlanmış 160/06/430/15 saylı, 12 avqust 2015-ci il tarixli Kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalivasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliklərinin artan 12675 (on iki min altı yüz yetmiş beş) manat ekvivalentində olan hissəsinin silinməsi barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(006)-1367/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, həmçinin şikayətdə göstərilmişdir ki, qətnamə qanunsuz, əsassız, qeyri-obyektiv olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki , birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə İddiaçı arasında bağlanmış 12.08.2015-ci il tarixli, 160/06/430/15 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı illik 21 faiz hesablanmaqla 36 ay müddətinə 19500 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavlədə göstərilən müddətdə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(049)- 3068/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 16298,94 ABŞ dolları məbləğində əsas borc, 2666.07 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə üzrə borc, cəmi 19465.01 (on doqquz min dörd yüz altımış beş dollar 01 sent) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altımış) manat məbləğində dövlət rüsumunun iddiaçı Ləğv prossesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulması, tutmanın Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 44 kv.m. yaşayış, 127.6 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 44 kv.m. yaşayış, 127.6 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 60 000 (altımış min) manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin Banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı və X1 ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın 04.06.2020-ci il tarixli, 2(106)- 57/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nın cavabdehlər İddiaçı və X2 qarşı kredit müqaviləsi üzrə əsas borc, hesablanmış faizlərin, cərimənin ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(049)-3068/2018 saylı qətnaməsinin cavabdeh İddiaçı apelyasiya şikayətinə əsasən dəyişdirilməsi, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 16.044,62 (on altı min qırx dörd tam yüzdə altmış iki) ABŞ dolları məbləğində əsas borc, 2666.07 (iki min altı yüz altmış altı tam yüzdə yeddi) ABŞ dolları məbləğində faiz borcu, 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19210,69 (on doqquz min iki yüz on tam altmış doqquz) ABŞ dolları məbləğində borcun tutulduğu anda Azərbaycan Respublikası mərkəzi bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi uyğun tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart" КВ-yə ödənilməsi, qətnamənin nəticə hissəsindən “həmin əmlakın açıq hərrac yolu ilə satılması satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı və X1 ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” sözlərinin xaric edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, QSC "xxxx" KB ilə İddiaçı arasında bağlanmış 12.08.2015-ci il tarixli, 160/06/430/15 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı illik 21 faiz hesablanmaqla 36 ay müddətinə 19500 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavlədə göstərilən müddətdə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ödəməli olduğu kredit məbləğini banka ödəyə bilmədiyindən onun QSC "xxxx" KB-yə borcu yaranmışdır. Bununla əlaqədar, LPO QSC "xxxx" KB məhkəməyə müraciət olunmuş, Şirvan Apellyasiya Məhkəməsi MKnın 04.06.2020-ci il tarixli, 2(106)-57/2020 saylı qətnaməsilə İddiaçı və X1 (zamin) müştərək qaydada 16.044,62 ABŞ dolları əsas borc, 2666.07ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19210,69 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Hazırda iddiaçı ölkədə baş verən devalvasiya ilə əlaqədar aralarında bağlanmış kredit müqaviləsinin 9.1-ci bəndini əsas götürərək devalvasiyanın baş verməsindən sonra kredit borcunun manat ekvivalentində artmış hissənin, yəni 12675 manat hissəsinin silinməsini tələb edir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.1-bəndinə görə qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, 2015-ci il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən birincisi 34%, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya həyata keçirildi ki, ikinci devalvasiya zamanı, yəni 2015-ci ilin dekabrın 21-də 1 dollar 1,55 manata bərabər edilərkən “üzən məzənnə” rejiminə keçildiyi bəyan olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, tərəflər aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən öhdəliklərin qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində icrası mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.1-ci bəndini əsas götürərək, habelə devalvasiya baş verdikdən sonra iddiaçının öhdəliklərinin məbləğinin manat ekvivalentində birdən-birə 50%-dən çox artmasını nəzərə alaraq, hesab edir ki, kredit müqaviləsinin bu bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliyin müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan ekvivalentinin Azərbaycan Respublikası Mərkəzi X5 21 dekabr 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində iddiaçıya zərər dəyməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə 12.08.2015-ci il tarixli, 160/06/430/15 saylı kredit müqaviləsi üzrə qalıq borcun məbləğinin qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsi MK-nın 04.06.2020-ci il tarixli, 2(106)-57/2020 saylı qətnaməsinə əsasən hesablandığını, hazırki işin başlanmasına əsas olan iddia ərizəsində öz əksini tapan xüsusatlar barədə İddiaçı LPO QSC "xxxx" KB-nin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair mülki işə baxılarkən məlumatlı olduğunu nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, iddiaçı cavabdehlə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən iddiaçı həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da cavabdehin mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də iddiaçıdan qaytarmaq hüququ vardır. Kredit və ipoteka müqavilələrində kreditin ABŞ dolları ilə verilməsi açıqaşkar görünür. İddiaçının müqavilələr bağlanarkən bunları görməməsi mümkünsüzdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 7 sentyabr 2018ci il tarixli qərarında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Bu qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Nəzərə alınmalıdır ki, maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır. İkincisi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərardadı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni iddiaçının silinməsini tələb etdiyi məbləğ də daxil olmaqla borc məbləğinin tutulması və s. hallar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(006)-1367/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar