Məhkəmə qərarları › İş №2(103)-8753/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8753/2021

30.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8753/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “zamin tərəfindən ödənilmiş məbləğin reqres qaydasında geri alınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(003)-2775/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən və "xxxx" QSC-dən onun xeyrinə 021R**********S saylı kredit müqaviləsi üzrə ödədiyi məbləği, iş üzrə ödədiyi dövlət rüsumunu və vəkilə çəkdiyi xərclərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(003)-2775/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 27.07.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə Qarabağ şəhidi ailəsi, eyni zamanda Qarabağ əlili ailəsi olduğunun nəzərə alınması və işin təkrar icraata götürülməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, qardaşı ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur, ailə olaraq şəhid ailəsi statusu daşıyırlar. Şəhid ailəsi üzvü olduğuna görə dövlət rüsumunu ödəməmək hüququ var. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh qeyd etdi ki, iddiaçı həqiqətən şəhid ailəsi üzvüdür, buna görə şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəməyə verilən iddia üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməli olduğu halda iddiaçı bunu etməmiş, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırması üçün 14 iyul 2021-ci il tarixədək müddət müəyyən edilmiş, həmin müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. İddiaçı şikayətində göstərmişdir ki, Qarabağ şəhidi ailəsidir. Apelyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, o, həqiqətən şəhid ailəsi üzvüdür. Doğum haqqında şəhadətnamədən görünür ki, X1 Ramiz Əlihümmət oğlunun anasıdır. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş 007077 nömrəli vəsiqədən görünür ki, X2 (iddiaçının anası) şəhid ailəsidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd olunan halları araşdırmadan ərizənin baxılmamış saxlanılması barədə nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(003)-2775/2021 saylı qərardad ləğv edilsin və İddiaçı Cavabdeh qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “zamin tərəfindən ödənilmiş məbləğin reqres qaydasında geri alınması tələbinə dair” mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar