Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8758/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(003)-17/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh1 İmamkişi oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmə əmrinin verilməsi tələbi ilə məhkəməyə müraciət edərək borclulardan 3364,13 manat məbləğində əsas borcun, 196,07 manat məbləğində faiz borcunun və 20,00 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22 iyun 2018-ci il tarixli, 2(003)-2806/2018 saylı əmri ilə borclular Cavabdeh1 İmamkişi oğlundan, Cavabdeh2 və Cavabdeh3 3560,20 manat məbləğində əsas borcun və 20,00 manat dövlət rüsumunun kreditor “Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 sözügedən əmrə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Məhkəmənin 12 iyul 2018-ci il tarixli qərardadı ilə məhkəmənin 22 iyun 2018-ci il tarixli, 2(003)-2806/2018 saylı əmri ləğv edilmiş və iş materialları iddia icraatına keçirilmişdir. Məhkəmənin 27 may 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 İmamkişi oğluna aid hissədə iş üzrə icraata xitam verilmişdir. İddia onunla əsaslanıdırılmışdır ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 İmamkişi oğlu arasında bağlanmış 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədi üçün illik 25 % olmaqla, 36 ay müddətinə 6645,61 manat məbləğinədək kredit verilmişdir. Habelə 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinin təminatı qismində Bank "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini davamlı şəkildə pozmuşdur. Cavabdehlərə bununla əlaqədar xəbərdarlıq məktubu göndərilmiş, lakin onlar tərəfindən ödəniş aparılmamışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(003)-17/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada əsas borc üzrə 3364,13 manat, faiz borcu üzrə 196,07 manat, cəmi 3560,20 (üç min beş yüz altmış, iyirmi) manat və ödənilmiş dövlət rüsumu üzrə 20 (iyirmi) manat məbləğində pulun tutularaq, Bank "xxxx" ASCyə ödənilməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(003)-17/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə cavabdehlərin məhkəmə iclasında iştiraklarının təmin edilməsi üçün rəsmi bildiriş göndərməmiş, beləliklə prosessual normanın pozuntusuna yol vermişdir. Belə ki, pandemiya dövründə cavabdehlərin ödəniş imkanları məhdud olduğundan ödənişləri gecikmiş, Bank "xxxx" ASC tərəfindən isə əsassız olaraq faiz borcları hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh3 ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə həmin cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə Cavabdeh3 lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinən əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh1 İmamkişi oğlu arasında bağlanmış 14 aprel 2016-cı il tarixli kredit müqaviləsindən aydın olur ki, cavabdehə istehlak məqsədi üçün illik 25 % olmaqla, 36 ay müddətinə 6645,61 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 İmamkişi oğlu 16 may 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli zaminlik müqaviləsindən aydın olur ki, zaminlər, borclunun 14 aprel 2016cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 11 iyun 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İmamkişi oğlunun banka 3364,13 manat məbləğində əsas borcu, 196,07 manat məbləğində faiz borcu, cəmi 3560,20 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişin surətindən aydın olur ki, yaranmış borc məbləğini ödəməsi borclulara təklif edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, Bank "xxxx" ASC hazırkı iddia üzrə 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından Bank "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 İmamkişi oğlu 17.05.2018-ci il tarixdə vəfat etmiş və qeyd edilən tarixə onun gekcikmə günü 93 gün təşkil etmişdir. 11.06.2018-ci il tarixə Cavabdeh1 İmamkişi oğlunun banka əsas borc məbləği 3364,13 manat, faiz borcu 196,07 manat, cəmi borc 3560,2 manat təşkil edir. İş materiallarından Bakı şəhəri Xəzər RİH Başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05.10.2021-ci il tarixli, 183 saylı məktubundan görünür ki, Cavabdeh1 İmankişi oğlu 16.05.2018-ci il tarixdə vəfat etmişdir. Ölən günə kimi Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 33-də qeydiyyatda olub. Həmin ünvanda bacısı X3, qohumu X9, oğlu X8, oğlu Cavabdeh2, nəvəsi Cavabdeh1 Etibar oğlu qeydiyyatdadırlar. Mərhum Cavabdeh1 İmankişi oğlunun adına daşınmaz əmlakın olub-olmamsı barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinin 06.10.2021-ci il tarixli, 05/7345-11 saylı məktubuna əsasən “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Cavabdeh1 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakaıları qeyd edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdeh1 İmamkişi oğluna vermiş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 İmamkişi oğlunun iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icrasına görə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürdüyündən, onların subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, əsas borclu Cavabdeh1 İmamkişi oğlu vəfat etdiyindən iddiaçı qarşısında cavabdeh olan zaminlər Cavabdeh2 və Cavabdeh3 birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Göründüyü kimi, borclu Cavabdeh1 İmamkişi oğlunun mirası qəbul etmiş vərəsələri müəyyən olunmadığından, bundan əlavə Cavabdeh1 İmamkişi oğlunun öldüyü vaxta öhdəliyinin icra olunmaması ilə bağlı gecikməsi müəyyən olunduğundan, zaminlər onun yaranmış öhdəliyinə görə birgə məsuliyyət daşıyırlar. Buna görə də, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan, təmin edilməlidir. Kollegiya apellyatorların borcun artıq hesablanması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyatorlar işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli, onlardan 20 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(003)-17/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə 3364,13 manat, faiz borcu üzrə 196,07 manat, cəmi 3560,20 (üç min beş yüz altmış, iyirmi) manat məbləğində pul tutulmalı, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh3 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(003)- 17/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 3364,13 (üç min üç yüz altmış dörd manat on üç qəpik) manat əsas, 196,07 (yüz doxsan altı manat yeddi qəpik) manat faiz, cəmi 3560,20 (üç min beş yüz altmış manat iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumu 20 (iyirmi) manat tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8758/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8758/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver